“5-ci kolon” və sapı özümüzdən olan baltalar

Elçin Şıxlı

15.04.2020 - 23:40

Onun gedişindən sonra sosial şəbəkələrə bir sakitlik çökdü, daha nə çığır-bağır salan vardı, nə də söyüş söyən…

 

“İndi hər bir ispan onun üçün – həyat, azadlıq kimi abstrakt ideallar, yaxud fərdi meşşan əmin-amanlığı kimi məfhumlardan hansının daha dəyərli olması arasında seçim etməlidir. Və bu seçimi etmək bir çox hallarda həddindən artıq çətin olur”...

 

Bu sözlər şəxsiyyəti ilə əsərlərində qaldırdığı problemlərin vəhdət təşkil etdiyinə görə çox sevdiyim qoca Hemə (Ernest Heminquey) məxsusdur. Əminəm ki, hər bir insan bir dəfə də olsa, həyatında belə seçim qarşısında olub. Özü də bu seçimi həyatın hər bir yeni mərhələsində, hər dəfə yeni bir dəyişikliyə qərar vermək ərəfəsində etmək lazım gəlir. İnsan gənc ikən səhvə yol verəndə özünə “cavanam, səhvimi düzəltməyə hələ çox imkanım olacaq” deyə toxtaxlıq verə bilər, amma yaşlandıqca yanlışa yol vermək lüksu qalmır...

 

Həyat dəfələrlə məni də seçim qarşısında qoyub, xüsusilə də atam İsmayıl Şıxlının vəfatından sonra. Çünki daha ondan məsləhət almaq kimi bir imkanım olmayıb və artıq bir addım atanda tək özümün deyil, onun da məsuliyyətini çiynimdə hiss etmişəm. Mənə və qardaşıma dediyi və həyatıboyu davranışıyla təsdiqlədiyi sözlərini qulağıma sırğa etmişəm: “Adam olun, kişi kimi yaşayın”.

 

Hələ də hər dəfə onun nə etdiyimə hansı qiyməti verəcəyini düşünürəm. Bəlkə də onun mənə miras qoyduğu təmiz adının və mənə verdiyi soyadın məsuliyyəti olmasaydı, bu sətirləri heç yazmazdım, çünki illər öncə abstrakt, əllə toxunulması mümkün olmayan idealları deyil, meşşan rahatlığını seçmiş olardım...

 

“Siyahıdan göründüyü kimi, NED-in ayırdığı vəsait bütün hallarda dövlətin əsaslarını sarsıtmağa, Prezident və ailəsinə hücumları intensivləşdirməyə, hakimiyyətə təzyiq qrupları formalaşdırmağa və arqumentlər toplamağa, “5-ci kolon”un bəslənilməsinə xidmət edir”.

 

Belə mənasız adamların elə özləri qədər də mənasız ittihamlarına birinci dəfə deyil ki, tuş gəlirəm. Və bir dəfə də olsun, onlara əhəmiyyət verməmişəm, çünki belə yazıları şəxsi müstəvidən qiymətləndirmişəm. Düşünmüşəm ki, seçimimdə səhv etməmişəm və bu qarayaxmaların məndən başqa heç kimə və heç nəyə aidiyyatı yoxdur. Şəxsi məsələni ictimailəşdirməyin indinin özündə də yersiz olduğu qənaətindəyəm. Amma indiki halda, müəllifin və onun havadarının bəlkə heç özünün də ağlının kəsmədiyi incə bir məqama toxunulub. Zənnimcə, buna intellektual səviyyələri imkan verə bilməz. Bununla belə, etdikləri olduqca ziyanlı və deyərdim, təhlükəlidir.

 

Söhbət müstəqilliyimizin ilk illərində, dövlət quruculuğunun başlanğıc mərhələsindəki təbəddülatlardan yararlanaraq və bəlkə də Moskvadan uzanan əllərin məkrli yardımı ilə hökumətdə özünə yer eləmiş və tədricən vəzifə pillələriylə yüksələrək ölkə mediasını xarabazara çevirmiş, hökumətlə ictimaiyyət arasındakı bütün münasibətləri darmadağın etmiş, ictimai şüura və xüsusən də jurnalistikaya böhtan, təhqir, söyüş kimi əxlaqa və milli davranış kodeksimizə zidd məfhumları adiləşdirərək yeritmiş Əli Həsənovdan gedir.

Rəsmi dövlət qəzeti:

O, uzun müddət ölkə rəhbərinin masasının üstünə, ölkədə baş verənləri və medianın işıqlandırdığı məsələləri özünə sərf edən şəkildə interpretasiya edərək arayışlar qoyan bir şəxs olub. Və bu zaman, dövrə uyğun heç bir intellektual kəşf etməyib. Köhnə, Stalindən qalma bolşevik üsulundan istifadə edib – yalan danışıb. Amma hər şeyin bir sonu olduğu kimi onun da bu imkanları tükəndi, ölkə Prezidenti apardığı islahatlara köməkçisinin kömək etmək əvəzinə mane olduğunu görüb, onu meşşan rahatlığı gətirən kürsüsündən endirdi. Və sosial şəbəkələrə bir sakitlik çökdü, daha nə çığır-bağır salan vardı, nə də söyüş söyən...

 

Belə düşünmək olardı ki, bundan sonra cənab Əli Həsənov başını aşağı salıb bir zamanlar fəxr etdiyi ailə biznesi ilə məşğul olacaq və ölkəyə xeyir gətirəcək. Amma və lakin biznes əvvəlki kimi gəlir gətirmirdi, çünki qəhrəmanımız əsl biznesin nə demək olduğunu bilmir... Ona görə də bildiyi və bacardığı işə yenidən girişib – yalan və böhtan vasitəsilə atılan müsbət addımlara mane olmaq.

 

Ölkə başçısının onunla humanistcəsinə davrandığını anlamağa qadir olmadığından, ictimai-siyasi münasibətlərdə yaranmaqda olan liberal ab-havanı, medianın onun kürsülərə yerləşdirdiyi müzür-ünsürlərdən təmizlənməsini sinirə bilmədiyi və alanının daraldığını ibtidai səviyyədə hiss etdiyi üçün “Aynanın taybatay açıldığını” ABŞ NED-inin ayağına yazır və heç cür dərk etmir ki, “Ayna”nı taybatay açan ölkənin dünyaya daha geniş açılmasını istəyən, vaxtilə köməkçisi olduğu Prezidentdir.

 

İndi Siz deyin, əziz oxucu, kimdir “5-ci kolon” - mənmi, yoxsa Əli Həsənov kimi sapı özümüzdən olan baltalarmı?

Müəllif: Elçin Şıxlı