BNA: İctimai nəqliyyatda kartlaşmaya tam keçildikdən sonra həmin təcrübənin tətbiqindən danışmaq olar
Xarici ölkələrə səfər edənlər, ayaq basdıqları şəhərdə ilk növbədə ictimai nəqliyyatla maraqlanırlar. Daha doğrusu, ictimai nəqliyyatın daha ucuz başa gələn növü ilə.
Bu istiqamətdə Avropada xeyli maraqlı təcrübələr tətbiq olunur. Məsələn, metro və sərnişin avtobuslarından istifadə üçün xüsusi paket kartlar var ki, onlara birdəfəlik gedişhaqqı yükləməklə, bir günlük, bir həftəlik, bir aylıq yaxud daha uzun müddətə limitsiz istifadə etmək mümkündür.
Avstriyanın paytaxtı Vyanada, dəyəri 8 avroya olan kart vasitəsilə gün ərzində ictimai nəqliyyatın bütün növlərindən istədiyin qədər istifadə edə bilərsən. Bu, daha ucuz başa gələn variantdır. Əks halda, həmin şəhərdə belə bir kartın yoxdursa, metro, avtobus, tramvay və trolleybuslardan hər istifadə etdiyin zaman 2.50 avro ödəmək lazımdır.
Düzdür, hələ bizim ölkəmizdə nəqliyyatda ödənişləri həyata keçirən vahid kart sistemi tamamilə tətbiq olunmayıb. Bununla belə, ölkədə turizmin inkişafından danışmaq istədiyimiz bir vaxtda bu tip tətbiqlərin də olmasını arzulayırıq. Bəs nəqliyyat sektoruna cavabdeh olan qurumlar necə, nə vaxtsa ölkədə bu tip kartların istifadəyə verilməsi haqqında düşünürmü?
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AYNA-ya açıqlamasında bildirib ki, hazırda qarşıda duran əsas məsələ nağdsiz ödənişin əhatəsini genişləndirməkdir: "Bu gün ictimai nəqliyyatda yalnız metroda və 500 ədədə yaxın avtobusda gedişhaqlarının ödənişi “BakıKart” vasitəsilə edilir. Bizdə gedişhaqları tam kartlaşmayıb. Kartlaşma, yalnız 25-30% civarında mövcuddur. Ona görə gərək biz bütün kartlaşma prosesini yekunlaşdıraq. Bu il bütün xətlərin nağdsiz ödənişə keçidi planlaşdırılır. Tam keçid olandan sonra qeyd etdiyiniz məsələlərə baxmaq olar”.
Ülviyyə Şahin