XİN bəyanat yaydı

Siyasət

15.01.2020 - 20:34

"Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib"

 

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. 

 

XİN-dən AYNA-ya verilən məlumata görə, Avropa Parlamentinin yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyası zamanı “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

 

Sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"nın bütün üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öz öhdəliyini növbəti dəfə təsdiqləyib. 

 

Xüsusilə vurğulanmalıdır ki, qətnamədə ərazi bütövlüyü məsələsi beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir.

 

Sənəddə "Şərq Tərəfdaşlığı" ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırılmasına dair çağırış öz əksini tapıb.

 

Qətnamədə Aİ-nin 2016-cı il tarixli Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlıq ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur.

 

Xatırladırıq ki, Aİ-nin Qlobal Strategiya sənədində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropa təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilmişdir. 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, birmənalı dəstək ifadə olunub.

 

Qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən illik əsasda qəbul edilən bu qətnamə Avropa Parlamentinin il ərzində Avropa Komissiyasının fəaliyyətinə təsir edə biləcək məcburi xarakterli sənədlərindən biridir.

Müəllif: Ayna.az