Rusiyada jurnalist ekstremizmdə şübhəli bilinərək həbs olunub

Dünya

29.04.2024 - 10:36

Sergey Karelini iki ildən altı ilədək həbs gözləyir

“Associated Press” agentliyində işləyən jurnalist Sergey Karelin Rusiyanın Murmansk vilayətində Korrupsiyaya Qarşı Mübarizə Fondu üçün materiallar hazırlamaqda şübhəli bilinərək həbs edilib. AYNA “Associated Press”ə istinadən bildirir ki, Karelin aprelin 26-da axşam saatlarında saxlanılıb.

Agentliyin məlumatına görə, jurnalist ən azı iki ay həbsdə olacaq.

Ekstremist təşkilatda iştirak etdiyi iddiası ilə onu iki ildən altı ilədək həbs gözləyir.

Karelin ona qarşı ittihamları rədd edir.

““Associated Press” rusiyalı videojurnalist Sergey Karelinin saxlanmasından çox narahatdır”, - agentliyin açıqlamasında deyilib.

41 yaşlı Sergey Karelinin ikili vətəndaşlığı var - Rusiya və İsrail. Jurnalist əvvəllər 2022-ci ilin fevralından Rusiyada yayımı qadağan edilmiş Almaniyanın “Deutsche Welle” telekanalında operator işləyib.

Müəllif: Ayna.az