Yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manat məbləğində ÜDM istehsal edilib
Cari ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AYNA.AZ-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb.
ÜDM istehsalının 35 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 20,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDMin 9,8 faizini təşkil edib.
Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər real ifadədə 10,2 faiz, informasiya və rabitə sahələrində 9,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, digər xidmət sahələrində 1,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,4 faiz, sənayedə 0,4 faiz artıb, tikintidə isə 6,8 faiz azalıb.