Sıra səfirlərə çatdı: Diplomatik “təmizləmə”, yoxsa ənənəvi əvəzləmə?

Siyasət

25.07.2021 - 10:28

Nəsib Məhəməliyev: “Hər bir diplomat bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”

 

Əhəd Məmmədli: “Bu günə qədər səfirliklərdə çalışanların çoxu məmurların qohumları idi”

 

Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında, Kamil Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, Qaley Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Tahir Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Tahir Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Qeyd edək ki, bir neçə gün öncə də bir neçə səfir geri çağırılmışdı. Prezident İlham Əliyev 44 günlük vətən müharibəsi zamanı diplomatik korpusları tənqid edərək, onları aktiv fəaliyyətə səsləmişdi. Eyni zamanda Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə bağlı qəbul edərkən diplomatik korpuslara milli ruhlu kadrların təyin olunmasının vacibliyini xatırlatmışdı.

 

Bəs, görəsən səfirlərin geri çağırılması diplomatik korpusların fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı ola biləcəkmi?

Image result for nəsib məhəməliyev

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya şərhində deyib ki, Azərbaycanın diplomatiyası hücum diplomatiyası olmalıdır: “Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar ortaya çıxıb. Azərbaycan Ordusunun tarixi zəfərindən sonra ölkəmizə qarşı təzyiqlər artıb. Bəzi qüvvələr ölkəmizin tarixi qələbəsini həzm edə bilmir. Şübhəsiz, erməni diasporunun da bu məsələdə rolu böyükdür. Bu səbəbdən post-müharibə dövründə çox ciddi işləməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın diplomatiyası hücum diplomatiyası olmalıdır. Dövlət başçısı ötən ilin iyulunda yeni xarici işlər nazirini qəbul edərkən bəyan etmişdi ki, “bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər”. Bu, bir mesaj idi və hər bir diplomat bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

 

Deputatın sözlərinə görə, digər sahələrdə olan islahatlar bu sahədən də yan ötmədi: “Bilirsiniz ki, Azərbaycanda kompleks islahatlar prosesi həyata keçirilir. Hakimiyyətin bütün qollarında – istər qanunverici olsun, istərsə də icraedici, köklü islahatlar həyata keçirilir. Elə bir sahə yoxdur ki, bu prosesdən kənarda qalsın. Təbii ki, xaricdəki səfirliklərimiz və konsulluqlarımız da bu prosesdən kənarda qala bilməzdi”.

 

“Diplomatik korpuslar və diaspor təşkilatları birgə fəaliyyət göstərərək, Azərbaycanın maraqlarını ən yüksək səviyyədə təmin etməlidir. Biz haqlı və qalib xalqıq və mövqeyimizi müdafiə etmək üçün kifayət qədər əsaslarımız var. Digər yandan, məmurların, o cümlədən səfirlərin təyinatı və geri çağırılması Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Bütün dünyada səfirlərin vaxtaşırı olaraq əvəzlənməsi və rotasiyası baş verir. Bu, normaldır”, - deyə Məhəməliyev vurğulayıb.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

AYNA-ya danışan politoloq Əhəd Məmmədli hesab edir ki, səfirliklərin və konsulluqların təyinatı zamanı qohumluq əlaqələrinə yer verilməməlidir: “Çox təəssüflər olsun, bizim xaricdəki səfirliklərin, konsulluqların fəaliyyəti bərbad vəziyyətdədir. Bu günə qədər əsas təyinatlar şəxsi əlaqələr üzərindən olub. Və təsadüfi deyil ki, bu gün diplomatik korpuslarda çalışan çoxlu sayda məmur qohumları var. Tapşırıqla təyin edilən məmurlar təbii ki, vəzifəsinə və dövlətinə can yandırmayacaq”.

 

“Üç mühüm ölkənin nümayəndələri – ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya səfər etməkdən imtina etdilər. Düzdür, burada xristian faktoru, erməni lobbisi, siyasi maraqlar amili də var. Lakin o da var ki, bizim adını çəkdiyim dövlətlərdə olan səfirliklərimiz zəif işləyir. Səfirliklərdə milli və peşəkar kadrlar təmsil olunmalıdır. İndiki halda diplomatik korpuslarda islahatlar aparılması zəruridir və biz bunu alqışlayırıq”, - deyə analitik söyləyib.

 

Məmmədli diplomatik korpuslar və diaspor təşkilatlarının birgə fəaliyyət göstərməli olduğunu qeyd edib: “Səfirlik və konsulluqlarda olduğu kimi, diaspor sahəsində də vəziyyət çox pisdir. Vətən müharibəsi zamanı diaspor təşkilatları bir araya gəldi. Lakin bəzən bundan həmin ölkədə olan səfirliklərin və diaspor təşkilatlarının xəbəri olmurdu. Sadəcə soydaşlarımız təşəbbüs göstərərək ortaya mövqe qoyur və Azərbaycan həqiqətlərini dünyaya yayırdılar”.

 

“Düşünürəm ki, nəhayət, bu kimi hallara son qoymağın zamanıdır. Bu müharibə bizə çox şey öyrətdi. Və qarşıdakı dönəmdə vətəninə, millətinə, dövlətinə bağlı şəxslərə yer verilməlidir. Əgər ortada bununla bağlı siyasi iradə varsa, biz bunu ancaq təqdir edirik. Yox əgər bir məmur qohumunu çıxarıb, yerinə digər məmurun qohumunu təyin edəcəklərsə, vəziyyət yenə də olduğu kimi qalacaq. Bundan da heç bir nəticə gözləməyə dəyməz”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev