“Rusiya İran ordusunun Ermənistanda yerləşdirilməsinə razı olmaz”

Aktual

11.02.2023 - 10:18

Rauf Mirqədirov: “Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi bir “sınaq balonu”dur və əgər bu missiya uğurlu olarsa…”

Politoloq Rauf Mirqədirov AYNA-ya müsahibəsində Qarabağda və bölgəmizdə yaşanan son olayları şərh edib. Beləliklə:

- Haqqin.az saytında Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırdığı, onun hazırlanmasında və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 nəfərlik hərbi qulluqçusundan ibarət diversiya qrupunun iştirak edəcəyi ilə bağlı məqalə dərc olunub. Siz bu barədə nə düşünürsünüz?

- Nəzəri və praktiki olaraq İran xüsusi xidmət orqanlarının nümayəndələrinin Azərbaycana qarşı təxribatlarda iştirakı mümkündür. Amma belə olan halda, bu təxribatlarda Rusiya xüsusi xidmət orqanları da iştirak etməlidir. Ermənistanın Türkiyə və İranla sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur və bu ölkə Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə doldurulub. Çətin ki, İran xüsusi xidmət orqanlarının iştirakı ilə belə silahlı təxribatın təşkili rusların diqqətindən və razılığından keçsin.

Bənzər bir hekayə artıq İkinci Dünya müharibəsinin başlanğıcını xatırladır - Almaniya Polşaya hücum etmək üçün əsgərlərinə Polşa hərbi forması geyindirir və alman hərbi obyektinə hücumlar təşkil edirdi. Azərbaycanın İrandakı səfirliyinə hücum hekayəsi də iki yüz il əvvəl Rusiyanın Tehrandakı səfirliyinə edilən hücum hadisəsini xatırladır. Elan edilmiş məqsədlər məni bir qədər təəccübləndirdi. Bir tərəfdən, Azərbaycan əsgərləri tərəfindən erməni hərbi postuna hücumun təşkili elə ssenariyə uyğundur ki, guya Avropa İttifaqının (Aİ) missiyasının “Azərbaycan ordusunun cinayətlərinə dair sübutlar” toplamaq üçün göndərilməsinə sonradan haqq qazandırıla bilər. Baxmayaraq ki, geniş yayılmış məqalədə daha nəyin, operativ məlumatın və ya jurnalistin uydurması olduğunu ayırd etmək mümkün deyil. Məsələ burasındadır ki, mən Rusiyanın İrana öz qoşunlarını Ermənistan ərazisində yerləşdirməyə razı olmasına inanmıram. Ermənistanda rus qoşunları var və Rusiya öz təsir zonasını İranın nəzarətinə keçirməyə çətin ki, hazır olsun. Bu, əlbəttə ki, Kremlin maraqlarına uyğun deyil.

Çətin ki, Ermənistan İran qoşunlarını qəbul etməyə razılaşsın. Axı bu, İrəvanın Qərblə münasibətlərinin tamamilə pozulmasına gətirib çıxaracaq. Rusiya və Brüssel arasında qlobal qarşıdurma fonunda Ermənistan Qərblə münasibətlərin tamamilə pozulmasına hazırdırmı?

Və nəhayət, əməliyyat vaxtının Türkiyədə baş verən zəlzələ nəzərə alınaraq seçildiyi tezisi adi tənqidə tab gətirmir. Bu təbii fəlakət cəmi üç gün əvvəl baş verib və belə əməliyyatların hazırlanmasına isə xeyli vaxt lazımdır. Çətin ki, təşkilatçılar Türkiyədə də analoji zəlzələnin baş verəcəyini əvvəlcədən biləydilər. Mən tam əminəm ki, İran xüsusi xidmət orqanları bu və ya digər dərəcədə Azərbaycana qarşı təxribatların təşkilində çox maraqlıdır, lakin məqalədə göstərilən ssenari inandırıcı deyil.

- Avropa İttifaqının Ermənistandakı missiyası fevralın 20-də işə başlayacaq, onun tərkibinə Fransadan bir neçə jandarm daxil olacaq. Bəs Rusiya niyə Ermənistana Fransa ordusunun qoşunlarını öz ərazisində yerləşdirmə icazə verir?

- Avropa İttifaqının bu missiyası müşahidə xarakteri daşıyır. Bu, hərbi deyil, mülki missiyadır. Təbii ki, missiyaya göndərilən şəxslər hərbi sahədə müvafiq bacarıq və biliyə malik olmalıdırlar. Çox güman ki, müşahidə missiyasına Aİ-nin müxtəlif ölkələrindən və müxtəlif strukturlardan olan zabitlər cəlb olunacaq. Bu səbəbdən ora Müdafiə Nazirliyinin və ya Fransa jandarmeriyası kimi ona tabe strukturların nümayəndələrinin daxil ola bilməsi təəccüblü deyil. Bu, o demək deyil ki, Aİ missiyası zirehli transportyorlarla və tam silahlanmış şəkildə gələcək.

- Jandarmeriya nümayəndələrinin gəlişini, bəzi KİV-lər az qala, Avropa ordusunun regionda gələcək yerləşdirilməsinin əsası kimi təqdim edir. Və siz burada belə bir şey olmadığını düşünürsünüzsə, onda belə əlavə səs-küy kimə lazımdır?

- Çox güman ki, bu tipli məlumatları yayan media orqanları bu və ya digər dərəcədə Rusiyanın maraqlarını ifadə edirlər. İlk dəfə olaraq regionda Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edəcək uzunmüddətli missiya peyda olur. Bu, vaxtilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin həyata keçirdiyi və 20 nəfərdən çox olmayan missiyadan ciddi şəkildə fərqlənir. İndi də Ermənistana Aİ-nin böyük missiyası gələcək və o, daimi monitorinq aparacaq. Şübhəsiz ki, bu missiyanın regionda görünməsi Rusiyanın maraqlarına ziddir.

Xatırladaq ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın razılığı olmadan KTMT müşahidə missiyasının yerləşdirilməsini təklif etmişdi. Öz növbəsində, Avropa İttifaqının mülki missiyası Azərbaycanın Praqada əldə olunmuş razılığı ilə regionda yerləşdirilir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından belə çıxır ki, bizim tərəfin müəyyən iddiaları və narahatlıqları olub və bu barədə Avropa İttifaqına məlumat verilib.

Çox güman ki, baş verənlər bir “sınaq balonu”dur. Əgər bu missiya uğurlu olsa və Bakı ilə İrəvan əmin olsa ki, Rusiya ilə Qərb arasında qlobal qarşıdurma Putin Rusiyasının məğlubiyyəti ilə başa çatacaq, o zaman Moskvanın nəzarətindən çıxmaq üçün real addımlar atacaqlar. Belə olan halda, təbii ki, Ermənistanda rus qoşunlarının əvəzedicisinin tapılmasına ehtiyac yaranacaq. Və bu beynəlxalq qüvvələrin Avropa İttifaqı və NATO-nu təmsil edəcəyi şübhəsizdir.

Yəni Qərb son məqsədinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğunu gizlətmir və bu, sınaq şarıdır. Bu səbəbdən Aİ missiyasının meydana çıxması Rusiyanı çox qıcıqlandırır. O, bütün gücü ilə bunun qarşısını almağa çalışır, İrəvana və Bakıya müəyyən təzyiqlər edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta bəyan edib ki, Ermənistan razılaşarsa, o zaman KTMT-nin müşahidə missiyası tezliklə Azərbaycanla sərhəddə yerləşdirilə bilər.

Müəllif: Asif Aydınlı