Vuçiç Avropa İttifaqına üzvlük üçün müraciət edən Priştinanı Vaşinqton razılaşmalarını pozmaqda ittiham edib
“Rəsmi Priştina dekabrın 15-də Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edəcək və bu, Vaşinqton razılaşmalarını birbaşa pozur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Serbiya lideri bu planları Kosovanın razılaşmalara əməl edilməməsinin əlaməti adlandırıb.
Vuçiç xalqa müraciətində Serbiyanın BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi çərçivəsində Kosovo və Metoxiya ərazilərində təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün NATO missiyasına müraciət edəcəyini söyləyib.
“Priştina dekabrın 15-də Brüsseldə böyük səs-küylə Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcək. Bu, Vaşinqton razılaşmalarının dağılmasıdır. Və bu, onların razılaşmalara hörmət etmədiklərinə işarədir”, - Vuçiç deyib.
Serbiyanın Prezident Administrasiyası NATO-nun Kosovo və Metoxiyadakı himayəsi altında beynəlxalq missiyaya təhlükəsizlik qüvvələrinin regionda yerləşdirilməsi ilə bağlı müraciətlə razılaşıb. Vuçiçin sözlərinə görə, Baş nazir Ana Brnabiç hökumətin müraciətlə bağlı qərarını bazar ertəsi və ya çərşənbə axşamı verəcək.
Qeyd edək ki, Serbiya və Kosovo rəhbərliyinin 2020-ci ilin sentyabrında Vaşinqtonda imzaladığı sazişlər Priştinanın beynəlxalq təşkilatlara namizəd kimi irəli sürülməsinə moratoriumun qoyulmasını nəzərdə tutur.
Özünü elan edən Kosovonun Prezidenti Vyosa Osmani tanınmamış respublikanın 2022-ci ilin sonuna qədər Aİ-yə üzvlük üçün müraciət etmək niyyətində olduğunu açıqlayıb. Aİ-Qərbi Balkanlar sammiti ərəfəsində o, Kosovonun icma ölkələrinin dəstəyinə ümid etdiyini bildirib.
Bu arada Kosovonun şimalında və Metoxiyada keçmiş polis zabiti Deyan Pantiç saxlanıldıqdan sonra serblər barrikadalar qurmağa başlayıblar. Dekabrın 10-da yerli “Veçerne Novosti” nəşri yazır ki, vilayətin serblərin yaşadığı şimal hissəsində internet və mobil rabitə işləmir.
Qeyd olunur ki, hadisə yerinə Aİ-nin Kosovodakı missiyasının patrulları, həmçinin NATO-nun Kosovo və Metoxiyadakı himayəsi altında beynəlxalq missiyanın əməkdaşları gəlib.
Serbiya KİV-i özünü elan etmiş Kosovo Respublikasının silahlı polislərinin serblərin yaşadığı Kosovska Mitrovitsa şəhərinə daxil olması barədə məlumat yayıb.
Son məlumata görə, açıq münaqişə və insident qeydə alınmayıb. Lakin şəhərin kişi əhalisi küçələrə çıxmağa başlayıb. Tanınmamış Kosovo Respublikasının şimalında partlayış səsləri eşidilib. Bundan əlavə, “Veçerne Novosti” qəzeti küçələrdə atışma olduğunu yazıb.
Kosovska Mitrovitsa qəsəbəsi ərazisində iki partlayış qeydə alınıb. Atışma səsləri Zubin Potok şəhəri yaxınlığında eşidilib və təxminən 15 dəqiqə davam edib.