Salome Zurabaşvili: “Rusiya işğalçı və düşmənimizdir”

Dünya

21.06.2019 - 13:22

Gürcüstan Prezidenti: “Ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil”

 

Gürcüstanda baş verən hadisələrlə bağlı ölkə Prezidenti Salome Zurabaşvili Rusiyanı ittiham edib. AYNA xəbər verir ki, o, şəxsi “Facebook” səhifəsində bu haqda məlumat paylaşıb.

 

“Rusiya düşmənimizdir və işğalçıdır. Onların idarə etdiyi “beşinci kalon” açıq-aşkar düşmənçilikdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil” – Zurabaşvili bildirib.

 

Ölkə başçısı Gürcüstanda bu hadisələri tördənlərin Rusiya siyasətini dəstəkləyənlər olduğunu qeyd edib. O, həmçinin keçmiş Prezident Mixail Saakaşvilinin polisi etirazçılara qoşulmağa çağırmasını düzgün hesab etməyib.

 

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü arzusu" partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

 

Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Müəllif: Ayna.az