“Səssiz və qansız” əməliyyat: “Azərbaycan Ordusu sərhəd postunun qurulacağı yerdədir”

Aktual

30.03.2023 - 18:12

Hərbi ekspert: “Azərbaycan göstərir ki, kimin nə deməyindən asılı olmayaraq, sərhəd-keçid məntəqəsi quraşdırılacaq”

Azərbaycan Ordusu Qarabağda daha bir əməliyyat keçirib. Yerli medianın “səssiz əməliyyat” adlandırdığı əməliyyatla Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində bir sıra yüksəklikləri nəzarətə götürülüb. Azərbaycan Müdafiə Nazirliyi Qarabağda baş verən proseslərlə bağlı məlumat yayıb. Bildirilib ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Yerli ekspertlər bildirirlər ki, Azərbaycan Ordusunun nəzarətə aldığı ərazilər sərhəd-keçid məntəqəsinin və gömrük postunun qurulmasının tezliklə başlayacağı ehtimallarını artırır.

Baş verən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan-Azərbaycan sərhədində və Qarabağda aktivləşmə müşahidə edilirdi:

- Ermənistandan Xankəndiyə hərbi yüklərin, silah-sursatın daşınması faktları ortaya çıxdı, Azərbaycan ortaya videogörüntülər qoydu. Təəssüf ki, separatçılara silah-sursat daşınmasına Rusiya sülhməramlıları şərait yaradır, onlara himayədarlıq edirlər. Bakıdan verilən bəyanatlar nə sülhməramlı kontingentin, nə də erməni separatçılarının davranışlarında dəyişikliyə gətirib çıxardı. Həmin arada Azərbaycan Qarabağdakı erməniləri ikinci dəfə Bakıya görüşə dəvət etdi, reinteqrasiya məsələlərinin müzakirəsinə çağırdı. Lakin onlar görüşdən imtina etdilər, bununla yanaşı, şərtlər irəli sürməyə başladılar, özlərini “tərəf” kimi göstərməyə başladılar. Rəsmi Bakı da gördü ki, bunlar yola gəlmirlər, özlərini “böyük” görürlər. Azərbaycanın başqa çıxış yolu qalmadı və addım atmağa başladı. Silah-sursat daşınan Turşsu-Xəlfəli yolunu Azərbaycan Ordusu nəzarətə götürdü, şərti adı 2054 olan yüksəklikdə qərar tutduq. Dünənki əməliyyat da bunun davamıdır. Bu, “səssiz və qansız əməliyyat” sayılır.

- Sizcə, Azərbaycan Ordusunun “səssiz və qansız” əməliyyatı davamlı olacaq?

- Təbii ki, davamlı olacaq. Bu proses ötən ilin mart ayından- Fərrux əməliyyatı ilə başlayıb. Orada ermənilər müqavimət göstərdilər deyə, əməliyyat qanlı oldu. Onlar dərk edirlər ki, müqavimət göstərsələr, başları əziləcək. Turşsu-Xəlfəli yolunu nəzarətə götürməklə xəbərdarlıq etdik ki, Azərbaycanın bəyanatlarını ciddi qəbul etmək lazımdır. Azərbaycan tərəfi “bu yolverilməzdir” dedikdə separatçılar elə başa düşürlər ki, bu, adi sözdür. Əslində isə bu o deməkdir ki, qeyri-qanuni əməllərin qarşısı qətiyyətlə alınacaq. Xoşluqla olmursa, zorla məsələ həllini tapmalıdır.

- Yeni nəzarətə götürülən ərazilər Azərbaycana hansı hərbi üstünlüklər verir?

- Bu “səssiz və qansız” əməliyyatla həm Ermənistanla sərhədimizin böyük hissəsinə nəzarəti bərpa etdik, həm Ermənistanın sərhəddəki ərazilərinə nəzarət imkanı qazandıq, həm də Qarabağa qeyri-qanuni daşınmaların qarşısını aldıq. Çünki orada bəzi yollardan gizlin şəkildə separatçılar istifadə edirdilər. Eyni zamanda, mənəvi-psixoloji cəhətdən həm separatçılar, həm Ermənistan, həm də onlara havadarlıq edən qüvvələr dərin təəssüf hissinə qapıldılar. Bir çoxları düşünürdülər ki, ərazidə rus hərbçiləri varsa, oraya Azərbaycan müdaxilə edə bilməz, yaxın getməz. Bu əməliyyatlar göstərir ki, məsələ heç də separatçıların və Ermənistanın düşündüyü kimi deyil.

- Belə fikirlər var ki, Azərbaycan artıq sərhəd-keçid məntəqəsinin, postun quraşdırılmasına hazırlaşır...

- Bu fikirlərlə razıyam. Hazırda Azərbaycan Ordusu postun, keçid məntəqəsinin qurulacağı yerdədir. Məsələ burasındadır ki, buna qarşı olan Rusiya da artıq anlayır ki, məsələ bitməlidir. Rusiyanın xarici işlər naziri Bakıda səfərdə olarkən sərhəd postlarına qarşı çıxmışdı. Amma Azərbaycan göstərir ki, kimin nə deməyindən asılı olmayaraq, sərhəd-keçid məntəqəsi quraşdırılacaq.

Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatın bəndlərinin bir-bir yerinə yetirilməsi ilə məşğuldur. O sənəddə göstərilənlər icra olunmalıdır. Nə Rusiya, nə Ermənistanm bu günədək Bəyanatın müddəalarına əməl etmədilər, əksinə, o bəndləri pozmaqla məşğul oldular. İndi Azərbaycan məcburi şəkildə sənədin icrasını həyata keçirir. Buna Azərbaycan Ordusunun gücü, imkanları hesabına bu həllini tapır. Həm də qarşımızda duran qüvvələrə atdığımız addımları həzm etdiririk, hansı ki, bu, çox vacibdir.

- Proses nəyə doğru gedir – birdəfəlik həllə, yoxsa...

- Təbii ki, məsələnin həllinə doğru gedir. Birincisi, Rusiya sülhməramlıları anlamalıdırlar ki, onlar Azərbaycan ərazisindədirlər, qonaqdırlar və özlərini qonaq kimi aparmalıdırlar. Bu günədək ruslar erməni separatçılarına, Ermənistana hər vəchlə yardım etdilər, himayədarlıq etdilər. Artıq “yetər” deyirik. Ruslar bundan sonra özlərini normal aparmasalar, onların qalma müddətindən tez Qarabağaı tərk etmələri gündəmə gətirilə bilər.

İkincisi, Qarabağdakı ermənilər anlamalıdırlar ki, ya inteqrasiya olunmalıdırlar, ya da birdəfəlik Qarabağı tərk etməlidirlər. Artıq proses başlayıb. Hesab edirəm ki, dünən nəzarətə götürülən ərazilər Fərrux əməliyyatının davamıdır. Ümumi kontekstdən yanaşsaq isə bu, Vətən müharibəsindəki parlaq qələbəmizin davamıdır.

Bu gün baş verən proseslər cənab Ali Baş Komandanın Orduya verdiyi əmrinin qansız, qadasız, yüksək peşəkarlıqla həyata keçirilməsidir.

- Xarici ekspertlər, əsasən də rusiyalı analitiklər bildirirlər ki, yaxın günlərdə Qarabağda qanlı toqquşmalar olacaq. Sizcə, böyük hərbi toqquşmalar gözlənilirmi?

- Məncə, geniş hərbi toqquşmalar gözlənilmir. Daha doğrusu, Ermənistan ordusunun bunun üçün potensialı yoxdur. Yüksəkləri itirə-itirə düşüblər dərənin dibinə, necə müqavimət göstərəcəklər?! Toqquşmalar üçün meydan lazımdır, güc lazımdır, ordunun mənəvi-psixoloji vəziyyətinin yüksək olması lazımdır. Bunların heç biri Ermənistan ordusunda yoxdur. Erməni əsgəri ölməyə hazır olsaydı postları niyə müqavimətsiz tərk edirdi?! Faktların dili ilə danışmaq lazımdır. İtirə-itəirə gedən ordu döyüşməyə hazır deyil. Azərbaycan Ordusunun gücünü onlar çox yaxşı bilirlər. Ola bilər ki, bir-iki nəfər risk etsin, atəş açsın. Onların da başları yerindəcə əziləcək.  

Müəllif: Anar Bayramoğlu