“ABŞ vətəndaşı olan, siyasət və ədalət məsələləri ilə maraqlanan qızım Alisaya ümid bəsləyirəm”
Gürcüstanın hazırda həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili ABŞ-ın siyasi sistemində böhran yaşandığını bəyan edib. Saakaşvili qızı Alisanın gələcəkdə ABŞ prezidenti ola biləcəyini istisna etməyib.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, keçmiş Prezident “Facebook” səhifəsində paylaşım edərək ABŞ-ın indiki siyasi elitasını karyerasının ilk illərində tanıdığı amerikalı qanunvericilər nəsli ilə müqayisə edib: “Amerikalı siyasətçilər getdikcə şəxsi maraqlarını və partiya mənafelərini azadlıq və demokratiya ideallarından üstün tuturlar”.
“ABŞ tədricən dünyada demokratik dəyərlərin müdafiəçisi rolundan uzaqlaşır və Gürcüstan da daxil olmaqla, kiçik dövlətlərə marağını itirir”, - deyə qeyd edib.
Saakaşvili 30 ildən çox əvvəl Kolumbiya Universitetində təhsil almaq üçün ABŞ-a getdiyini, daha sonra isə Konqresdə təcrübə keçdiyini xatırladıb. Orada gələcək Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və yaxın dostu adlandırdığı senator Con Makkeynlə tanış olub.
Onun sözlərinə görə, Makkeyn gənc xarici təcrübəçiyə xüsusi diqqət göstərir, hərbi xidmətindən danışır və onu qanun layihələri üzərində işə cəlb edib.
Sabiq Prezident senatorlar Edvard Kennedi, Cozef Liberman və digər amerikalı siyasətçilərlə görüşlərindən də bəhs edib: “Həmin siyasətçilər ilk növbədə prinsiplərinə və əqidələrinə əsaslanırdılar”.
Saakaşvili “Qızılgül inqilabı”ndan sonra ABŞ Konqresinin Gürcüstana fəal dəstək verdiyini, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra isə amerikalı qanunvericilərin ölkəyə 1 milyard dollar yardım ayrılmasını təsdiqlədiyini xatırladıb.
“2010-cu ildə baş vermiş hadisəni göstərə bilərəm. Həmin vaxt Gürcüstan hakimiyyəti dövlət büdcəsindən saxta sənədlər vasitəsilə 130 milyon dollar mənimsəməyə cəhddə şübhəli bilinən iki iş adamını saxladı. Saxlanılanların azad edilməsi üçün Tiflisə təzyiq göstərilsə də, senator Cozef Liberman İsrailin nüfuzlu nümayəndələrinin və yəhudi lobbisinin müraciətlərinə baxmayaraq, qanunsuz qərarın qəbul edilməsinə nail olmaqdan imtina etdi. Bu, prinsipləri istənilən lobbiçilikdən, dini mənsubiyyətdən və maliyyələşmədən üstün tutan, həqiqətən də ləyaqətli senatorun mövqeyi idi”, – Saakaşvili yazıb.
O, ABŞ-da hazırkı vəziyyəti xeyli bədbin qiymətləndirib: “Amerika siyasətində artıq Ronald Reyqan nəslindən olan respublikaçılar və Kennedi ailəsini təmsil edən demokratlar demək olar ki, qalmayıb. Partiyaya sədaqət və maliyyə maraqları isə getdikcə xarici siyasət prinsiplərindən üstün tutulur”.
Saakaşvili yeni amerikalı qanunvericiləri də tənqid edib: “Siyasətçilərin mənşəyi, dini və ya cinsi orientasiyası özlüyündə problem deyil. Əsas məsələ onların hansı dəyərlərə söykənməsi və yalnız öz seçicilərinin maraqlarından kənara çıxan mənafeləri müdafiə etməyə hazır olub-olmamasıdır”.
“ABŞ vətəndaşı olan, siyasət və ədalət məsələləri ilə maraqlanan qızım Alisaya ümid bəsləyirəm. Onu senator olmağa hazırlayıram, kim bilir, bəlkə də prezidentliyə. “Alice Saakashvili For President!””, Saakaşvili qeyd edib.