Danışıqlar gərgin keçəcək: Minsk Qrupu bizə nə təklif edə bilər ki?!

Aktual

30.10.2020 - 16:18

Rasim Musabəyov: “Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisində qalmağa davam edəcəksə, bu, necə kompromisdir?”

 

Görünən odur ki, ATƏT-in Minsk Qrupunun (MQ) gələcəyi barədə düşünməyin vaxtı çatıb. Rəsmi olaraq, münaqişə tərəflərindən heç biri onun xidmətlərindən hələ imtina etməyib. Üstəlik, bu gün Cenevrədə bu qurumun patronajlığı altında, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin təxirə salınmış görüşü keçiriləcək. Ancaq əsas sual budur: Bundan sonra nə olacaq?

 

Türkiyənin Qarabağ münaqişəsinin həllini tapmaq istəyinin ön plana çıxdığı və bu istəyin münaqişə tərəflərindən biri - Azərbaycan tərəfindən məmnuniyyətlə qarşılandığı bir vaxtda MQ-nin Bakı üçün bundan sonrakı səlahiyyətləri məsələsi ortaya çıxır. Axı, üç həmsədr dövlət hələ də döyüş əməliyyatlarını dayandırmaqdan başqa bir şey təklif etməyib - yəni onları “hər şeyi olduğu kimi saxlamaq” vəziyyəti tam olaraq qane edir.

 

Beləliklə, Azərbaycan rəhbərliyinin (indi və ya hərbi faza bitdikdən sonra) MQ-nin formatının dəyişdirilməsi və ya hətta onun vasitəçiliyindən imtina edilməsi tələbini irəli sürmək üçün hər cür əsası var. Çünki bu münaqişədə ən azı Fransa açıq şəkildə tərəfsiz olmadığını göstərdi. Və Rusiya Federasiyasının davam edən döyüş əməliyyatlarına baxmayaraq, Ermənistana silah tədarük etməyə davam etdiyi barədə məlumatlar da var. Bəs, bütün bunların fonunda MQ-nin xidmətlərindən imtina etmək və ya formatı dəyişmək realdırmı?

 

Mövzunu AYNA-ya şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun sözlərinə görə, müasir dünyada vasitəçi xidmətlərindən imtina etmək qəbul edilmir, xüsusən də əgər bu vasitəçilərin müəyyən bir ənənəsi olduqda: “Bu Minsk Qrupu 28 ildir mövcuddur, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələri var, bu sənədlərdə tərəflərin barışığa və münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq həvalə olunan ATƏT-in Minsk Qrupudur. Yəni bu formatı sadəcə tərk etmək, bunu edən tərəfi həssas bir vəziyyətə qoymaq deməkdir - həm informasiya, həm də diplomatik baxımdan. Ancaq bu, heç də o demək deyil ki, bütün bu illər ərzində Ermənistanın ərazilərimizi necə işğal etdiyini, orada qanunsuz məskunlaşma siyasətini həyata keçirdiyini, şəhərlərimizi və kəndlərimizi, təbii sərvətlərimizi talan etdiyini səssizcə müşahidə edən Minsk Qrupu bizə nəsə diktə edə biləcək. Həmsədrlərin belə səlahiyyətləri yoxdur”.

Rasim Musabəyov: “Azərbaycan öz tələblərindən geri çəkiləsi deyil” »  Reyting.az

“Aydındır ki, indi hamı narahatdır. Nəzərə alaq ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bütün ölkələrdə güclü erməni diasporları var və bu ölkələrin ictimaiyyəti indi döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistana üstünlük verir. Ancaq Azərbaycanı da qınaya bilməzlər, çünki eyni şəkildə bu ərazilər ermənilər tərəfindən ələ keçiriləndə və azərbaycanlılar oradan qovulanda da onlar susurdular. Buna görə də, indi qan tökülməsini dayandırmaq, danışıqlar prosesini bərpa etmək və diplomatik müstəvidə bir həll tapmağa çalışmaq lazım olduğuna dair ümumi çağırışların arxasında gizlənirlər”, - həmsöhbətimiz bildirib.

 

Bəs nə təklif etməli? Deputatın dediyinə görə, Azərbaycana indi qoşunlar arasındakı yeni təmas xətti üzərində dayanaq və ya ermənilərin əvvəlcə cəsarətlə tələb etdikləri kimi, bir ay əvvəl mövcud olan təmas xəttinə qayımağı təklif etmək mümkün deyil: “Hər şeyi indiki şəkildə dayandırmaq, tərəfləri ayırmaq və yenə də ermənilərin həm Dağlıq Qarabağ, həm də Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın bölgələrini idarə edəcəkləri vəziyyəti saxlamaq təklifi də Bakı üçün qəbuledilməzdir. Bu səbəbdən çox çətin danışıqların olacağını düşünürəm. Ermənistan “ağrılı kompromislərə” hazır olduğunu iddia edir, lakin bu kompromislər ermənilərin hələ də nəzarət etdikləri əraziləri əllərində saxlamaq üçündür. Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisində qalmağa davam edəcəksə, bu, necə kompromisdir? Üstəlik, təkcə qalmaqdan söhbət getmir. Azərbaycan buna razıdırsa, faktiki olaraq, Ağdam, Kəlbəcər və Laçında erməni işğalını leqallaşdıracağımız deməkdir. Bu, Azərbaycan üçün tamamilə qəbuledilməzdir”.

 

Bu səbəbdən Musabəyov hesab edir ki, danışıqlar çox çətin keçəcək: “Düşünürəm ki, bu danışıqlar iki formatda baş tutacaq. Birinci format Minsk Qrupudur, həmsədrlərdir. Orada çox şey işlənib hazırlanıb. Ancaq ATƏT-in Minsk Qrupu tərəflərə təzyiq göstərmək gücündə deyil. Bunlar Xarici İşlər nazirliklərinin orta səviyyəli məmurlarıdır. Bir növ təkliflər, formulalar hazırlayırlar, mövcud vəziyyətdən bir növ kompromis yollar təklif edirlər”.

 

“Ancaq qərarları, əlbəttə ki, münaqişə tərəfləri verir. Bunlar Ermənistan və Azərbaycandır. Əlbəttə ki, burada Rusiya və Türkiyə tərəfindən aparılan dialoqdan da çox şey asılıdır. Beləliklə, iki növ müzakirə formatımız var. Biri rəsmi, digəri qeyri-rəsmi. Hesab edirəm ki, bu gün Türkiyə, Rusiya, Ermənistan və Azərbaycanın iştirak etdiyi qeyri-rəsmi danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin edə biləcəyindən daha vacibdir. Çox güman ki, həmsədrlər yalnız tərəflərin razılaşdıqlarını kağıza köçürəcək”, - politoloq vurğulayıb.

Müəllif: Rauf Orucov