Soçi görüşünün “tərcüməsi” – Praqmatizmlə hikkənin toqquşması

Aktual

06.09.2023 - 14:22

Elxan Şahinoğlu: “Ərdoğanın bəyanatında Rusiya cəmiyyətinə mesajlar verilirdi ki...”

Zərdüşt Əlizadə: “Türkiyənin cəhdləri nəticəsiz qalacaq, Putin işğaldan əl çəkməyəcək”

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 2 saata yaxın davam edən danışıqlardan sonra birgə mətbuat konfransında çıxışı zamanı Vladimir Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər heç kimin gözləmədiyi şəkildə inkişaf edir. O, türkiyəli həmkarı ilə təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə etdiklərini deyib: “Ukraynadakı vəziyyət, “Taxıl sazişi”, Suriya məsələsindən danışdıq. Bir çox başqa istiqamətlər var ki, onları da müzakirə etdik”.

Ərdoğan öz növbəsində qeyd edib ki, görüşdə Cənubi Qafqazda baş verən hadisələr də müzakirə mövzusu olub: “Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”.

Görüşü AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllində uğurlu vatisəçi ola bilər: “Prezident Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bunu bir daha bəyan etdi. Lakin bir məqam var ki, Putin müharibənin davam etdirilməsini istəyir. Çünki Moskva Ukraynada əhəmiyyətli nəticələrə nail olmayıb. Bu, baş vermədiyinə görə Putinin müharibəni dayandırması onun sonu deməkdir. Lakin Ərdoğan sülhyaratma missiyasını, danışıqlar masası ətrafında müzakirələr cəhdini davam etdirir”.

“Hesab edirəm ki, Soçi görüşü çərçivəsində Türkiyə liderinin söylədiyi fikirlər əsasən Rusiya cəmiyyətinə ünvanlanıb. Onun mövcud şəraitdə müharibənin davam etdirilməsinin əhalinin sosial-iqtisadi durumuna neqativ təsir etdiyini söyləməsi və Putinə çıxış formulu təklif etdiyini bildirməsi bunun bariz nümunəsidir. Nəzərə alanda ki, Rusiya cəmiyyəti müharibə istəmir və Ərdoğanın bu bəyanatını daim xatırlayacaq, bu, olduqca mühüm mesajdır”, - deyə həmsöhbətimiz bildirib.

Analitik xatırladıb ki, görüşdə digər mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub: “Lakin konkret nələrin müzakirə edilməsindən xəbərsizik. Azərbaycanla Ermənistan arasındakı gərginliklə bağlı Türkiyə və Rusiya liderlərinin görüş əsnasındakı mövqeləri maraqlıdır. Görüşün davam etmə müddətini və eyni zamanda Suriya və Liviya ilə bağlı müzakirələrin də aparıldığını nəzərə alsaq, bu istiqamətdə qısa müzakirələrin olduğunu söyləyə bilərik”.

“Ərdoğan hələ bir müddət öncə Rusiya sülhməramlı missiyasının 2025-ci ildə fəaliyyətini başa vuracağına inandığını söyləmişdi. Hesab edirəm ki, Soçi görüşündə də bunu rusiyalı həmkarının diqqətinə çatdırıb. Putinin bu barədə nə düşündüyünü söyləmək üçün isə yetərli faktlar yoxdur və zamanı gözləməliyik”, - deyə Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə fərqli düşünür. O, AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyənin cəhdləri nəticəsiz qalacaq: “Türkiyə Rusiyanı işğalçı mahiyyətindən yayındıra bilməyəcək. Ona görə ki, Putin işğalçılığı dövlət siyasətinə çevirib. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan respublikaları nəzarətindən kənarda qoymaq istəmir. Açıq şəkildə deyir ki, “siz sənəd üzərində müstəqil ola bilərsiniz, amma mənim dediklərimi etməlisiniz”. Kim buna məhəl qoymursa, ona qarşı təcavüz siyasətinə başlayır. Ukrayna, Gürcüstan, Moldova... Siyahını uzatmaq da olar. Nəinki postsovet məkanında, Afrikada, digər coğrafiyalarda da belədir”.

“Ukraynaya qarşı təcavüzə başlayanda Rusiya ümid edirdi ki, qısa müddətə qalib gələcək. Ancaq nə oldu? Rusiya Kiyevə yaxınlaşa bilmir, resursları tükənir. Geri də çəkilə bilmir. Dünyanı taxıl böhranı ilə təhdid edir. Lakin bu təzyiqlər nəticəsizdir. Rusiya onsuz da bu müharibədə məğlub olacaq. Bunu Kremldə də bilirlər”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Təhlilçinin fikrincə, Türkiyənin yürütdüyü xarici siyasət doğrudur: “Mən bu məsələdə Rusiya amilini ikinci yerdə görürəm. Türkiyə nüfuzlu dövlətdir və dünyada aparıcı diplomatik oyunçulardan biridir. Tarixi fürsət yetişib ki, bu münqaişədən istifadə edib, öz mövqeyini gücləndirsin. NATO ölkələrindən onun hüquq və təhlükəsizliyinə hörmətlə yanaşmalarını tələb etsin”.

“Türkiyə dünənə qədər Qərb dövlətlərinə öz ağrılarını, dərd və qayğılarını deyirdi, amma bunu qulaqardına vururdular. Məsələn, deyirdi ki, kürd separatizmi Türkiyə dövləti üçün təhlükədir. Müttəfiqləri də bildirirdi ki, yox, əsas insan hüquqlarıdır. Rəsmi Ankara NATO ölkələrinin diqqətinə çatdırırdı ki, biz müttəfiqik, ümumi maraqlarımız var, Türkiyəni elmi-texnoloji və hərbi inkişafdan kənarlaşdırmayın. Amma ona deyilirdi ki, yox, sən özünü yaxşı aparmırsan, sənə filan silahları vermirik, bu layihədən səni çıxarırıq və s. Bu gün isə Türkiyə diqtə tərəfidir. Bunu Türkiyənin Rusiya ilə yaxınlaşması kimi qələmə vermək doğru deyil. Bu, qətiyyən belə deyil”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev