“Qarabağ müharibəsi Azərbaycan-İsrail müttəfiqliyinin gücünü göstərdi” - Vladimir Mesamed

Siyasət

02.02.2022 - 13:12

İsrailli ekspert: “Türkiyənin İsraillə əlaqələrinin normallaşması Azərbaycana da müsbət təsir edəcək

İsrailli politoloq Vladimir Mesamed AYNA-ya müsahibəsində bölgəmizdə yaşanan son prosesləri şərh edib. Beləliklə:

- İran Prezidenti İbrahim Rəisi Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib ki, İsrail müsəlman xalqlarının dostu ola bilməz. Belə bir bəyanatla razısınızmı?

- İranın xarici siyasəti İsrailə nifrət üzərində qurulub və Tehran uzun illərdir ki, bu mövqeyindən əl çəkmir. Rəisinin açıqlaması İranın şəxsi fikridir. İranla qonşu olan müsəlman ölkələr, o cümlədən Azərbaycan İsraillə münasibətlərini çox yaxşı inkişaf etdirir.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun bu ilin fevralında Ankaraya səfər edəcəyini açıqlayıb. Bununla bağlı fikrinizi bilmək istərdik.

- Ərdoğan bir neçə həftə əvvəl, 2010-cu ildən əvvəlki kimi İsraillə münasibətləri yaxşılaşdırmaq istəyini dilə gətirib. Türkiyənin İsraillə kifayət qədər yaxşı münasibətlər təcrübəsi var. Türkiyə 1949-cu ildə İsraillə diplomatik əlaqələr quran ilk müsəlman ölkəsidir.

Ölkələr arasında böhran dövrlərinin olmasına baxmayaraq, böhran hələ də başa çatmayıb. Ümid edirik ki, bir çox cəhətdən Yaxın Şərq regionu üçün nümunə olan münasibətlər səviyyəsinə qayıdacağıq. Türkiyə İsraillə hətta hərbi sahədə də əlaqələri inkişaf etdirib. Ümid edirik ki, tezliklə bu münasibətlər əvvəlki vəziyyətinə qayıdacaq və hər iki ölkəyə ancaq xeyir verəcək.

- Bəs Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsi Azərbaycana necə təsir edə bilər?

- Prinsipcə, burada hər şey kifayət qədər aydındır. Türkiyə ilə Azərbaycan arasında münasibətlər kifayət qədər güclü olduğundan, xüsusən də 44 günlük müharibədən sonra Ankaranın Təl-Əvivlə əlaqələrinin normallaşması Azərbaycana da müsbət təsir edəcək. Burada yalnız müsbət cəhətləri qeyd edə bilərik. Bundan başqa, 44 günlük müharibə də Azərbaycan ilə İsrail arasında müttəfiqliyin gücünü göstərdi. Ona görə də ümid edirəm ki, Türkiyənin bu prosesə qoşulması yalnız müsbət rol oynayacaq.

- Bildiyiniz kimi, ABŞ İsrail qazının Kiprdən keçməklə Yunanıstana, oradan da İtaliyaya çatdırılması üçün sualtı kəmər layihəsini dəstəkləməkdən imtina edib. Ərdoğan bu layihənin həyata keçirilməsində İsrailə kömək etməkdə maraqlı olduğunu bildirib. Türkiyənin İsrail qazı üçün tranzit ölkə olmaq şansı nə dərəcədə realdır?

- Bu, çox çətin sualdır, çünki ABŞ bu layihənin həyata keçirilməsində İsrailə kömək etməkdən imtina edib. Söhbət ondan gedir ki, əgər İsrail indi bu layihəni Türkiyəyə verməyə meylli olsa belə, burada hər şey o qədər də sadə deyil. Fakt budur ki, bu, Türkiyəyə İsraillə manipulyasiya etmək imkanı yaradacaq. Nəzərə alsaq ki, Türkiyə Ərəb dünyası-İsrail münaqişəsinin həllində tez-tez anti-İsrail mövqelərindən çıxış edir, mənə elə gəlir ki, indiki halda İsrail çətin ki, bunu etsin. Bu layihə İsrail üçün iqtisadi deyil, daha çox siyasi ola bilər.

Görünür, bu məsələdə sonda tərəziyə qoyulacaq hallar hələ çoxdur. İnanıram ki, bu məsələ İsrail Prezidentinin Türkiyəyə səfəri zamanı müzakirə olunan mövzulardan biri olacaq.

Müəllif: Asif Aydınlı