Portret və mənəvi dekadans

Elçin Şıxlı

31.08.2020 - 10:00

Həkimlər Klinikalar SEO Xidməti

Dorian Qreyin portreti bu günün aynasında

 

Düşmən günü bu gün də Tovuzu atəşə tutur, Rusiya hələ də Ermənistana dolayı yollarla silah-sursat çatdırır, Kremlin Müdafiə naziri Şoyqu Bakıya gəlib, həmin silahların silah yox, tikinti materialı olduğuna bizi inandırmağa çalışır, Belarusda seçkisonrası narazılıqlar səngimir, Rusiyanın Xabarovskunda da əhali qaynamaqda, vətənində zəhərlənmiş Navalnı isə hələ də Almaniyada komadadır. ABŞ Prezident seçkisinə başlayıb. COVID-19 pandemiyası da yaxamızdan əl çəkmir.

 

Amma son bir neçə gündür ki, bizi ancaq və ancaq Ramiz Mehdiyev və onun nəvəsinin toyu ətrafındakı qalmaqal maraqlandırır. Sosial şəbəkələr xalq yaradıcılığı nümunələri ilə aşıb-daşır. Onları gördükcə kimi gülməkdən uğunub gedir, kiminin qorxudan dili-dodağı təpiyir, kiminin də hirsindən dişi bağırsağını kəsir. Bir sözlə, pandemiya dövründə hərə özünə görə əylənir, hətta Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib, amma töhmət aldıqdan sonra. Ramiz Mehdiyevdə isə hal-islahat qoymayıblar. Bunu edənlərsə, elə özünün yaratdığı mühitin doğurduğu ünsürlərdir. Bir sözlə, hər şey konyunkturaya uyğun cərəyan edir. Gidi dünya, hələ dünən onun əmrilə kitab yandıranlar, özgə universitetlərini bağlatdıranlar, iş adamlarını müflis etdirənlər bu gün onun özünü daş-qalaq etməyə hazırdırlar...

 

Sözün doğrusu, kütləvi autodafelərdə iştirak etməkdən xoşum gəlmir. Amma Ramiz Mehdiyevin məktubu mənə maraqlı gəldi. Yazır ki, “...Özümə gəlincə, mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”

Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı kürəkənindən AÇIQLAMA

Hərənin daxilində öz portreti var – mənəvi portreti. Və onu adamın özündən başqa heç kim görmür, amma insan yaşlandıqca daxili təlatümləri özünü onun simasında biruzə verir. Bu daxili portret - vicdandır. Vicdansa insanın əl-ayağını qamaşdırır, onu eyş-işrətdən, keyfdən, yüngül həyat tərzindən məhrum edir, alçaqlıq etməyə qoymur. Bir sözlə, yaşamağa imkan vermir. Elə isə portreti məhv etmək lazımdır...

 

Böyük Oskar Uayldın “Dorian Qreyin portreti” romanı yadıma düşdü. Gənc və çox yaraşıqlı Dorian rəssam dostu Bezil Holluordun çəkdiyi portretini, ilk xəyanətindən sonra dəyişdiyini görüb evinin artırmasının lap uzaq küncündə gizlətmişdi. Dorian yaşlandıqca və xəyanətlərinin sayı artdıqca özü 20 yaşlı gənc kimi qalsa da, portreti günbəgün əcaibləşir və gün gəlir ki, lap idbarlaşır. Onu çəkən rəssam dostu yaratdığı əsərin nə günə düşdüyünü görüb Doriana həqiqəti söyləyəndə isə elə onun tərəfindəncə xaincəsinə öldürülür, çünki Dorian günahı özündə deyil, əvvəlcə rəssamda, sonra isə portretində görür. Qreyin sonu faciəvi olur. Portreti həqiqəti ona göstərsə də, hikkəsindən bıçağı əlinə alıb onu doğrayır... Hay-küyə özlərini yetirən qulluqçular artırmanın uzaq küncündə cavan və yaraşıqlı bir gəncin portreti və toz-torpaq içində ölüm ayağında çapalayan idbar qocadan başqa heç kimi tapmırlar...

Mənəvi dekadans insanı məhvə aparır.

 

***

 

Kim bilir, bəlkə də onlar özlərini qazanmış sayırdılar...

 

2001-ci ilin sonları idi. Köhnə həmkarlarımla yollarımızı ayırdıqdan sonra işləri təzəcə səhmana salırdım. “Ayna”nı da bərpa etdiyimdən gələcəyə böyük ümid və planlarım vardı. Bir sözlə, işləməyə olduqca həvəsli idim. Belə günlərin birində xəbər gəldi ki, bəs səninlə nazirlərdən biri söhbət etmək istəyir. Dalağım sancsa da, razılıq verdim. Söhbət əsnasında məlum oldu ki, qəzeti almaq istəyirlər. Bu təklifdə yeni bir şey yoxdu, çünki qəzetin yaradıldığı 10 ildən artıq bir müddətdə belə alıcılar az olmamışdı.

 

Düşünmək üçün möhlət istədim. Fikrim vaxt uzatmaqdı, amma bir-iki gün sonra yenə görüşdə israr etdilər. Bu dəfə qəzeti satmaq niyyətim olmadığını deyəndə bildirdilər ki, heç o yan-bu yan eləmə, bəs bu, İlham Əliyevin tapşırığıdır. Məsələ qəlizləşirdi. Yenə də vaxt istədim. O zaman İlham Əliyev SOCAR-da I vitse-prezident idi. Amma deyilənlərə nəsə heç inanmaq istəmirdim. Dostlar vasitəsilə informasiyanı dəqiqləşdirmək qərarına gəldim. Bəxtimdən, bir gün sonra cavab gəldi ki, belə bir şey yoxdur, qoy başını aşağı salıb işləsin və möhkəm olsun.

Газета

Sonradan öyrəndim ki, sifariş Ramiz Mehdiyevin imiş. Amma heç də hamının bəxti mənimki qədər gətirməmişdi. Hərçənd, kim bilir, bəlkə də onlar özlərini qazanmış sayırdılar...

 

***

 

Məzarları yiyəsiz qoyub getmək olmaz

 

Düz 13 il bundan əvvəl Məhəmməd Naxçıvani küçəsində yeni tikilən çoxmərtəbəli bina uçmuş və iyirmiyə yaxın fəhlə uçqun nəticəsində həlak olmuşdu. Bu bədbəxt hadisə böyük hay-küy doğurmuşdu. Biz də üç müəllifin imzasıyla geniş bir məqalə ilə çıxış etmişdik. Səhəri aləm bir-birinə dəymişdi. Rusiya səfiri gün ərzində bizim yazıyla bağlı iki brifinq keçirmişdi. Yazıda bu hadisənin təsadüf deyil, terror aktı nəticəsində baş verdiyi ehtimalı da yer almışdı. Şahidlərdən birinin iddiasına görə, binanın ətrafında neçə gün imiş ki, slavyan görkəmli, əlikameralı şübhəli adam var-gəl edirmiş. Bir sözlə, müəlliflərdən biri rəhmətlik İbrahim Bayandurlunu səhər ertədən elə evdəncə, Rauf Mirqədirovu redaksiyadan, məni isə Ramiz Mehdiyevlə görüşdən sonra MTN-ə aparmışdılar.

 

Görüşdə Ramiz Mehdiyevdən başqa Əli Həsənov, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və adını unutduğum bir başqa məmur da vardı. Əsas irad ondan ibarət idi ki, Rusiya ilə Azərbaycanın əlaqələrinə bir qəzet olaraq xələl gətirirəm. Ramiz Mehdiyevlə ilk və son görüşüm idi. Sonra da MTN-də gecə yarıyadək hər üçümüzü bir xeyli sorğu-sual etdikdən sonra sərbəst buraxdılar. Sonradan, 2014-cü ildə Rauf Mirqədirovu həbs edənlər də elə həmin əməkdaşlar idi, çünki biz elə hey Rusiyanın bölgəmizdəki və postsovet məkanındakı ekspansionist siyasətini – 2008-ci ilin avqustundakı üçgünlük Rusiya-Gürcüstan müharibəsindən tutmuş Krımın ilhaqınadək - tənqid edirdik. Əsas ağırlıq da təbii ki, Qarabağ münaqişəsinin həllinin Minsk Qrupu və onun həmsədrlərindən biri olan Rusiya tərəfindən əngəllənməsi və bunun səbəblərinin təhlilinə düşürdü.

В ФСО напомнили о работах Глазунова в Кремле - РИА Новости, 10.07.2017

Bir sözlə, Kreml maraqlarının ölkəmizdəki təmsilçilərinin başağrısına çevrilmişdik. Rusdilli qəzet olsaq da, Azərbaycan qəzeti idik və Rusiya ictimai fikrinə heç bir təsir göstərə bilməsək də, burada Kremlağalarının nüfuzuna xələl yetirirdik. Nəticəsi məlumdur – bütün inzibati resurslardan istifadə edərək əvvəlcə R.Mirqədirovu şərləyib həbs etdilər, sonra da elə vəziyyət yaratdılar ki, qəzetin müstəqil fəaliyyət göstərməsi qeyri-mümkün oldu. 24 il özü-özünü heç kimdən asılı olmayaraq maliyyələşdirə bilən bir mətbu orqanı heç oldu. Sonra isə bir neçə ay ərzində heç bir rəsmi ittiham olmadan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində çoxsaylı dindirmələr. Elə hey anlamağa çalışırdılar ki, qəzet kimin hesabına, yəni kimin puluna çıxır. Hərçənd, məsələyə başqa bucaqdan yanaşsaydılar, yəni özlərinə kimin yox, “nəyin hesabına çıxır” sualını versəydilər, istintaqçılar Konfutsinin qaranlıq otağında qara pişik axtarmazdılar. 

 

Və nəhayət, dördillik vakuum. İlk iki ildə isə heç ayağımı ölkədən kənara da qoya bilmədim. Elə həmin iki il ərzində bir sətir də yazmadım. Hərçənd, Rauf həbs edildikdən sonra qəzetdəki boşluğu doldurmaq üçün özüm xeyli fəallaşmışdım – məqalələr yazırdım. Əli Həsənov, hətta, bir dəfə ayaqüstü görüşlərimizdən birində demişdi ki, “Rauf qurtardı, indi də özün başlamısan”.

 

Bu yazdıqlarımı yaxın adamlarımdan başqa bilən yoxdur. Çox asanlıqla “təqib olunuram” deyib ölkədən gedə bilərdim. Nə özümün, nə də ailə üzvlərimin dil problemi var. Amma bu barədə düşünəndə belə, özümü pis hiss edirəm. İnsanın daşı öz torpağında ağırdır. Həm də məzarları yiyəsiz qoyub getmək olmaz.

 

***

 

Bütün bunlara baxmayaraq yaşamaq lazımdır, çünki həyat davam edirdi. Təəssüf doğuran, yalnız itirilmiş illərdir. Daha səmərəli işləmək, daha çox iş görmək olardı. Amma hələ də gec deyil. Nəhayət, düz 23 ay sonra Rauf məhkəmə zalından sərbəst buraxıldı. Onun həbsinin bilavasitə icraçıları isə məhbəsə atıldılar.

 

Buzlar tərpənməyə başlamışdı. Bir sıra məxsusi görüş və söhbətlərdən sonra isə anladım ki, Mirqədirov və bir sıra digər jurnalist və ictimaiyyət nümayəndələrinin sərbəst buraxılması və onlara münasibətin loyallaşması Prezident və onun xanımından gəlir.

 

***

 

Həyat əsatir deyil

 

“Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz!”… Bu sözlər atam İsmayıl Şıxlının “Ölən dünyam” romanının personajlarından biri Çapıq Əmrahın bolşeviklər tərəfindən güllələnməyə aparıldığı zaman söylədikləridir.

 

Cəmiyyət artıq dəyişikliklərə hamilə idi. Avgi tövlələrini təmizləmək zamanıydı. Amma həyat əsatir deyil. İslahatlar tələsik, zəmin yaradılmadan aparıla bilməz. Məsələ yalnız daxili amillərdən asılı olsaydı, bir elə çətinlik olmazdı. Burada xarici aktorların maraqlarını nəzərə alaraq dayaqlarını sarsıtmaq mütləqdi. Kadr islahatlarına iqtisadi və ictimai-siyasi sahələrdən başlanıldı. İqtisadi islahatların nəticəsi özünü birdən-birə biruzə vermir. Burada enerji bazarları konyunkturasının heç də yalnız bizdən asılı olmadığını nəzərə almaq lazımdır. İlin əvvəlində Rusiyanın OPEC razılaşmasından çıxmaq oyunlarının neft qiymətlərinə mənfi təsirini yada salmaq kifayətdir. Bütün bunlarla yanaşı məmurların ali rəhbərliyə sovetsayağı yalançı raportlar vermək kimi bir mərəzini də unutmaq lazım deyil.

 

İctimai-siyasi sektorda nəhayət ki, Ramiz Mehdiyev-Əli Həsənov tandemi erasına son qoyuldu. Güc strukturlarına ciddi əl gəzdirildi. Dövlət Təhlükəsizliyi Xidməti yaradıldı, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbərliyi dəyişdirildi. Növbədənkənar parlament seçkiləri keçirildi. Milli Məclisin yeni tərkibi ictimaiyyətin gözləntilərini tam doğrultmasa da, lakmus kağızı rolunu oynadı. Məlum oldu ki, köhnə “partnomenklatura” yerlərdə hələ də gücünü itirməyib.

İcra başçısı və müavinini hansı qurum həbs edib? (YENİLƏNİB)

DTX və Prokurorluğun korrupsiya ilə mübarizə idarəsinin əməliyyatları nəticəsində neçə-neçə icra başçısı və həmin strukturların məmurları, Mədəniyyət, Xarici İşlər nazirliklərinin məsul işçiləri rüşvət üstündə tutuldu. Mədəniyyət, Təhsil, Xarici işlər nazirləri yeniləndi. Bir neçə səfirimiz geri çağırıldı, hətta, həbs olunan da oldu...

 

Amma görüləsi işlər hələ çoxdur. Yolun başlanğıcındayıq.

 

***

Əjdahanı öldürüb, torpağa gömülmüş Nəhəngi oyatmayın

 

“Ehtiyatı əldən verməmək lazımdır. Nə vaxtsa çox dərinə gömülmüş Nəhəng qımıldanmağa başlayıb”.

Kazuo İşiquro “Gömülmüş Nəhəng”

 

İşiquro bu əsərində oxucunu qaranlıq və zülmət orta əsrlər Britaniyasına, insanların dağlardan enən çən və havanın tutulmasından dərhal sonra yaddaşlarını itirdiyi dövrlərə aparır. İlk baxışdan dəhşətdir. Valideyn balasını unudur, oğul atasını tanımır. Tam bir faciədir və bütün bunların günahı Kveriq adlı əjdahadadır. Əjdaha durduqca insanların yaddaşı qayıtmayacaq – axşam səhər etdiklərini unudacaqlar. Bircə cıxış yolu var - əjdahanı öldürmək. Və nəhayət qəhrəman Vistan Kveriqin başını bədənindən ayırır. İnsanların yaddaşı geri qayıdır və əsl faciə bundan sonra başlayır...

 

“...bəzi insanlar mətbuatımızın hazırkı vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir...”, - deyə Ramiz Mehdiyev yazır.

 

Əjdahanı öldürüb, torpağa gömülmüş Nəhəngi oyatmayın.

Müəllif: Elçin Şıxlı