SEPAH: İsrailə qarşı əməliyyat gözləniləndən daha uğurlu oldu

Dünya

14.04.2024 - 16:55

“Sionist rejim əvvəlki davranışından əl çəkməli və bu hadisədən dərs çıxarmalıdır”

“İsrailə qarşı əməliyyat gözləniləndən daha uğurlu olub”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hussein Salami deyib.

Salaminin sözlərinə görə, hələlik zərbələr barədə məlumat tam olmasa da, sənədləşdirilmiş məlumatlar əməliyyatın gözləniləndən daha uğurlu olduğunu göstərir.

O həmçinin bildirib ki, işğal olunmuş ərazilərdə yaşayan insanlar, sionist rejimin özü və ABŞ bu zərbələrin dağıdıcı nəticələrini İranın hakimiyyət orqanlarından daha yaxşı anlayıblar: “Sionist rejim əvvəlki davranışından əl çəkməli və bu hadisədən dərs çıxarmalıdır. Əgər sionist rejim hər hansı cavab tədbiri görsə, onların imkanları ilə bağlı əldə etdiyimiz yeni təcrübə əsasında bizim cavabımız, şübhəsiz ki, daha sərt olacaq”.

Salami onu da qeyd edib ki, “Doğru vəd” əməliyyatı daha böyük ola bilərdi: “Lakin bu, İsrailin İran İslam Respublikasının Suriyadakı səfirliyinə hücum etmək üçün istifadə etdiyi imkanlarla məhdudlaşır”.

Müəllif: Ayna.az