Əhməd əl-Şaraa Putinlə görüşdə iki əsas məsələni müzakirə etməyi planlaşdırır
Suriya Prezidenti Əhməd əl-Şaraa bu gün Moskvaya səfər edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Şaaranın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə iki əsas məsələni müzakirə etməyi planlaşdırır: yeni hakimiyyətin cinayətlərinə görə məsuliyyətə cəlb etmək istədiyi Suriyanın keçmiş lideri Bəşər Əsədin ekstradisiyası və Rusiya hərbçilərinin Tartus və Xmeymimdəki bazalarda qalması.
Əhməd əl-Şaraa əvvəllər “Əl-Qaidə” ilə əlaqəli “Həyat Təhrir əş-Şam” qruplaşmasına rəhbərlik edib. Ötən ilin dekabrında isə yeni hökumət quraraq Dəməşqə nəzarəti ələ keçirib. Bu, Bəşər Əsədi paytaxtdan qaçmağa və Rusiyadan sığınacaq istəməyə sövq edib.
Almaniyanın “Die Zeit” nəşrinin məlumatına görə, Əsəd ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. Əsəd ailəsinə yaxın mənbənin sözlərinə görə, o nadir hallarda ictimaiyyət qarşısına çıxır. Əsədin paytaxtın dəbdəbəli yaşayış komplekslərindən birində üç mənzili var. Mənbə onu da bildirib ki, keçmiş Prezident Moskva vilayətində tez-tez qapalı bağ evinə baş çəkir.
Suriyanın yeni lideri CBS telekanalına müsahibəsində Dəməşqin Rusiya və Çinlə münasibətlərini milli maraqlar əsasında quracağını bəyan edib. O həmçinin vurğulayıb ki, Moskva ilə əməkdaşlıq Qərb ölkələri ilə əməkdaşlığa mane olmur. Əl-Şaraaya görə, Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan “müsbət siqnallar” alıb.
Moskva həmçinin ölkənin hazırkı rəhbərliyi ilə əlaqələri davam etdirməyə çalışır və İsrailin Suriyadakı hava hücumlarından sonra diplomatik dəstək verə bilər. İyul ayında Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Moskvada Suriyanın xarici işlər naziri Əsəd əl-Şirbani ilə görüşüblər. Bu, hakimiyyət dəyişikliyindən sonra yeni hökumətin rəsmi nümayəndəsinin ilk səfəri idi.
Kreml də Putinlə Suriya prezidenti arasında görüş keçirəcəyini açıqlayıb.
“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 15-də Rusiyada işgüzar səfərdə olan suriyalı həmkarı Əhməd əl-Şara ilə danışıqlar aparacaq”, - deyə Kremlin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, liderlər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya əlaqələrinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdə baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar.