SÜRGÜN

Elçin Şıxlı

18.08.2025 - 11:54

Əgər bir olmasaq...

Qarasubasar, Böyük Suren, Kiçik Suren, Baxçasaray və başqa yerləri keçərək Albat adlı bir kənddə dayandıq. Kənd bomboşdur. Hər yerdə tatarları (krım tatarları - red.) sürgün edirlər. Kənd evləri sahibsizdir. Evlərə toxunulmamışdır. Pəncərələrin pərdəsinə qədər yerindədir. Görünür, adamlar ən vacib şeyləri özləri ilə aparmışlar, qalanlar isə başlı-başına atılmışdır. İnsan əməyi, insan arzuları gör necə puç olur. Onları satqınlıqda ittiham edirlər. İnanmıram ki, hamı satqın olar. Bütöv xalq satqın ola bilməz. Buna qalsa, ukraynalılardan da, kazaklardan da, elə rusların özündən də satqın vardı...

Səhər tezdən yenidən yola düşdük. Döngələrin birində yolda hərəkət çox olduğuna görə hərəkət dayanmışdı. Biz də dayandıq. Yanımızda tatarlarla dolu bir maşın dayandı. Arvad-uşaq bir-birinin qoynuna qısılmışdı. Onlar bizə baxırdılar, biz də onlara. Maşında on altı-on yeddi yaşında bir tatar qızı da vardı. O, diqqətlə üzümə baxdı, mənim müsəlman olduğumu başa düşdü və maşınları tərpənəndə gülümsəyərək əl elədi. Mənimlə xüdahafizləşdi. Bilmirəm, mənə elə gəldi. Bəlkə də, mənimlə yox, doğma yurdu ilə, böyüyb başa gəldiyi torpaqla vidalaşırdı?! Ürəyim ağrıdı...

18.5.44

“Cəbhə yolları”, İsmayıl Şıxlı

***

SSRİ dövründə müxtəlif xalqlar müxtəlif dövrlərdə kütləvi şəkildə sürgün edilmişdir. Bu sürgünlərin əksəriyyəti 1930–1950-ci illərdə baş vermiş və əsasən Stalin dövründə həyata keçirilmişdir. Sürgünlərin səbəbləri fərqli olmuşdur: etnik mənsubiyyət, "etibarsızlıq", müharibə dövründə "potensial düşmənə simpatiya", siyasi repressiyalar və s.

Həmin dövrdə koreyalılar, almanlar, yunanlar, bolqarlar da yaşadıqları torpaqlardan didərgin salınsalar da, sürgün edilən və siyasi repressiyalara məruz qalan xalqların siyahısına baxsaq, onların əsasən türk kökənli və müsəlman olduğunu görərik. Aşağıda SSRİ-də ən məşhur sürgün hadisələrinin siyahısı və təxmini tarixlərini nəzərinizə çatdırıram:

________________________________________

  1. Axıska türkləri (Müsəlman türklər) – 1944
  • Sürgün tarixi: 14–15 noyabr 1944
  • Sürgün olunduqları yerlər: Orta Asiya ölkələri – əsasən Özbəkistan, Qazaxıstan və Qırğızıstan
  • Səbəb: SSRİ rəhbərliyi onları Türkiyə ilə potensial əməkdaşlıqda şübhəli sayırdı.

________________________________________

  1. Krım tatarları – 18 may 1944
  • Sürgün olunduqları yerlər: Özbəkistan, Qazaxıstan, Sibir və digər bölgələr
  • Səbəb: Faşist Almaniyası ilə əməkdaşlıqda ittiham olunurdular (əsassız şəkildə).

________________________________________

  1. Çeçenlər və inguşlar – fevral 1944
  • Sürgün tarixi: 23 fevral 1944
  • Sürgün olunduqları yerlər: Qazaxıstan və Qırğızıstan
  • Səbəb: Almanlarla əməkdaşlıqda və "etibarsızlıqda" qondarma ittiham

________________________________________

  1. Kalmıklar – 1943
  • Sürgün tarixi: dekabr 1943
  • Sürgün olunduqları yerlər: Sibir, Altay, İrkutsk vilayəti
  • Səbəb: Almanlarla əməkdaşlıqda yalançı ittiham

________________________________________

  1. Qaraçaylar – 2 noyabr 1943
  • Sürgün olunduqları yerlər: Qazaxıstan və Qırğızıstan
  • Səbəb: Nasistlərlə əməkdaşlıq ittihamı (əsassız)

________________________________________

  1. Balkarlar – mart 1944
  • Sürgün olunduqları yerlər: Qazaxıstan və Qırğızıstan
  • Səbəb: Almanlara yardım ittihamı (əsassız)

________________________________________

Və nəhayət, Azərbaycanlıların planlı şəkildə Ermənistandan 1948-1953-cü illər deportasiyası. Bu illərə 1988-1991-ci illərin etnik təmizləməsini də əlavə etsək, tam da olmasa, ümumi mənzərəni təsvir etmiş kimi olarıq. Yuxarıda sürgün edilmiş xalqların kimliyinə diqqət yetirsək, onların bu repressiyalara uğramasının əsas səbəbi aydın olar – etnik mənsubiyyət və müsəlman olmaları. Acı da olsa, bu, həqiqətdir. Bir çox hallarda bütün bu faciələr Stalinin ayağına yazılır.., amma son aylar Rusiya Federasiyasında təhqir və əsassız zorakılıqlara fikir versək, onların hədəfinin yenə də türk kökənli miqrant və qastarbayterlər olduğunu görərik.

Kuliminasiya isə biz Azərbaycan türklərinə qarşı törədilən qətl və həbslərdir. Kremlağası bunları kimin boynuna atacaq? İndi ki Stalin yoxdur!

________________________________________

Lenin deyirdi: “Bütün ölkələrin proletarları, birləşin!”

İndi isə o cümlənin yerinə başqa bir çağırış gəlir:

“Bütün Rusiyanın türkləri, birləşin!”

Proletar sinfi çoxdan ya təqaüddədir, ya da kreditlə “iPhone” alır. Amma Rusiyadakı türklər — onlar hələ də əzilir, parçalanır, susdurulur.

Ən ağrılısı nədir?

Əzildiklərini bilirlər, amma birləşmirlər.

Rusiya bizi sıxır? Əlbəttə.

Amma təkcə bizimi? — Xeyr!

Rusiya öz tatarına da, başqırdına da, qaraçayına da, tuvasına da, qumuğuna da — hamısına eyni maşında yer ayırıb.

Kimliyini sorğulayanı susdurur, dil istəyənə "fakultativ dərs" deyir, əsl tarixini xatırlayanı isə “separatçı” adlandırır.

---

Bəs biz nə edirik?

Pomidor satmaqla məşğuluq. Üzüm ixracı ilə öyünürük.

Əzizlərim, Tatarıstanın məktəblərində artıq tatar dili məcburi deyil.

Başqırdıstanda bir uşaq öz ana dilini öyrənmək üçün valideyn icazəsi ərizəsi yazmalıdır.

Qaraçaylar, balkarlar, saxalar, xakaslar — onların dili dərs kitabından silinir, efirdə görünmür.

Əgər biz buna susuruqsa — Türk olduğumuza görə əzilməyimizə təəccüblənməməliyik.

---

Niyə birləşmirik?

Cavab çox sadədir: Biz türk olduğumuz üçün əzilirik.

Bəli. Ahıska türklərinin 1944-cü ildə Gürcüstandan sürgün edilməsinin səbəbi – türk olmaları idi.

Amma biz hələ də “bəlkə Moskvada bir iş taparıq” deyə ümidsiz gözləyirik.

Halbuki…

Kazan var.

Ufa var.

Nalçik var.

Çerkessk, Mahaçqala, Gorno-Altaysk, Kızıl var.

Türkün nəfəsi var.

Bəs niyə o nəfəsin üstünə öz nəfəsimizi qoymuruq?

---

Dünyanın hər yerində “China Town” var...

Nyu-Yorkda çinlilər birləşib, öz dünyalarını qurublar.

Berlində türklər öz “Küçük İstanbul”larını salıblar.

Biz isə yalnız yaşamağa öyrəşmişik. Hələ də bu daşı ətəyimizdən tökmürük.

Halbuki, təkbaşına qalmaq — qəhrəmanlıq deyil. Tənəzzüldür.

Bizi əzirlər.

Bizi parçalayırlar.

Bizi assimilyasiya edirlər.

Yəni yavaş-yavaş yox edirlər.

Və biz susuruq.

Amma tatar susur, başqırd susur, qumuq susur, azərbaycanlı baxır.

Bu baxış – biganəlikdirsə, biz artıq məğlub olmuşuq.

Yox əgər qardaşlıq baxışıdırsa, o zaman daha dayanmamalıyıq.

---

Rusiyadakı türk boyları birləşməlidir.

Bu gün, yoxsa sabah – heç biri olmayacaq.

Biz bir-birimizin yanına getməliyik.

Qardaşın əlini sıxmalı,

onun məktəbində oxumalı,

onun bazarında dükan açmalı,

onun dərdinə şərik olmalıyıq.

Yoxsa biz təkcə Rusiyanın içində deyil, öz içimizdə də sürgünə göndəriləcəyik.

Müəllif: Elçin Şıxlı

Pin up casino Pin-up casino giriş