Sərhəd təxribatının arxasındakı güc və üç ehtimaldan birincisi – Versiya çoxdur, amma...

Aktual

14.02.2024 - 14:35

Mərkəz rəhbəri: “Azərbaycan üçün Ermənistan ordusuna kimin əmr verdiyinin fərqi yoxdur, təxribat varsa, adekvat cavabı olacaq”

Ermənistan ordusunun Azərbaycanla şərti sərhəddə snayper təxribatı və Azərbaycan tərəfinin adekvat addımları gərginliyi yenidən artırıb. Rəsmi İrəvan sözügedən təxribatla bağlı açıqlamasında orduya belə bir əmr verilmədiyini, “məsələnin araşdırılacağını və təxribatı törədənlərin məsuliyyətə cəlb olunacağını” açıqlaması burada xarici əlin olacağı ehtimalını artırıb. Ekspertlər hesab edirlər ki, ola bilsin hansısa güc sərhəddə gərginliyin və toqquşmaların olmasında maraqlıdır. Ona görə də Ermənistan ordusu daxilindəki “beşinci kolon”una təxribat əmri verib.

Bir sözlə, təxribatla bağlı versiyalar çoxdur. Fakt isə ondan ibarətdir ki, snayperlə Azərbaycan əsgəri vurulub və buna Azərbaycanın cavab verməməsi mümkün deyil. Əvvəldən də bəyan edilib ki, Ermənistan tərəfindən istənilən təxribata sərt cavab veriləcək. Necə ki, snayper təxribatının cavabı atəş açılan erməni postunun darmadağın edilməsi ilə verildi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, birinci ehtimal odur ki, erməni hərbçisi əmrə tabe olmayıb, özbaşına atəş açıb:

- Bu versiyanı gücləndirən amil Ermənistan Müdafiə Nazirliyinin açıqlamasıdır. Ermənistan tərəfi bildirir ki, araşdırma aparılacaq və hadisəni törədən məsuliyyətə cəlb olunacaq. İlk dəfədir Ermənistan etiraf edir ki, atəş onlar tərəfindən açılıb. Əvvəllər belə təxribatlar zamanı Ermənistan tərəfi Azərbaycanı ittiham edirdi, atəş açmadığını söyləyirdi. İkinci ehtimal odur ki, hansısa xarici güc mərkəzi Ermənistan hərbçilərinin vasitəsilə təxribat törədilməsində maraqlı olub. Üçüncü ehtimal isə odur ki, bu, Ermənistan hakimiyyətinin özünün göstərişi ilə həyata keçirilən təxribatdır. Ola bilər ki, Nikol Paşinyan hakimiyyəti gərginliyi artırmaq, şərti sərhəddəki bir neçə yüksəkliyi geri qaytarmaq istəyir. İkinci və üçüncü ehtimal o qədər də yüksək hesab olunmur. Amma daha bir ehtimal odur ki, burada Rusiya izi görünür.

- ABŞ və Fransanın da adı çəkilir...

- Düzdür, Fransa və ABŞ-ın adı çəkilir. Amma belə bir təxribat ABŞ-ın nəyinə lazımdır? Ona görə də inandırıcı deyil. Fransanın baxmayaraq ki, Azərbaycanla münasibətləri gərgindir, əlaqələr pozulub. Tutaq ki, belə bir gərginliyi Paris yaratdı, sonra bunu idarə edəcəkmi? Məsələn, Azərbaycan Ordusu əks-həmlə edəcək, Fransa Ermənistanı bu halda qoruya biləcəkmi? Əgər təxribatda kənar qüvvə izi varsa, daha çox Rusiyanı göstərmək olar. Paşinyan bir müddət əvvəl açıqlama vermişdi ki, Ermənistan ordusu daxilində “beşinci kolon” var. Ermənistan rəhbərliyi burada Rusiyanı nəzərdə tuturdu. Bu gün Ermənistan ordusunun zabit heyətinin 90 faizdən çoxu SSRİ və Rusiya hərbi akademiyalarını bitirənlərdir. Böyük ehtimalla, onların bir hissəsi də Rusiya hərbi kəşfiyyatına bağlıdırlar. Onlar istənilən əmrləri yerinə yetirə bilərlər. Ermənistan rəsmi açıqlamasında bu təxribatı araşdıracağını bildirirsə, əmrsiz təxribat törədənlərin məsuliyyətinə cəlb ediləcəyini deyirsə və bunda səmimidirsə, o zaman xarici gücün təşkil etdiyi təxribat ehtimalı artır.

- Rusiyanın belə bir təxribatda marağı nədir?

- Rusiyanın məqsədi o ola bilər ki, Azərbaycanın əli ilə ona qarşı çıxan Paşinyanı cəzalandırsın. Bununla eyni zamanda, Moskva Paşinyanın mövqelərini zəiflətməyə çalışır. Hesab edirəm ki, son hadisə Azərbaycanı yox, daha çox Paşinyan hökumətini düşündürməlidir. Azərbaycan öz işini gördü, təxribata adekvat cavab verdi, ermənilərin postu darmadağın edildi. Paşinyan anlamalıdır ki, əmrsiz təxribat törədə bilən hərbçilər silahları bir gün onun özünə də tuşlaya bilər. Paşinyan dediyi “beşinci kolon”la mübarizəni gücləndirməlidir.

- Erməni mediasının iddiasına görə, təxribat “Yerkrapa”adlı erməni terror qruplaşması tərəfindən törədilib...

- Əlbəttə, mümkündür ki, bu təşkilat öz ağılınca “qisas” cəhdi etsin. Amma yenə də bu Paşinyan hökumətinin problemidir. Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərksilah etməsi olmalıdır. Bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil. “Yerkrapa”ya əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş “Qarabağ klanı”nın rəhbərləyinə qədər, bir çox mərkəzlər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərksilah etməsə, bu, Ermənistana baha başa gələ bilər.

Hesab edirəm ki, rəsmi Bakının İrəvandan tələbləri sırasına “Yerkrapa” qruplaşması tərksilah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır.

- Təxribatın hazırda gedən sülh prosesinə mənfi təsirləri nələrdir?

- Bəziləri bildirir ki, son hadisə sülh prosesinə zərbədir. Amma mən əksinə baxmağın da tərəfdarıyam. Son hadisə sülh prosesini aktivləşdirə bilər. Paşinyan anlamalıdır ki, sülh danışıqlarında fasilə, prosesdə geriləmə ona və hakimiyyətinə ziyandır. Azərbaycanla sülh sazişi onun hakimiyyətini təhlükəsizlik baxımından sığortalamış olar. Yox, qeyri-müəyyənlik davam edərsə, Paşinyan hakimiyyətini ciddi təhlükələr gözləyir.

- Nəzərə alsaq ki, Avropa platformasında iki görüşdən Rəsmi Bakı imtina edib, o zaman Azərbaycan tərəfinin sülh danışıqlarının urmutintensivləşməsində maraqlı olduğunu söyləmək olarmı?

- Bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı oldu və ölkə başçısı Brüsseldə danışıqlara Bakının maraqlı olduğunu diqqətə çatdırdı. Yəni ki, Azərbaycan tərəfi görüşlərdə, danışıqlarda maraqlıdır. Qranada görüşündən Azərbaycan tərəfinin imtinasının obyektiv səbəbləri vardı. Çünki masada Fransa Prezidenti Emmanuel Makron oturmuşdu. Rəsmi Bakı anti-Azərbaycan mövqeyində olan bir ölkə başçısı ilə eyni masada oturmağın mənasız olduğunu hesab etdi. Məncə, bu, doğru qərar idi. Amma Şarl Mişelə Azərbaycanm tərəfindən görüşdə iştirakla bd vaağlı var. Bu vəd də o şərtlə yerinə yetiriləcək ki, danışıqlar masası üçtərəfli qurulsun. Yox, əgər Makron yenə də görüşdə iştirak edəcəksə, o zaman görüş yenə alınmayacaq. Məncə, bunu Mişel də artıq anlayır. Brüssel başa düşür ki, liderlərin görüşünü Makronsuz təşkil etmək lazımdır.

- Yeni təxribat və bununla başlayan gərginliyin artan xətlə inkişafı ehtimalı nə qədərdir?

- Məncə, gərginlik artmayacaq. Ermənistanın bundan sonra başqa həmlə edəcəyi inandırıcı deyil. Çünki Ermənistan rəhbərliyi anlayır ki, yeni təxribata Azərbaycan Ordusu tərəfindən daha dağıdıcı cavab veriləcək. Burada Ermənistan üçün risklər çoxdur. Ona görə də Paşinyan orduya əmr verməlidir ki, toqquşmaya gedilməsin. Eyni zamanda, Paşinyan araşdırmalıdır  ki, snayper təxribatının arxasında hansı qüvvələr dayanır. Bu, Paşinyanın özü üçün maraqlı olmalıdır. Azərbaycan üçün Ermənistan ordusuna kimin əmr verdiyinin fərqi yoxdur, təxribat varsa, adekvat cavabı olacaq.

Müəllif: Anar Bayramoğlu