Rusiyanın Azərbaycandan keçən nəfəs yolları – Moskva məcbur, Bakı məmnun

Siyasət

06.06.2023 - 18:14

Bu layihələrin tezliklə işə salınması Rusiyanın mövcudluğu üçün strateji əhəmiyyət kəsb edir

Ermənistan-Azərbaycan nizamlanmasında baş verən son hadisələrə baxsaq, Rusiyanın üstünlüyü Qərbə verdiyini və hazırda Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının deblokaddasına nail olmağa çalışdığını görərik. Belə ki, iyunun 2-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun Moskvada ölkələrin Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçirilən görüşünün yekunları ilə bağlı deyib ki, Moskva Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bloklanmasına dair razılıq əldə edilməsində mühüm irəliləyiş olduğunu bəyan edir.

O, xüsusilə, Arazdəyən-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası üçün konkret addımların həyata keçirilməsi ilə bağlı anlaşmanın əldə olunduğunu qeyd edib. 2020-ci ilin sonundan bu yana Zəngəzur dəhlizi adlanan bu dəmiryol hissəsinin bərpası ilə bağlı rəsmi səviyyədə kifayət qədər danışıq aparılsa da, məsələ irəli getmirdi.

İndi Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranmış geosiyasi vəziyyət Rusiya üçün Zəngəzur dəhlizinin yaradılmasını vacib edir. Məsələ burasındadır ki, bu il mayın 17-də Rəşt-Astara dəmir yolu hissəsinin yaradılması üçün layihələndirmə, tikinti və malların, xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi sahəsində əməkdaşlıq haqqında Rusiya-İran sazişinin imzalanması mərasimi olub. Rusiya lideri Vladimir Putin çıxışında bildirib ki, tezliklə Moskva, Bakı və Tehran arasında Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair saziş imzalamaq mümkün olacaq.

Məlumata görə, Rusiya limanları Həştərxanda yanalma körpüləri, terminallar, kranlar və digər infrastrukturun olmaması, İran-Rusiya reyslərində az sayda gəminin olması və dayaz Volqa-Don kanalında sıxlıq səbəbindən Şimal-Cənub dəhlizinin dəniz marşrutu üzrə artan yük daşımalarının öhdəsindən gələ bilmir. Yükdaşımaların həcminin artması ilə bağlı yaranmış vəziyyəti yaxşılaşdırmaq üçün isə Rəşt-Astaranın 170 kilometrlik hissəsini tamamlayaraq, Azərbaycan, Rusiya və İran dəmir yollarını birləşdirməyə ehtiyac var.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə Şimal-Cənub boyunca yük daşımalarının artımı 2022-ci illə müqayisədə 35% (19,5 milyon tona qədər), 2030-cu ilə qədər isə 31,7 milyon tona qədər artacaq.

Bu gün Qərbin sərt sanksiya siyasəti kontekstində İran körfəzi ölkələri, Hindistan və Şərqi Afrika Rusiya iqtisadiyyatı üçün yeni aktuallıq qazanıb. Sankt-Peterburqdan Mumbaya gedən Şimal-Cənub nəqliyyat dəhlizi prioritet əldə edib. 90-cı illərin sonlarından planlaşdırılan marşrut böyük sərmayələr və onların geri dönüşü üçün uzun müddət lazım olması səbəbindən onillərdir Rusiya üçün prioritet layihə deyildi. Hazırda Şimal-Cənub Rusiya üçün demək olar ki, əsas ticarət arteriyası statusuna iddialıdır.

Şimal-Cənub dəhlizi təkcə Rusiyanı Xəzər regionu ölkələri ilə birləşdirmir, həm də Mərkəzi Asiya vasitəsilə Çinə, İran və Azərbaycan vasitəsilə Türkiyəyə gedən digər mühüm logistika marşrutlarının kəsişməsində yerləşir. Onlar birlikdə regionda həm qitələrarası, həm də daxili ticarətin açarı olan Avrasiya nəqliyyat qovşağını təmsil edir. Beləliklə, indiki şəraitdə Şimal-Cənub layihəsi, eləcə də Zəngəzur dəhlizinin tezliklə işə salınması Rusiya üçün strateji əhəmiyyət kəsb edir.

Bu, Putinin mayın 25-də Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsini qaldırması faktını izah edir.

Şimal-Cənub layihəsi Xəzər regionunda həmişə çətinliklərlə üzləşib, burada onun üç əsas marşrutu var: Transxəzər – Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarından istifadə etməklə, Şərq və Qərb - Xəzər dənizi ətrafında dəmir yollarından ibarət.

Transxəzər marşrutu yüklərin çatdırılması baxımından ən uzun və ən bahalı marşrutdur ki, bu da əvvəllər daha ucuz marşrutların olması səbəbindən potensialından tam istifadə etməyə imkan vermirdi. Bundan əlavə, uzun illər Rusiyanın Xəzər dənizində ixtisaslaşmış konteyner donanması və bu istiqamətdə birbaşa konteyner xətti yox idi və demək olar ki, bütün gəmilər yüksək aşınma dərəcəsi ilə xarakterizə olunurdu.

Qazaxıstan və Türkmənistandan keçən Şərq marşrutu, öz növbəsində, ildə 10 milyon tondan çox olmayan yük daşıma qabiliyyəti ilə məhdudlaşır və onun ayrı-ayrı hissələrinin yenidən qurulması üçün əhəmiyyətli investisiyalar tələb edir. Əgər buraya Əfqanıstandakı vəziyyətlə bağlı regionda qeyri-sabitliyi də əlavə etsək, bu istiqamət həm yük göndərənlər, həm də daha rahat və ənənəvi marşrutlardan istifadə etməyə üstünlük verən nəqliyyat şirkətləri arasında müəyyən inamsızlıq yaradıb.

Qərb marşrutunun əsas problemi İran və Azərbaycanı birləşdirən dəmir yolunun Astara və Rəşt şəhərləri arasında hissəsinin olmamasıdır. Ona görə də yüklər yenidən yüklənərək avtomobil yolu ilə daşınmalı olur ki, bu da həm vaxtı, həm də çatdırılma dəyərini artırır.

2008-ci ildə tərəflər Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi üzrə konsorsiumun yaradılması şərtlərini razılaşdırıblar və üç ildən sonra “Rusiya Dəmir Yolları” ASC (RZD), “Azərbaycan Dəmir Yolları” QSC və İran Dəmir Yolları (RAİ) arasında üçtərəfli: Rəşt – Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi layihəsinin həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. Bir ildən sonra tikinti işlərinə başlamaq nəzərdə tutulsa da, texniki və maliyyə problemlərinə görə bütün planlar kağız üzərində qaldı. Tikintiyə başlamaq üçün növbəti cəhd 2018-ci ildə Azərbaycan İrana 500 milyon dollar kredit verəndə edilib, lakin bunun qarşısı Qərbin Tehrana qarşı sanksiyaları ilə alınıb.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlayandan sonra vəziyyət kəskin şəkildə dəyişdi. Rusiya tərəfi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün 1,3 milyard avro kredit ayıracaq, birgə layihənin ümumi dəyəri isə təxminən 1,6 milyard avro həcmində qiymətləndirilir. Bütün bunlar Ukraynaya qarşı müharibədən və onun ardınca anti-Rusiya sanksiyalarından sonra Rusiyanın bu layihəyə yeni təkan alan yüksək marağından xəbər verir.

Yeni geosiyasi reallıqlar Azərbaycan üçün çox uğurlu oldu və ölkəni təkcə Şimalla Cənubu deyil, həm də Qərblə Şərqi birləşdirən logistik marşrutların əsas zəncirinə çevirdi. Bundan başqa, Azərbaycanın Zəngəzur dəhlizinin tezliklə açılmasında maraqları Rusiyanın Türkiyə ilə ticarət üçün alternativ yol əldə etmək niyyəti ilə üst-üstə düşür.

Bunu statistika açıq şəkildə sübut edir. Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2023-cü ilin əvvəlindən Rusiya bu ölkəyə 9,26 milyard dollar dəyərində mal və xidmət tədarük edərək ixracatda lider olub. Ekspertlərin fikrincə, Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsi indiki 68 milyard dollardan yaxın gələcəkdə 100 milyard dollara qədər arta bilər. Və buna uyğun olaraq, Rusiya sərt anti-Rusiya sanksiyaları qarşısında imkanlarını əldən vermək niyyətində deyil.

Müəllif: Asif Aydınlı