Qərbi regiondan çıxarma planı: “3+2” formatı Minsk Qrupunu əvəzləyə bilər

Siyasət

14.12.2021 - 15:27

Anar Həsənov: ""Avtoritar beynəlmiləl”lə “demokratik alyans”ın qarşıdurması davam etməkdədir. Demək ki, məqsəd Qərbi regiondan çıxarıb, bütün problemləri birgə həll etməkdir”

Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “Altılıq platforması” da adlandırılan "3+3" formatında görüş keçirilib.  Rusiyanın Xarixi İşlər Nazirliyinin açıqladığı məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan xarici işlər nazirlərinin müavinləri və İran XİN-in baş direktoru iştirak ediblər.

“Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.  Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir”, - deyə Rusiya XİN-in məlumatında vurğulanıb.

Məlumatda o da qeyd edilib ki, beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər. Vurğulanıb ki, iclasa Gürcüstan nümayəndələri də dəvət olunub. Lakin onlar iclasda iştirakdan imtina ediblər. İclasda aidiyyəti nazirlik və qurumların mümkün iştirakı ilə gələcək addımlar və gələcək üçün iş planları müzakirə edilib.

İclasda Azərbaycanı təmsil edən XİN başçısının müavini Xələf Xələfov “3+3” fomatında ilk görüşün nəticələri barədə danışarkən deyib ki, Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib: “Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq. İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparıldı”.

Xələfovun sözlərinə görə, mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur: “Görüşlər və müzakirələr XİN-lərin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək. Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq”.

Nazir müavini əlavə edib ki, görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər: “Növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq”.

“3+3” formatı ilə bağlı ilk iclas haqqında fikirlərini AYNA ilə bölüşən Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq  Anar Həsənov Gürcüstanın iştirakı olmadığına görə, “3+2” formatının perspektivi ilə bağlı şübhələr anlaşılandır.

Analitik hesab edir ki, bu gün beynəlxalq hüquq özü böhran içərisindədir: “İstər BMT nin Təhlükəsizlik Şurası, istər NATO, istərsə də KTMT olsun - üzv olan dövlətlərin arasında ziddiyyətlər var. Odur ki, “3+2” formatını epitetlərlə dəyərləndirməkdənsə, gəlin, bu formatı şərtləndirən amillərə diqqət çəkək. Formatın kökündə regiondan Qərbi sıxışdırmaq, münasibətləri “münaqişəli kooperasiya” kimi xarakterizə edilən Türkiyə, Rusiya və İranı biri- birinə sıx bağlamaq dayanır. Eyni münasibət İrana sərgilənir: İran istər Suriya olsun, istərsə də Ermənistan-Azərbaycan münaqişəsi, kobud səslənsə də, Rusiyanın əl-ayağına dolaşır. Deməli, İrandan Rusiyaya qarşı istifadə cəhdlərini minimallaşdırmaq lazımdır ki, bu baxımdan “3+2” əlverişli platformadır”.

“Rusiya həm Ukrayna böhranı, həm Qarabağdakı 44 günlük “Dəmir yumruq” hərbi əməliyyatı, həm də bitməyən Suriyadakı vətəndaş müharibəsində qatara gecikmiş sərnişin olmadığını sübut etdi.  Putin sistemli şəkildə Sankt-Peterburqun arxa məhəllələrində öyrəndiyi “birinci vurmaq” prinsipini uğurla tətbiq edir”, - deyə Həsənov əlavə edib.

Politoloq istisna etmir ki, “3+2” formatı nə vaxtsa ATƏT in Minsk Qrupunu əvəz edə bilər: “Personal rejimlərin, avtoritar liderlərin qarşılıqlı münasibətlərinə kimsə dost münasibətləri deyə bilər ki, bu, emosiyadır. Amma əlbəttə, bu liderlərin bir-birinə dəstəyi şübhə doğurmur. Bir halda ki regionda Rusiya və Türkiyənin həmsədrliyi ilə “avtoritar beynəlmiləl”lə “demokratik alyans”ın qarşıdurması davam etməkdədir,  demək ki, məqsəd Qərbi regiondan çıxarıb, bütün problemləri birgə həll etməkdir”.

“Rusiyanın hakim anti-Qərb ideologiyasında Türkiyə yoxdur  və ən əsası o yeganə NATO ölkəsidir ki, Rusiya onunla silah, o da Rusiya ilə sanksiya dili ilə danışmır”, - analitik vurğulayıb.

A.Həsənovun qənaətincə, Gürcüstanın bu formata qoşulmamasını şərtləndirən əsas amil platformanın “avtoritar beynəlmiləl”in təşəbbüsü olmasından irəli gəlir: “Gürcüstan iqtisadi problemlərini Avropanın maliyyə strukturlarının köməyi ilə həll edir və bu format xaric - Rusiya istisna olmaqla regionun hər bir dövləti ilə tərəfdaşlıq edir”.

“Hesab edirəm ki, “3+2” formatına görə İran-Ermənistan-Gürcüstan-Bolqarıstan üzərindən  Şimal-Cənub Dəhlizi layihəsnin tez işə düşməsinə “demokratik alyans” dəstək verəcək. Qərbin kimə dəstək verdiyini biz dekabrın 15 də Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Brüsseldə keçirilən görüşdə də hiss edəciyik”, - politoloq qeyd edib.

““3+2” platformasının uğurlarından biri regional problemlərin həllində Türkiyənin statusunun dəyişməsidir. Ankara Qafqazda müşahidəçi yox, artıq gündəmi yaradan dövlətdir”, - deyə A.Həsənov fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu