Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

Aktual

20.10.2020 - 21:17

Tatulova anlamadı ki, övladlarında və ailəsində “erməni qanı” olması ona nasizmi dəstəkləmək hüququ vermir

 

“AnderSon” kafe şəbəkəsinin sahibi və qurucusu, rusiyalı sahibkar Anastasiya Tatulova öz “Facebook” səhifəsində mədəniyyətsiz bir açıqlamaya yol verdi ki, bu da sosial şəbəkənin Azərbaycan istifadəçilərinin haqlı qəzəbinə səbəb oldu. AYNA xəbər verir ki, bu açıqlama Tatulovanın özü üçün də baha başa gəldi: iş qadınının qalmaqallı statusundan bir saat keçməmiş, onun Bakıdan olan ortaqları, franşizadan imtina etdiklərini açıq şəkildə bəyan edərək, “AnderSon” şəbəkəsi ilə işbirliklərini dayandırmaları barədə məlumat verdilər.

 

Xatırladaq ki, böyük hiddətə səbəb olan açıqlamasında Tatulova ermənipərəst bir “sülhməramlı” missiyasını üzərinə götürərək yazırdı: “Niyə müdaxilə edib bu müharibəni dayandırmırıq? Bəli, mən ermənilərin tərəfindəyəm. Əlbəttə! Düşüncələrim, pullarım və hər şeyimlə”.

 

Bir neçə dəqiqə sonra müəllif yazdığını silsə də, artıq çox gec idi. O vaxta qədər yazının görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilir, çaşqınlıq və suallara səbəb olurdu: “Anastasia Tatulova kimdir, niyə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı məsələsində ədalətli deyil və niyə öz ifadəsi ilə Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror hücumları nəticəsində günahsız uşaqların ölümünə dəstək verir?!”

 

Və əsas sual: Ermənipərəst sahibləri olan “AnderSon” kafesi Azərbaycanın paytaxtında necə işləyə bilər?

 

Cavablar Anastasiya Tatulovanın “Facebook” izləyicilərinə yeni “mesajı”nda gəldi: ““Facebook”dakı yazılarımın tarixində ilk dəfə idi ki, yazımı sildim. Eyni zamanda: fikrim dəyişməyib və inanıram ki, öz şəxsi səhifəmdə istədiyim fikri ifadə etmək hüququna sahibəm. Ancaq yazını silirəm. Bu, sülhün qorunmasına verdiyim töhfəmdir. Sülh mənim fikrimdən daha vacibdir”.

 

“Sözlərim dostlarım, həmkarlarım, barrikadanın əks tərəflərində olan bir çox yaxşı insanlar arasında söz müharibəsinə səbəb oldu. Mövzu çox acı oldu. Bütün bunlara görə məni bağışlayın”, - deyə o yazdı.

 

Üstəlik, hamıya uşaqlarının qanında “dörddə biri erməni” olduğunu və ailəsində “erməni qanı olanların çox” olduğunu izah etməyə başladı: “Azərbaycanlılar və ermənilər arasında çox sayda dostum var. Bakıda “AnderSon” kafesi var və tanıdığım azərbaycanlılarla çox isti və səmimi davranıram, çox yaxşı və ədalətli insanlardır. Moskvada ermənilərə və azərbaycanlılara məxsus olan tərəfdaş “AnderSon”larımız var”.

 

Mesajının sonunda uğursuz “sülhməramlı” bu qarşıdurmanın dünyamızı düşmənlərə bölməyəcəyinə ümid etdiyini dilə gətirdi və hər kəsə sülh arzuladı: “Ermənistan və Azərbaycan, mən sizi sevirəm, ailələrinizdə qurban olmasın. Hər birinizi qucaqlayıram”.

 

Azərbaycanlı istifadəçilərin Tatulovanın son iki cümləsini ikiüzlü saxtakarlıq kimi qəbul etməsi təəccüblüdürmü? Birinci postun götürülməsi səbəbindən yeni hamilərindən inciyən erməni təxribatçılar, ikinci hissənin altında narazı şərhlərlə Tatulovanı bombaladılar: “Görünür, Bakıdakı iş sizin üçün ədalət kimi bir dəyərdən daha vacibdir”.

 

“Oy, nə dəhşət! Xahiş edirəm, dayanın. Nə Bakıda, nə də Yerevanda hansısa biznesim var. Mənim o şəhərlərdə tərəfdaşlarım var. Həm ermənilər, həm də azərbaycanlılar. Və onlar layiqli insanlardır”, - deyə Tatulova sosial şəbəkədə özünə haqq qazandırmağa çalışırdı.

 

O, özünə haqq qazandırmağa çalışanda artıq rüsvay olmuş “AnderSon” qurucusunun Bakıda ortaqları da yox idi.

Основательница сети кафе «АндерСон» лишилась франшизы в Азербайджане из-за своей проармянской позиции

“Əziz dostlar! “Anderson Cafe” şəbəkəsinin qurucusu Anastasiya Tatulovanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi və ŞƏXSİ rəyi ilə əlaqədar olaraq, Bakıdakı kafelərin sahibləri bu şəbəkə ilə işbirliyini tamamilə dayandırmağa və franşizanı rədd etməyə qərar verdilər. Kafenin adı tezliklə dəyişdiriləcək. Narahatlıqlarınızı bölüşürük. Təşəkkürlər! Qarabağ Azərbaycandır”, - deyə qurumun “Facebook” və “Instagram” səhifələrində yayımlanan, Bakıdakı “AnderSon” kafesinin rəsmi açıqlamasında bu xoşagəlməz hekayədə son nöqtə qoyuldu.

 

Qeyd edək ki, “AnderSon” kafesi S.Vurğun küçəsi 34 ünvanında, “AF MALL” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir.

 

Və son nəticə:

 

Xanım Tatulova nəzərə almalıdır ki, övladlarında və ailəsində “erməni qanı” olması ona terrorizmi, nasizmi və Ermənistan Respublikasının işğal siyasətini açıq şəkildə dəstəkləməyə yönəlmiş açıq bəyanatlar vermək hüququ vermir.

Müəllif: İradə Əsədova