Misir Prezidenti amerikalı həmkarını ali dövlət mükafatı olan Nil ordeni ilə təltif etmək qərarına gəlib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi amerikalı həmkarı Donald Trampı Ərəb Respublikasının ali dövlət mükafatı olan Nil ordeni ilə təltif etmək qərarına gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə Misir liderinin ofisi məlumat yayıb.
“Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampı Nil ordeni ilə təltif etmək qərarına gəlib. Bu, Amerika Prezidentinin münaqişənin həllinə verdiyi töhfələr, o cümlədən Qəzza zolağında müharibənin dayandırılmasındakı roluna görədir”, - bildirilib.
Nil ordeni 1915-ci ildə təsis edilib və Ərəb Respublikası qarşısında xidmətlərinə görə həm misirlilərə, həm də xarici vətəndaşlara verilir. Onu alanlar arasında vaxtilə Böyük Britaniya Kraliçası II Yelizaveta, Yaponiyanın 125-ci İmperatoru Akihito, Cənubi Afrika Respublikasının Prezidenti Nelson Mandela, Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşov, həmçinin sovet kosmonavtları Yuri Qaqarin, Andriyan Nikolayev və Valentina Tereşkova da olub.