Qarabağda tanklı-toplu atışma: Kim nəyə nail olmağa çalışır?

Aktual

28.07.2021 - 20:24

Zərdüşt Əlizadə: “Paşinyan ABŞ və Fransanı prosesə cəlb etməyə və onların da sülhməramlı missiyada iştirakına çalışır”

 

Rasim Ağayev: “Ermənistanda iki qüvvə mövcuddur: Rusiyanın təsir dairəsində olan qüvvələr, Qərbin yanında yer alan qüvvələr”

 

Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan dövlət sərhədində bu gün saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə razılıq əldə olunub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Azərbaycan tərəfi əldə olnumuş razılaşmaya əməl etsə də, Ermənistan tərəfi bundan imtina edir: “Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyətə gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir”.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan öz istəyinə nail olduğu üçün atəşkəsin pozulmasında maraqlı tərəf ola bilməz: “Bilirsiniz ki, Rusiya uzun müddət Qarabağ məsələsində Ermənistanın yanında olub. Məhz Rusiyanın dəstəyinin nəticəsi idi ki, düşmən 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Bir milyondan artıq vətəndaşımızı öz doğma yurd-yuvasından didərgin saldı. Xocalıda insanlıq əleyhinə soyqırımı törətdi. Bütün bunlar məhz Kremlin dəstəyilə baş verirdi. Çünki rəsmi Moskva Ermənistanın yanında idi”.

Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –

“Bu gün isə Azərbaycan işğal altında olan torpaqlarının 75 faizini işğaldan azad edib. Rusiya ilə müəyyən məsələlərdə anlaşa bilir. Ermənistan isə müharibədə məğlub tərəfdir. Ordusu da xeyli zəifləmiş durumdadır. Rusiya artıq onu dəstəkləmir. Münaqişədə tərəf kimi çıxış etmir. Azərbaycanla da artıq anlaşa bilib. Bu xüsusda Ermənistan çalışır ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrlərini də regiona cəlb etsin”, - deyə həmsöhbətimiz bildirib.

 

Analitik qeyd edib ki, Paşinyan Baş nazir kimi rəsmən vəzifəsinin icrasına başlayandan sonra bir çox mətləblərə ayınlıq gələcək: “Ermənistanda keçirilən son parlament seçkilərində Paşinyanın rəhbəri olduğu blok inamlı qələbə qazanıb. Yaxınlarda parlament hökuməti formalaşdıracaq. Şübhəsiz ki, Ermənistanın Baş naziri yenidən Nikol Paşinyan olacaq. Bundan sonra onun məsələlərə daha konkret yanaşacağı və qəti addımlar atacağı gözlənilir. Geniş miqyasda müharibədən söhbət gedə bilməz. Yalnız lokal miqyasda atəşkəsin pozulması halları baş verə bilər”.

 

Əlizadənin fikrincə, müharibəyə həm Rusiya imkan verməz, həm də Ermənistanın o imkanı yoxdur ki, müharibə aparsın: “Artıq Qarabağ münaqişəsinin müqəddəratı həll olunub. Bundan sonra baş verənlər bu yolla təzyiq edib, nəsə qoparmaq istəyi ola bilər. Necə ki, “Bişkek protokolu” imzalandıqdan sonrakı 26 il ərzində atəşkəsin davamlı olaraq pozulmasına şahidlik edirdik. Hesab edirəm ki, Paşinyanın məqsədi ABŞ və Fransanın - hansı ki, ATƏT-in Minsk Qrupunda Rusiya ilə bərabər təmsil olunurlar - iştirakını təmin etməkdir. İstəyir ki, onlar da sülhməramlı missiyada olsunlar. Buna nail olacağı da inandırıcı görünmür”.

 

Politoloq Rasim Ağayev isə AYNA-ya açıqlamasında deyib ki, baş verənlər Ermənistanda mövcud hakimiyyət böhranından qaynaqlanır: “Baxmayaraq ki, son parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu blok seçkilərdə qalib gəlib və hökuməti formalaşdırmaq üzrədir, bu gün də Ermənistanda hakimiyyət böhranı hökm sürür. Qabaqlar Ermənistan birmənalı olaraq Rusiyanın forpostu idisə, artıq Qərbin də bu ölkədə ciddi təsir imkanları var. Bu gün Ermənistanda rusyönümlü və qərbyönümlü qüvvələr arasında ciddi ixtilaf hökm sürür. Bunun nəticəsində də ortaya ciddi problemlər çıxır. Hesab edirəm ki, Ermənistan tərəfinin atəşkəsi pozmaq cəhdləri məhz bundan qaynaqlanır”.

“Lakin Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var ki, genişmiqyaslı müharibəyə başlasın. Bu olmayacaq. Amma müəyyən təxribatlar ola bilər. Necə ki, son 26 il ərzində biz bunu müşahidə edirdik. Halbuki, Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi mövcud idi. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya iqtisadi baxımdan çox zəifləyib, Qərbin ciddi təzyiqləri ilə üz-üzə qalıb. Yəni, əvvəlki Rusiya deyil artıq. Öz daxili problemləri kifayət qədərdir. Bu mənada Ermənistan artıq Rusiyadan açıq şəkildə dəstək ala bilmir. Nəinki, dəstək almır, Qərb yaranmış boşluqdan istifadə edib, öz adamını Ermənistanda hakimiyyətə də gətirə bilib”, - deyə müsahibimiz vurğulayıb.

 

Onun sözlərinə görə, yerləşdiyimiz region kifayət qədər həssas dönəmə daxil olub: “Əsas mübarizə söylədiyim kimi, Qərblə Rusiya arasında gedir. Qərb açıq şəkildə Rusiyanı çökdürmək istəyir. Buna nail olmasa da, kifayət qədər ciddi problemlər yaradır. ABŞ-ın yeni Prezidenti Co Bayden bununla bağlı aydın mesajlar verib. Təbii ki, Qərbin regiondakı adamları, o cümlədən Paşinyan da çalışır ki, təmsil etdiyi dairələrin mövqeyini gücləndirsin. Onları da sülhməramlı missiyada iştiraka cəlb etsin. Buna nail olacağı qətiyyən inandırıcı deyil. Lakin ATƏT-in Minsk Qrupu amilini qabartmaqla bu məsələdə təkid edir. Düşünürəm ki, ara-sıra qısamüddətli atəşkəs pozulsa da, geniş mənada problem olmayacaq”.

 

“Rusiya başa düşür ki, diqqəti regional münaqişələrə yönəltməsə, öz daxilində təzyiqlər baş qaldıra bilər. Buna görə, həm Azərbaycana, həm də Ermənistana müəyyən təzyiqlər edir. Türkiyə amilinin də bu məsələdə həlledici rolu var. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan uzun illər yürütdüyü işğalçılıq siyasəti səbəbindən bütün regional iqtisadi layihələrdən kənarda qalıb. Artıq müharibəni də uduzub. Belə bir məqamda onun müharibə cəhdləri yalnız öz əleyhinə yönələcək. İnanmıram ki, Paşinyan hökuməti hakimiyyət böhranının hökm sürdüyü, sosial-iqtisadi vəziyyətin fəlakət həddinə çatdığı, hərbi potensialının minimuma düşdüyü bir vəziyyətdə yenidən bu cəhddə bulunsun. Bu, mümkün deyil. Azərbaycan da qalib tərəfdir və onun da atəşkəsin pozulmasında heç bir marağı ola bilməz”, - deyə Ağayev fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev