Bezalel Smotriç və İtamar Ben-Qvirə qarşı tətbiq edilən giriş qadağası da ləğv edilib
Sloveniya Xarici İşlər Nazirliyi (XİN) əvvəlki hökumət tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahuya, eləcə də İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı tətbiq edilən giriş qadağasını ləğv edib.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Sloveniya hökumətinin Mətbuat Xidmətindən bildirilib ki, "Bu, İsrail ilə normal siyasi dialoq üçün şəraiti bərpa edəcək. Siyasi dialoq və sakit diplomatiya vasitəsilə Sloveniyanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq səylərində rolu gücləndiriləcək".
Qeyd edək ki, rəsmi Lyublyana 2024-cü ilin iyun ayında Fələstinin müstəqilliyini tanıyıb. 2025-ci ilin iyul ayında Sloveniya hökuməti Avropa İttifaqında Smotriç və Ben-Qvirin ölkəyə girişini qadağan edən ilk ölkə olub. O dövrdə Sloveniya Xİ bu tədbiri Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün İsrail hökumətinə təzyiq kimi xarakterizə etmişdi.
Yanez Yanşanın rəhbərlik etdiyi yeni Sloveniya hökuməti iyunun 4-də ölkə parlamenti tərəfindən təsdiqlənib. Siyasətçi dəfələrlə əvvəlki hökumətin İsrailə qarşı siyasətini, o cümlədən Fələstinin müstəqilliyinin tanınması kontekstində yenidən nəzərdən keçirmək niyyətində olduğunu bildirib. Yanşa hökumətinin təsdiqindən sonra İsrailin xarici işlər naziri Gideon Saar İsrailin ilk dəfə Lyublyanada səfirliyini açacağını bəyan edib. Cümə axşamı günü Sloveniya hakimiyyəti İsrailə hərbi ixracata qoyulan qadağanı ləğv edib.