Siyasi dəyişiklik tələbi: 29 partiya lehinə, YAP, AXCP və Müsavat əleyhinə

Siyasət

22.08.2022 - 10:16

BQP sədri: “Siyasi partiyaların fəaliyyətinə yenidən baxılmalıdır”

REAL təmsilçisi: “Seçki Məcəlləsində də dəyişikliklər qaçılmazdır”

Müsavat funksioneri: “YAP-dan sonra öz mövqeyini bildirəcəyik”

Azərbaycanda fəaliyyət göstərən 29 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərlə çıxış edib. Lakin Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyaları (AXCP) ilə yanaşı, hakim Yeni Azərbaycan Partiyası (YAP) da bu müraciətə qoşulmayıb.

Qeyd edək ki, bir ay öncə Azərbaycan Parlamentində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ünvanlayıb.

Müraciətdə partiyaların qeydiyyat prosesinin sadələşdirilməsi, həmçinin qeydiyyatın yenidən dəqiqləşdirilməsi, partiya üzvlərinin sayının artırılması, seçkilərdə iştirakla bağlı məsələlər, televiziya və kütləvi informasiya vasitələrində (KİV) efir və yayım haqqının verilməsi və digər məsələlər öz əksini tapıb.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 30 il öncə qəbul edilib və sonradan müxtəlif dəyişikliklərə məruz qalıb.

Müraciət müəlliflərindən olan Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 30 il qabaq qəbul edilib və bu səbəbdən yenilənməsinə ehtiyac var: “30 il kifayət qədər uzun müddətdir. O zamandan dünyada və Azərbaycanda çox ciddi dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb. Bu mənada siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunun da təkmilləşməsinə ehtiyac var”.

“Böyük Quruluş Partiyası olaraq bizim də yeni qanuna dair öz təkliflərimiz var. Birinci təklifimiz partiya üzvlərinin sayının artırırlması ilə bağlıdır. Digər təklif isə seçkilərlə əlaqədardır. Ən azı iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatına məhkəmə qaydasında baxıla bilər. Çünki partiyalar əsasən seçki məsələsinə fokuslanmalı və diqqət ayırmalıdır”, - deyə siyasətçi bildirib.

BQP sədrinin sözlərinə görə, parlamentdə təmsil olunan siyasi partiyalar üçün ali qanunverici orqanda fraksiya yaradılması məsələsi sadələşdirilməlidir: “Siyasi partiyaların fəaliyyətinə münbit şəraitin yaradılması, onların arasında sağlam rəqabətin formalaşması, seçkilərdə iştirakı baxımından əlverişli şəraitin mövcudluğu baxımından dəyişikliklər qaçılmazdır. Biz də bütün bu reallıqları nəzərə alaraq, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair müvafiq təkliflərimizi irəli sürmüşük”.

Müraciət müəlliflərindən olan REAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə AYNA-ya açıqlamasında qeyd edib ki, “Siyasi partialar haqqında” qanunla yanaşı, Seçki Məcəlləsinə də dəyişiklikləri labüd sayır: “Çünki Azərbaycan Respublikasının Konstutisiyasına dəyişiklik edilmədən, eyni zamanda mövcud iqtisadi şəraitdə dəyişikliklər paralel aparılmalıdır. Siyasi partiyalar üçün mövcud qanunda tətbiq olunan məhdudiyyətlər aradan qaldırılmalıdır. Parlament və bələdiyyə seçkilərində partiyaların üzvləri üçün imza toplanması qaydası ləğv edilməlidir. Bunu həyata keçirmək üçün isə siyasi partiyaların say məsələsinə yenidən aydınlıq gətirilməlidir”.

“Digər yandan prezident seçkilərində tələb olunan imzadan artıq səs toplayan namizədi irəli sürən partiya üçün növbəti seçkilərdə imza tələbi olmamalıdır. Ali qanunverici orqanda təmsil olunan partiyaların təmsilçilərinə İctimai Televiziyada efir vaxtı müəyyən edilməli və bu müddət ən azı həftədə yarım saatdan az olmamalıdır”, - deyə həmsöhbətimiz söyləyib.

Cəfərli hesab edir ki, partiyaların qeydiyyatı ilə yanaşı, onun qeydiyyatının ləğvi məsələsinə də qanunda aydınlıq gətirilməlidir: “Siyasi partiya ard-arda iki dəfə ümumi parlament, ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv olunmalıdır. Partiyanın sədri və funskionerləri ölkənin ərazisində daimi yaşamalıdırlar. Bütün bunlar yeni qanun layihəsində öz əksini tapmalıdır”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məsələyə dair AYNA-ya şərhində deyib ki, Azərbaycanda qanun dəyişiklikləri əksər hallarda daha ciddi məhdudlaşmalara gətirib çıxarır: “Bu mənada “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən ciddi gözləntilərimiz yoxdur. Yəqin ki, bu qanunla ölkədə siyasi fəaliyyət göstərmək daha da çətinləşəcək. Mövcud olan qanun mütərəqqidir, lakin ona riayət olunmur”.

“2000-ci ilin parlament seçkilərində proporsional sistem üzrə Müsavat Partiyası qələbə qazandı və bundan sonra YAP iqtidarı Konstitusiyada dəyişilik etdi. Proporsional seçki sistemini ləğv edərək, yalnız majoritar seçki sistemini saxladı. Məqsəd siyasi partiyaların fəaliyyətinə maneçilik yaratmaq və onları öz nəzarətinə almaq idi. İndiki halda yenidən bu mövzunun gündəmə gətirilməsi bir daha onu göstərir ki, hakimiyyət siyasi partiyaların fəaliyyətini tənzimləmək və öz maraqlarına uyğunlaşdırmaq istəyir”, - deyə müsahibimiz vurğulayıb.

Müsavat Partiyasının bu təşəbbüsə qoşulmaması barədə danışan partiya funksionerinin sözlərinə görə, ictimaiyyət müraciətin mətni ilə bağlı məlumatsızdır: “Bu müraciətdə hansı məqamlar öz əksini tapıb, “Siyasi partiyalar haqqında” qanuna hansı dəyişikliklər təklif olunur, bu barədə xəbərsizik. Nəinki, Müsavat Partiyası, ictimaiyyət də bundan məlumatsızdır. Yeni Azərbaycan Partiyasının niyə bu müraciətə qoşulmadığı da qaranlıq məqamdır. Hakim partiya bununla bağlı öz mövqeyini ifadə etdikdən və təkliflərin mətni ictimaiyyətə elan olunduqdan sonra Müsavat Partiyası da öz mövqeyini bildirəcək”.

Qeyd: Mövzu ilə bağlı YAP-dan münasibət öyrənmək cəhdimiz nəticəsiz qaldı. Partiyanın mərkəzi qərargahından bununla bağlı sualımıza cavab ala bilmədik.

Müəllif: Azər Niftiyev