Bakıda 39 dərəcə isti gözlənilir
Avqustun 5-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27°, gündüz 36-39°, bəzi yerlərdə 40°, Bakıda gecə 24-26°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 25-30 % olacaq.
Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacaq.