Saxlanılan şəxs Gürcüstan pasportundan istifadə edib
Polşanın Baş naziri Donald Tusk Polşada rusiyalı sənətçi Semyon Skrepetskinin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Tusk “X” sosial media hesabında yazıb.
"Lyublin polisi və Daxili Təhlükəsizlik Agentliyi Biala Podlaskada Rusiya vətəndaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb", - Baş nazir qeyd edib.
Tuskun sözlərinə görə, saxlanılan şəxs "Gürcüstan pasportundan istifadə edib". Bildirib ki, Polşa hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparır.
Qeyd edək ki, Tusk bu cinayəti "siyasi sui-qəsd" adlandırmışdı. Əlavə etmişdi ki, bu nəzəriyyə təsdiqlənərsə, cinayət "beynəlxalq əhəmiyyətli son dərəcə ciddi bir məsələyə" çevriləcək.
Lyublin polisi öz növbəsində şübhəlinin Varşava yaxınlığında antiterror bölmələri tərəfindən saxlanıldığını açıqlayıb.
"Saxlanılan şəxs 36 yaşlı Gürcüstan vətəndaşının adına verilmiş pasportdan istifadə edib", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 2021-ci ildən bəri Polşada yaşayan 44 yaşlı Rusiya vətəndaşı (əsl adı Robert Kuzovkov) Semyon Skrepetski iyunun 15-də Biala Podlaskadakı dayanacaqda beş güllə ilə öldürülüb. “The Insider”in məlumatına görə, qətldən bir müddət əvvəl sənətçi təhdidlər aldığını bildirib. Qətldən sonra Polşa polisi hər ikisi Belarus vətəndaşı olan iki şübhəlini saxlayıb. Müstəntiqlər onların cinayətdə iştirakına dair heç bir dəlil tapmayıblar; onlar şahid qismində dindirilib və sərbəst buraxılıblar.
Skrepetski satirik, siyasi və müharibə əleyhinə karikaturaları və Rusiya hökumətini tənqid edən, lağa qoyan tamaşaları ilə tanınırdı. O ən çox Rusiya Prezidenti Vladimir Putin və SSRİ lideri olmuş İosif Stalinin karikaturalarını yaradırdı. Əsərlərində və sosial media paylaşımlarında Skrepetski həmçinin Aleksandr Lukaşenkonu, Aleksey və Yuliya Navalnını, müharibə tərəfdarı rusları və ukraynalıları lağa qoyurdu.