Simonyanlar deyil, azərbaycanlı deputatlar üzr istəməlidir? - <font color=red> Rus “həqiqəti”</font>

Aktual

11.06.2021 - 23:32

Rus xalqının heç vaxt ksenofobiyadan əziyyət çəkmədiyini iddia edənlərin diqqətinə çatdırırıq ki...

 

Bir həftədən çoxdur ki, Rusiya mediasının diqqəti Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin faciəli ölümündən sonra baş verən hadisələrə yönəlib. Azərbaycanlı gəncin ölümündə şübhəli bilinən yol polisi baş müfəttişi Aleksandr Qusev ev dustaqlığına alındı, bu işdə saxlanılan iki gənc azərbaycanlı istintaq təcridxanasında nəzarətə götürüldü.

 

Bu hadisə Abdullayevin milliyyətinə yönəldilmiş aksent edilməsi səbəbiylə Rusiyada geniş rezonansa səbəb oldu. Bu prosesə istənilən yolla Qusevə haqq qazandırmağa çalışan və hətta bir azərbaycanlının qətlinə görə mükafatlandırmağa hazır olan sayıq erməni lobbiçiləri də qoşuldu.

 

Beləliklə, “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan, Qusevin təsadüfən vurulub-vurulmaması barədə fərziyyələr uydurmağa başladı. Onun tabeliyində olan Mariya Butina isə daha da irəli gedərək Qusevin həyatı və sağlamlığı üçün təhlükə olduğunu elan etdi və hakimiyyəti yalnız ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə deyil, ona mükafat verməyə də çağırdı.

 

Rusiyadakı Azərbaycan diasporunun və Azərbaycan ictimaiyyətinin Abdullayevin ölümünə reaksiya göstərməsi olduqca təbii bir haldır. Bu da öz növbəsində qərəzli Rusiya mediasında əks reaksiyaya səbəb oldu. Beləliklə, “pravda.ru” nəşri hadisədən kənarda qalmamağa qərar verdi və Lyubov Stepuşovanın bu barədə qərəz dolu məqaləsini yayımladı.

 

Nəşrə görə, Stepuşova Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin İqtisadi coğrafiya bölməsinin məzunu və portuqal dilində səlis danışan Latın Amerikası və Afrika üzrə bir mütəxəssisdir. 2007-ci ildən bəri “pravda.ru” saytının Portuqaliya versiyasının redaktoru və müəllifidir. Görünür, Azərbaycanın hadisəyə reaksiyası Stepuşinanı o qədər həyəcanlandırıb ki, o, öz diqqətini Latın Amerikasından ölkəmizə yönəldib.

 

Beləliklə, o, Milli Məclis deputatlarının Rusiya Prezidenti Vladimir Putinə müraciətinə istinad edərək, xalq nümayəndələrinin Butinanı təhqir etdiyini qeyd etdi. Azərbaycanlı millət vəkilləri müraciətlərində Butinanın açıqlamasını Rusiyada ksenofobiya və dözümsüzlüyü aşılamaq kimi qiymətləndirdiklərini bildirdilər. Əgər Stepuşova azərbaycanlı deputatların Butinanın Amerika həbsxanasında ruhi travma almasını “Russia Today” işçisinin təhqir edilməsi hesab edirsə, qoy bu ilin aprel ayında Novosibirsk Dövlət Universitetinin tələbələri ilə o xanımın görüşünün təfərrüatı ilə maraqlansın. Tələbələr ona cavablarına görə lağ etdilər və Butinanın qeyri-adekvat cavabları onsuz da onun psixoloji durumunu göstərdi.

 

Yazısında Butinaya haqq qazandıran müəllif Qusevin qanuni davrandığını və ona olan hücumları “Rusiyaya qarşı bir siyasi sifariş” hesab etdiyini yazır. Maraqlıdır, xidməti silahla silahsız, baş yol polisi müfəttişinin həyatı üçün təhlükə yaratmayan bir azərbaycanlını güllələyən Qusevə hansı faktlarla bəraət vermək olar?

 

Azərbaycana qarşı ittihamlarında müəllif daha da irəli gedərək üzr istəməyənin Butina olmamasını, əksinə azərbaycanlı millət vəkillərinin Mi-8 helikopterinin 2020-ci ilin noyabrında vurulması səbəbindən rus pilotlarının ölümünü araşdıracaq bir komissiya belə, yaratmadıqlarına görə bunu etmələrini iddia etdi. Əgər Stepuşova xəbərdar deyilsə, bilsin ki, Azərbaycan artıq vurulmuş helikopterə görə üzr istəyib və bununla bağlı açılan cinayət işinin istinaqı davam edir.

 

Rus xalqının heç vaxt ksenofobiyadan əziyyət çəkmədiyi sözlərinə gəldikdə, Stepuşova Dövlət Dumasının deputatı Vitali Milonovun azərbaycanlılara ünvanladığı təhqiramiz sözləri xatırlasa, sonra da boş vaxtlarında “çernostençı”lar barədə ədəbiyyat oxusa, daha yaxşı olar.

 

Əgər Stepuşova özünü əsl rus vətənpərvəri hesab edirsə, Azərbaycanı etnik rusları sıxışdırmaqda, GUAM-da iştirak etməkdə və Qəbələ RLS-dən rus hərbiçilərinin çıxarılmasında günahlandırdığı məqalənin özü ksenofobiyanın təsdiqi deyilmi?

Müəllif: Asif Aydınlı