Putindən ikibaşlı Qarabağ bəyanatı, “Vaşinqton variantı” və... –Tərəflərə hansı mesaj verildi?

Siyasət

29.10.2022 - 10:24

Fuad Çıraqov: “Putinin bu açıqlaması Rusiyanın Azərbaycanda onsuz da olmayan və ya az olan nüfuzuna, “yumşaq gücü”nə zərbə vurdu”

Şahin Cəfərli: “Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar var, bunsuz zatən sülh müqaviləsi olmaz”

Oktyabrın 27-də “Valday” Diskussiya Klubunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinə və iki ölkə arasında sülh müqaviləsinə toxunub. Rusiya lideri vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur.

“Sülh müqaviləsi, əlbəttə, lazımdır. Və biz sərhəd məsələsinin dinc yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib çıxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq".

V.Putin həmçinin deyib ki, Moskva heç kimə heç nə sırımaq istəmir: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, “Vaşinqton variantı”nı seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə tutur".

“Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək ağır məsələdir”, - deyə Putin əlavə edib.

Azərbaycanda ekspertlər Putinin bu açıqlamasının birmənalı olmadığı qənaətindədirlər. Analitiklərin qənaətincə, Rusiya lideri bununla həm İrəvana və Ermənistandakı revanşistlərə “Paşinyan ermənilər üçün məqbul olmayan sülhə hazırlaşır” mesajı verir, həm də Qarabağda öz varlığını qoruyub-saxlamaq üçün “status”un sonrakı mərhələyə saxlanması niyyətində olduğunu nümayiş etdirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov AYNA-ya deyib ki, Putinin ritorikasında fəyişiklik müşahidə edilir: “Əvvəllər Putin öz dili ilə mövqe qoymaqdan çəkinirdi. Maksimum müharibədən sonra 2020-ci il dekbarında "Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir" demişdi. Dildə bir şey deyib, əməldə başqa şey etdiklərini yaxşı anlasaq da, vaxtında bu sözlərinə görə Putinə “sağ ol” demişdik. O, özü danışmırdı, amma Zatulinin, Miqranyanın, Vardanyanın, Köçəryanın, tvlərinin dili ilə danışırdı. Nəhayət Putin indi dedi ki, "əgər ermənilər Qarabağın üzərində Azərbaycanın suverenliyini, (Qərbin irəli sürdüyü layihə variantı) qəbul etmək istəyirsə, bu, onların işidir". Bu, bir çox məsələlərə aydınlıq gətirir”.

“Putin digərlərinin dili ilə danışanda məqsədi ermənilərin radikal və milliyyətçi damarına basıb Paşinyana qarşı qaldırmaq və küçələrə çıxarmaq idi. Putinin bu çıxışının da məqsədi odur. Belə başa düşəm ki, Qərbin irəli sürdüyü variant Azərbaycanın Qarabağın üzərində suverenliyini tanıyır, eyni zamanda, statusu nəzərdə tutur. Status məsələsini Azərbaycan qəbul etmir və konkret mövqe var, bununla bağlı tənqidlər edilir bu başqa məsələ. Amma indi necə başa düşək, Rusiyanın Qarabağ üçün nəzərdə tutduğu və ermənilərə vəd etdiyi variant heç hər hansı statusla belə Azərbaycanın suverenliyini nəzərdə tutmur və yaxud da ki, tutmurdu?”, - deyə analitik ritorik sual ünvanlayıb.

F.Çıraqov hesab edir ki, səmimiyyətə və nəhayət açıq danışdığına görə Putinə təşəkkür düşür: “Amma gərək yaxşı anlayalar ki, Putinin bu açıqlaması Rusiyanın Azərbaycanda onsuz da olmayan və ya az olan nüfuzuna, “yumşaq gücü”nə zərbə vurdu. Hələ 10 il əvvəl bir Rusiya portalına müsahibədə demişdim ki, əgər Rusiya bölgədə öz mövqelərini itirməsini istəyirsə belə də davam etsin. Faktiki olaraq, edir də...Fakt odur ki, Rusiya ermənilərin dərdini Ermənistandan çox çəkir”.

Siyasi şərhçi Şahin Cəfərlinin fikrincə isə Putinin açıqlamalarından belə çıxır ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ-ın təklifi olan və Avropa İttifaqının dəstəklədiyi "Vaşinqton variantı" mövcuddur: “Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni "günah bizdən getdi...".

“Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır. Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab soruşun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik”, - deyə Ş.Cəfərli vurğulayıb.

Analitikin qənaətincə indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq: “Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək. Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar”.

Müəllif: Anar Bayramoğlu