Qarabağın reabilitasiyası: tək özümüz deyil, əcnəbi də əlini daşın altına qoyacaq

İqtisadiyyat

17.12.2021 - 13:14

Bu çətin və məsuliyyətlə dövrdə hökumətdən hansı addımlar tələb olunur?

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa prosesini təkbaşına aparmır. Onun sözlərinə görə, bu günə qədər həmin ərazilərlə bağlı sahibkarlardan 921 müraciət daxil olub ki, bunlardan 283-ü xarici şirkətlərdən tərəfindəndir. Əsas üstünlük isə Türkiyə şirkətlərinin payına düşür.

Nazir açıqlayıb ki, Türkiyədən daxil olmuş 19 investisiya təklifinin 14-ü üzrə investisiyaların məbləği 6,5 milyard manata çatır: “Azərbaycanın xarici ölkələrdəki investisiyaların həcminə görə Türkiyə birinci yerdədir. Hazırda bu sərmayələrin həcmi 19 milyard ABŞ dollarından çoxdur”.

Bu arada Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli və Ağdam şəhərləri üzrə müfəsssəl planların hazırlanması işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib. İlk olaraq şəhər mərkəzlərinin, ətraf kəndlərin bərpasına nail olunacağını qeyd edən Hüseynovun dediyinə görə, Ağdamda yaşayış massivin salınması ilə bağlı işlərə artıq başlanılıb: “Birinci məhəllə altı mərtəbəli binalardan ibarət olacaq. Orada həm meşə zolağının salınması, həm də bir nömrəli məktəbin tikintisi aparılır. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq. Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər genişzolaqlı olacaq”.

UNEC-in professoru, iqtisadçı alim Elşad Məmmədov AYNA-ya açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr planlı şəkildə icra olunmalıdır: “Təkcə işğaldan azad edilən ərazilərdə deyil, bütün ölkəboyu həyata keçiriləcək quruculuq işləri sistemli olmalıdır. Əgər sistemli olmayacaqsa, o zaman ciddi uğurlardan danışmaq da mümkün olmayacaq. Təcrübədən bunu aydın bilirik. İşğaldan azad edilmiş ərazilərin bərpası uzun zaman aparacaq. Bu səbəbdən konkret strateji plan və gələcəyə hədəflənmiş addımlar müəyyənləşməlidir”.

Alimin sözlərinə görə, yaşayış məntəqələrinin salınması infrastruktur layihələrinin əsas tərkib hissəsidir: “Ermənistan torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində bu ərazilərdə daşı daş üstündə qoymayıb. Faktiki olaraq həmin ərazilər tamamilə dağıdılıb. Deməli, azad olunmuş torpaqlarımızın bərpası uzun zaman alacaq. Bu səbəbdən konkret strateji plan olmalı, müxtəlif dövrləri əhatə edən taktiki hədəflər müəyyən edilməlidir. İş yerlərinin salınması, müəssisələrin yaradılması, təhsil müəssisələrin qurulması - bütün bu məsələlər sistemli şəkildə həyata keçirilməlidir”.

Məmmədov əlavə edib ki, artıq bu istiqamətdə addımlara start verilib: “Bu istiqamətdə xarici şirkətlərlə razılaşmalar da əldə edilib. Bu sırada türk şirkətləri ilə yanaşı, digər əcnəbi şirkətlər də yer alıb. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra azad olunmuş ərazilərə həyat qayıdacaq. Elə etməliyik ki, bunu sistemli və daha əlverişli şərtlərlə həyata keçirə bilərk. Bizi qarşıda çətin və məsuliyyətli bir dövr gözləyir”.

İqtisadçı ekspert Xalid Kərimli da AYNA-ya şərhində söyləyib ki, Qarabağın bərpası prosesi planlı şəkildə aparılmalıdır: “Bərpa prosesinə 2021-ci ilin əvvəlindən start verilib. İlkin olaraq təhlükəsizliyin təmin edilməsi, minaların təmizlənməsi, enerji infrastrukturunun qurulması, elektrik stansiyalarının yaradılması, eyni zamanda nəqliyyat infrastrukturunun qurulması, dəmir yolu və hava yolu xətlərinin qurulması və yaşayış yerlərinin bərpası nəzərdə tutulub. Bu istiqamətdə müəyyən addımlar artıq atılıb. Eyni zamanda mədənçilik və digər istiqamətlərdə də müəyyən işlər görülüb”.

“Hökumət bütün istiqamətlərdə tədbirlər həyata keçirərək Qarabağı dirçəltməyə çalışır. Bunu etiraf etmək lazımdır. Çox sevindirici haldır ki, bu bölgə 0-dan qurulmaq ərəfəsindədir. Eyni zamanda dayanıqlı yaşayışın qurulması istiqamətində tədbirlər görülür. 2022-ci ilin büdcəsində də 2,2 milyard manat vəsaitin işğaldan azad olunmuş ərazilərə yönəldilməsi planlaşdırılır. Şəhərlərin baş planları hazırlanır. Zəngilanın, Ağdamın, Füzulinin, Şuşanın baş planları hazırlanmaq üzrədir. Hesab edirəm ki, qarşıdakı dövrdə yenidənqurma işlərinin daha sürətlə həyata keçirilməsi nəzərdə tutulur”, - deyə həmsöhbətimiz vurğulayıb.

Kərimli diqqətə çatdırıb ki, bütün bunlar öz resurslarımız və rezervlərimiz hesabına həyata keçirilir: “Bütün bu işlərin planlı və sürətli şəkildə həyata keçirilməsi təkcə yerli şirkətlərin imkanları hesabına baş verə bilməz. Bu mənada Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri olan dost dövlətlərin qabaqcıl şirkətlərinin də bu prosesdə iştirakı vacib addımlardan biridir”.

Müəllif: Azər Niftiyev