Şanlı Zəfər

Mədəniyyət

30.11.2025 - 11:43

İlk başda essəmə “Şəhid Xəbərini Verməyə Gedən Zabitin Yazdığı Məktubu” xatırladaraq başlamaq istəyirəm.

Məktub belə idi:

Heç şəhid xəbərini bir ailəyə şəxsən çatdırmaq məcburiyyətində qalmısanmı?

Xeyr? O halda dinlə…

Səhər işə başlamadan öncə masanın üstünə bir yazılı əmr gəlir:

“Yuxarı kənddən Əhməd oğlu Məhəmməd şəhid olub.”

Dərindən nəfəs alırsan, “İlahi…” deyirsən. Düşünürsən ki, dağa çıxıb üç gün ac-susuz qalmaq bəlkə də bu xəbəri aparmaqdan asandır.

Amma geyinirsən mərasim formasını. Bir neçə igid vətən övladı ilə birgə, xəstəxanadan gələn təcili yardım maşınını da arxana alıb yola düşürsən.

Artıq camaat da anlayır: əgər öndə hərbi maşın, arxada təcili yardım varsa — o kənddə bir ailəyə od düşüb.

Yol boyu keçdiyin hər qəsəbənin, hər kəndin necə buz kimi donduğunu hiss edirsən.

Sən uzaqlaşdıqca insanlar rahat nəfəs alır.

Nəhayət, kəndə çatırsan… Əsgər oğlu olan hər evdən bir sızıltı qalxır:

“İlahi, təki bizim qapıya gəlməsinlər…”

Bütün kənd sanki nəfəsini tutub.

Hər kəs sənin hansı evə yönəldiyini izləyir — qəlb ağrısı, ümid, qorxu bir-birinə qarışır.

Şəhidin evinə yaxınlaşanda, həyətin bir küncündə yaşlı bir kişi görürsən — baxışları səndə donub qalıb, bədəninin titrədiyini, əlindəki əsa ilə güc-bəla ayaqda dayandığını hiss edirsən.

Addımların geri çəkilir. Pəncərələrdə hərəkətlilik yaranır və nəhayət, qapı açılır.

Ana qaçaraq bayıra çıxır — bir sənə baxır, bir arxandakı başıaşağı əsgərlərə, bir də təcili yardıma…

Sonra dizlərinin bağı qopur, yerə yıxılır. Oğlu hələ torpağa tapşırılmadan, o ana artıq torpağa düşür…

O qədər sarsılırsan ki, yer titrəyir zənn edirsən. Qonşular da qaçıb gəlir, qışqırıqlar, fəryadlar içində dünya da sanki ağlayır.

Bəzən ana sənə sarılır, gözlərinin içinə baxıb yalvarır:

“Komandir, yaralıdır, hə? Elə deyilmi?”

Cavab verə bilmirsən. Başını aşağı salırsan, dizlərin bükülür.

O ağlayır, sən də ağlayırsan…

Yanındakı tibb bacısı da titrəyən əlləri ilə iynəni vurmağa cəsarət etmir.

Sonra bir ata çıxır qarşıya — o da ağlayır, amma qürurla deyir:

“Vətən sağ olsun… Mən şəhid atasıyam.”

Bəziləri səsini içinə qapadır, bəziləri donub qalır, bəziləri dua edir, bəziləri də susur — çünki söz artıq təsəlli vermir.

Bir-iki gün keçir… və əsas sarsıntı o zaman başlayır. Bu dəfə şəhidin cənazəsi ilə qayıdırsan o kəndə.

Artıq mərasim qaydası yoxdur — xalq öz qəhrəmanını çiynində aparır.

Qışqırıq, fəryad, qürur, həsrət — hamısı bir-birinə qarışır.

Kimisi “Onu son dəfə elə xatırlamaq istəyirəm” deyib tabutu açmaq istəmir, kimisi “Görəcəyəm” deyir — amma göstərə bilməzsən, çünki ya siması yoxdur, ya da bir qolu…

Rütbəli zabit çıxar, əlində yüzlərlə dəfə oxunmuş standart nitq:

“Qanı yerdə qalmayacaq.”

Amma o sözlər artıq heç kimə təsəlli vermir. Çünki o an, o evdə bir məzar, bir bayraq, bir ana, bir ata qalır.

Və bir də axşam xəbərlərində — 45 saniyəlik soyuq bir xəbər kimi izləyən bir toplum…

Siz heç həyatınız boyu şəhid ocağından, ehsanından olan halva yemisinizmi? Şirinliyi çox olan dad necə zəhər kimi dadır insanın ağzında.

Yağla qarışıq, rahat yeyilən bir şey necə qalar insanın qursağında?

Heç şəhid evində olmusunuzmu? O səssizlikdəki qışqırığı, o boş qalan otaqdakı xatirələri gördünüzmü?

O xoşbəxt ailə xatirələrini, şəhid olmuş atalarını qucaqlayan uşaqları, şəhid olmuş övladlarına sığal çəkən valideynləri, şəhid olmuş qardaş-bacıların yolunu gözləyənləri…

Ya əsgər yolunu gözləyən xanımlarımız? Hiss edə bilirsinizmi ki, qəlbinin yarısının şəhid olması nə deməkdir?

Qurduqları isti ailə xəyalları, birlikdə arzuladıqları gələcək o şəhidlə birgə məzara getdi. Hər birinin qəlbinin bir hissəsi itirdiyi doğmalarına görə qaraldı.

Övladlarına sadəcə bir soyuq dəymə olanda belə gecələr yuxusuz qalan anaların övladlarının isti qanı həmin soyuq qarları əritdi.

Şəhidimiz Qocayev Vadim Alik oğlunun dəfn mərasimini bilirsinizmi heç? Şəhidimizin atası Qocayev Alik Alı oğlu bizə ölənlə birlikdə ölənin də olduğunu xatırlatdı.

Bəs Qurbanov Masim Hafiz oğlu necə? 72 gündən sonra nəşi tapılan şəhidimiz…

Şəhidimizin atasının oğlunun sağ-salamat qayıtması üçün niyyət etdiyi qurbanları qucaqlayaraq ağlamasını gördünüzmü?

Daxmasız olan şəhid evlərinə getmisinizmi heç? Qızmar gündə o evdəki soyuqluğu hiss etmisinizmi?

II Fəxri Xiyabana getmisinizmi siz? Şəhidlərin qara mərmər üzərindəki şəkillərinə baxanda əliniz titrədimi, ürəyiniz sızladımı, gözünüz doldu mu?

Hər bir mövzuya esse yazmağa xeyli mənbə də var, söz də var. Amma bu mövzunu mən sadəcə “mövzu” deyib qısıtlaya bilmərəm.

Çünki Şanlı Zəfərin altında gözü yaşlı qalan analar, dərdini içinə ataraq böyüdən atalar, sevdiyinin yolunu gözləyən xanımlar və atalarına həsrət qalan uşaqlar var.

Baxmayın bunları yazarkən axıtdığım göz yaşına — gözümdən axan hər bir yaş şəhidlərimizin yerdə qalmayan qan damlasıdır.

Qələbə günü gözdən axan hər bir yaş isə sevinc göz yaşlarıdır, şəhid övladlarının üzündəki təbəssümdür.

Zəfərimiz haqqında danışmağa çox da ehtiyac yoxdur, çünki o anı danışmaqla deyil, hiss etməklə dərk etmək lazımdır.

Və bunu da hər birimiz — uşaqlardan böyüklərə qədər — hiss etdik.

Bu esseni bütöv Zəfərimizin səbəblərinə həsr edirəm. Düşünürəm ki, qəm və kədər heç zaman unudulmur.

Biz bu torpağı yalnız şəhidlərimizi, o acıları anlayaraq beynimizin dərinliklərində dərk edə bilərik.

Şəhidlər torpağa basdırılanda yox, unudulanda ölürlər.

Bu acı xatirələri hər zaman xatırlayaraq, biz şəhidlərin kədərini yad etdikcə — unutmayacağıq, unutdurmayacağıq.

Müəllif: Mehri Quluzadə

Qeyd: Bu esse BDU tələbələri arasında keçirilən “Şanlı Zəfər” adlı esse mübasiqəsində I yerə layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş