Rusiya Prezidenti: “Hazırda gələcək dünya nizamı formalaşır”
“Dünyanı İkinci Dünya müharibəsinin bitməsindən bəri ən gözlənilməz onillik gözləyir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun plenar iclasında deyib. Onun çıxışı klubun rəsmi saytında yerləşdirilib.
“Biz tarixi bir sərhəddə dayanırıq. Qarşıda yəqin ki, İkinci Dünya müharibəsinin başa çatmasından sonra ən təhlükəli, gözlənilməz və eyni zamanda, mühüm onillik var”, - deyə Rusiya lideri söyləyib.
Putinin fikrincə, hazırda gələcək dünya nizamı formalaşır: “Hamını dinləmək və hər bir fikri nəzərə almaq lazımdır”.
Rusiya Prezidenti dünyada mövcud vəziyyət və Qərbin dünyaya hakim olmaq istəyi ilə bağlı mümkün münaqişə ssenarilərini açıqlayıb: “Bütün ziddiyyətlərin konstruktiv həlli əsas tarixi vəzifədir”.
Qeyd edək ki, Putin bundan əvvəl Qərbin iqtisadi və sosial böhranın dalana dirəyəcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Qərb hökumətləri hətta öz vətəndaşlarının rifahını belə ikinci plana atırlar.