“Azərbaycanlıları təxribata getməməyə çağırırıq” - <font color=red> MAİ rəhbəri</font>

Aktual

10.10.2020 - 22:00

Şamil Tağıyev: “Ermənilər bizimlə olan problemlərini Rusiyaya daşımaq istəyə bilərlər”

 

Qarabağda gedən müharibədə, vətəninə kömək etmək istəyən xeyli sayda Rusiyada yaşayan azərbaycanlı var. Bunu AYNA-ya Moskva Azərbaycanlıları İcmasının (MAİ) rəhbəri Şamil Tağıyev deyib.

 

Onun sözlərinə görə, münaqişənin ilk günündən etibarən Rusiyanın bütün bölgələrindəki Azərbaycan icmaları fəal işləyir: “Ancaq azərbaycanlıların ən böyük icması Rusiyanın paytaxtındadır və hərbi əməliyyatlar başlayan kimi, dərhal soydaşlarımızı hər hansı bir təxribata getməmələri üçün xəbərdarlıq etməyə başladıq. Çünki, iyul hadisələrində ermənilərin Moskvada qeyri-sabitliklə nəticələnən münaqişə vəziyyəti yarada bilmələrini yaxşı xatırlayırıq”.

Oxu.az - Şamil Tağıyev: “Erməniləri niyə Rusiyadan deportasiya etməyə  başlayacaqlar?” - ŞƏRH

Həmsöhbətimiz bildirib ki, ermənilər cəbhədə məğlubiyyətlə üzləşirlər və Moskvada bütün bunları başa düşürlər: “Ona görə də ermənilər bizimlə olan problemlərini Rusiyaya daşımaq istəyə bilərlər. Ermənilərin bu cəhdi sonradan özlərini qurban kimi göstərməyə yönəlib. İndi eyni tendensiyaları görürük. Bu tendensiya ilə mübarizə aparırıq, Rusiya Erməniləri Birliyinin başçısının Qarabağa göndərmək üçün Rusiya ərazisində hərbi birləşmələr yaratmağa çağırışı ilə əlaqədar Federal Təhlükəsizlik Xidmətinə və İstintaq Komitəsinə müraciət göndərmişik. Bu müraciət Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsinə aiddir və bunlardan da biri 208-ci (Silahlı dəstələrin təşkili və döyüşlərdə iştirak) maddəsidir. Artıq xüsusi xidmət orqanları bu vəziyyəti araşdıracaq”.

 

İcma rəhbəri Moskvada yaşayan azərbaycanlıların hər gün ona müraciət etdiklərini diqqətə çatdırıb: “Hər gün onlarla insan mənə zəng edərək vətənlərinə necə faydalı ola biləcəklərini soruşurlar, lakin bizim məqsədimiz insanların düzgün məlumat alması və yalnız rəsmi məlumatlara inanmasıdır. Tarixi vətənlərinə kömək etmək istəyən çox sayda insan var ki, onlar indi vətənlərinə uçmaq və döyüş əməliyyatlarında iştirak etmək istəyirlər. Lakin bu məsələ icmaların səlahiyyətində deyil, səfirliyin səlahiyyətindədir və onlar da səfirliyə müraciət edirlər”.

 

Tağıyev əlavə edib ki, bu gün Azərbaycanın könüllülərə ehtiyacı yoxdur: “Çünki ehtiyatda olan, amma döyüşə can atan bir çox insan resursumuz var. Biz bir icma olaraq həmvətənlərimizin təxribat xarakterli hərəkətlərdə iştirak etməməsi istiqamətində çalışırıq. İndi sosial şəbəkələrdə bir informasiya müharibəsi gedir və hər xəbərin yoxlanılmasına ehtiyac var. Ermənilər vaxtaşırı feyk xəbərlər yayırlar. Bizim əsas vəzifəmiz Rusiyada yaşayan azərbaycanlılara qarşı yönələn düşmənin saxta məlumat hücumunun qarşısını almaqdır. Bu gün Rusiyada gənc, səriştəli azərbaycanlı jurnalistlər, ekspertlər, politoloqlar çox fəal şəkildə müxtəlif KİV-lərlə işləyir və Rusiya ictimaiyyətinə münaqişə ətrafında baş verən həqiqətləri izah edirlər”.

Müəllif: Nicat Hacıyev