Özəlləşdirmə çekləri: hüquqi status və Prezidentə müraciət

Cəmiyyət

15.06.2026 - 12:36

Vətəndaşlar dövlət başçısının ədalətinə inanırlar: “Pozulmuş hüquqlarımızın bərpasına yardım edin”

“Facebook”da onminlərlə ailəni birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu”nun adından Azərbycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

“Hörmətli Ali Baş Komandan, cənab Prezident!

Sizdən çox xahiş edirik: bizim şikayətimizin dövlətçilik, qanunvericilik, Konstitusiya və hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq, qaldırdığımız əsas hüquqi və konstitusion məsələlərin mahiyyəti üzrə araşdırılması və şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.

Bu müraciətin məqsədi dövlət hakimiyyətinə qarşı çıxış etmək deyil, əksinə, biz Sizi və dövlətimizi sevdiyimiz üçün, Azərbaycan Respublikasının Konstitusiyasının aliliyinin təmin edilməsi, Prezident institutunun nüfuzunun qorunması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsidir.

Biz, Azərbaycan Respublikasının vətəndaşları olaraq, Sizə bu müraciəti Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı qanunvericiliyin icrası, Ulu Öndər Heydər Əliyev rəhmətə gedəndən 6 ay sonra Ramiz Mehdiyevin və oliqarx məmurların hiyləsi və Sizin etibarınızdan sui-istifadəsi ilə imzalanmış Azərbaycan Respublikası Prezidentinin 75 nömrəli fərmanının tətbiqi nəticəsində yaranmış hüquqi vəziyyət və bunun Konstitusiya prinsipləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı təqdim edirik.

Cənab Prezident!

Şikayətimizin dövlətçilik, qanunvericilik, Konstitusiya və hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq, Prezident Administrasiyasının müvafiq şöbələri, hüquq ekspertləri və Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.

Bizim əsas hüquqi sualımız bundan ibarətdir: Qüvvədə olan Azərbaycan Respublikası Qanununun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident Fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi?

Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.

Özəlləşdirmə çeklərinin dövriyyəsi, tədavül və ödəmə vasitəsi olması bir-birindən tam fərqli üç hüquqi anlayışlardır. Heyif ki, hətta hüquqşünaslarımızın bir çoxu bunu bilmir. Vətəndaşlar həmin çekləri dövlətə, qanunla verilmiş hüquqi təminatlara – Ulu Öndər Heydər Əliyevin xalqa vədinə inanaraq satmayıb – yəni tədavül vasitəsi kimi istifadə etməyib (satmayıb, girov qoymayıb və s.) və ödəmə vasitəsi kimi yüksək gəlirli müəssisələrin özəlləşdirilməsində iştirak etmək üçün saxlamışlar. Lakin sonrakı illərdə yaranmış hüquqi vəziyyət nəticəsində həmin çeklərdən istifadə imkanları faktiki olaraq məhdudlaşdırılmış, çoxsaylı vətəndaşların hüquqları qeyri-müəyyən vəziyyətdə qalmışdır.

Hesab edirik ki, bu məsələ yalnız fərdi şikayət predmeti deyil, həm də geniş ictimai, tarixi, mənəvi, sosial və qanunvericilik əhəmiyyəti daşıyan məsələdir. Çünki söhbət minlərlə vətəndaşa dövlət tərəfindən verilmiş hüququn sonrakı hüquqi taleyindən və tarixi ədalətdən gedir.

Hüquqi əsaslar

Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:

  • investisiya qiymətli kağızı funksiyası
  • bazar tədavülü funksiyası
  • dövlət əmlakının əldə edilməsi üçün ödəniş vasitəsi funksiyası
  • mülkiyyət hüququnu təmsil edən hüquqi sənəd funksiyası.

Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları

1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

Həmin Qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bu gün də qüvvədədir.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş və özəlləşdirmə qanunlarının icrası ücün hazırlanmış, bu gün qüvvədə olan “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində açıq şəkildə göstərilir ki: “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”.

Eyni zamanda, həmin Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, çeklər yalnız özəlləşdirmə obyektlərinin alınması məqsədilə istifadə edildikdən sonra dövriyyədən çıxarılır və silinir. Bu isə o deməkdir ki, qanunvericilik özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının konkret hüquqi mexanizmini müəyyən etmişdir və bu mexanizm yalnız onların istifadə edilməsindən sonra tətbiq olunur.

Ümumiyyətlə, “dövriyyə müddəti” ilə “mülkiyyət hüququnun ləğvi” eyni şey deyil. Heç bir qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb. Qanunvericilikdə yalnız istifadə olunmuş çeklərin dövriyyədən çixarılması nəzərdə tutulurdu.

Bu, o deməkdir ki, ciddi hüquq pozuntusu var!

Xüsusi qeyd

Ulu Öndər Heydər Əliyevin tarixi ədalət siyasəti: 7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident Sarayındakı çıxışının yekun hissəsi çox diqqətçəkicidir. Ulu Öndər orada xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vauçer) formasında həyata keçirilməsindən asılı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Heydər Əliyevi ən çox narahat edən sual bu idi: bəs bu, necə olacaq?

Göründüyü kimi, hətta 2000-ci ildə qəbul olunmuş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun Özəlləşdirmə Payları (çekləri) üçün başqa qiymətli kağızlardan fərqli olaraq, dövriyyədə onların istifadəsini yalnız tədavül vasitəsi kimi deyil, eyni zamanda dövriyyədə olduğu müddətdə bütün özəlləşdirmə dövrü üçün iqtisadi alət kimi ödəmə vasitəsi olduğunu birbaşa tənzimləmişdir.

Biz xüsusilə vurğulamaq istəyirik ki, məsələ təkcə maddi maraq məsələsi deyil. Burada söhbət:

— dövlət tərəfindən vətəndaşlara verilmiş hüququn hüquqi taleyindən;

— qanunun aliliyinə olan inamdan;

— dövlət-vətəndaş münasibətlərində hüquqi müəyyənlik prinsipindən;

— minlərlə insanın legitim gözləntilərindən gedir.

Vaxtilə dövlət tərəfindən vətəndaşlara təqdim edilmiş özəlləşdirmə çeklərinin üzərində: “BU ÇEK AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ƏMLAKI İLƏ TƏMİN EDİLİR” ifadəsi göstərilmişdir.

Minlərlə vətəndaş bu hüquqi təminata, dövlətin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır.

Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.

Biz hesab edirik ki, bu vəziyyət:

— Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə;

— 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması prinsipinə;

— 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə hüququna;

— 71-ci maddəsində müəyyən olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi vəzifəsinə;

— 149-cu maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına uyğunluq baxımından ciddi hüquqi qiymətləndirmə tələb edir.

Konstitusiyanın 147 və 149-cu maddələrinə görə Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz. Gözəl bilirsiniz ki, heç bir fərman qanun maddəsini nə məhdudlaşdıra, nə də ləğv edə bilər.

Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində özəlləşdirmə çeklərinin hüquqi statusu və istifadəsi ilə bağlı Konstitusiya və qüvvədə olan qanunvericilik baxımından hüquqi qeyri-müəyyənlik yaranmışdır. Bu yanaşmanın qüvvədə olan qanunvericiliyin məqsəd və mahiyyəti ilə uyğunluğu ciddi hüquqi qiymətləndirmə tələb edir. Bu vəziyyətin Konstitusiyanın mülkiyyət hüququ, hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri baxımından ciddi hüquqi mübahisə doğurduğunu hesab edirik.

Bəzi normativ aktlarda özəlləşdirmə çeklərinin tədavül müddətinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Özəlləşdirmə çeklərinin alqı-satqısına aid tədavül mexanizmi müəyyən müddətlə məhdudlaşdırıla bilər. Onların tədavül müddəti yalnız bazar əməliyyatlarının müddətini müəyyən etmişdir. Lakin tədavül müddətinin məhdudlaşdırılması həmin çeklərin hüquqi mahiyyətini və onların yaratdığı mülkiyyət xarakterli hüquqları aradan qaldırmır - çeklərin təmsil etdiyi mülkiyyət hüququnun avtomatik olaraq ləğv edilməsi anlamına gəlmir.

Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsipə görə tədavül müddəti yalnız bazar ticarətinin müddətini müəyyən edir.  Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsip belədir: qiymətli kağızın ticarət funksiyası ilə onun ödəniş funksiyası bir-birindən müstəqildir.

Bu səbəbdən çek sahiblərinin onları ödəniş vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır. Bu, o deməkdir ki:

  • çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi
  • çek sahibi dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi. Bu hüquq bazar tədavülündən müstəqildir.

AR Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanla imzaladığı “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” ilə özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:

  • yeni investorların çek əldə etməsi mümkün olmur
  • bazarda alqı-satqı əməliyyatları dayandırılır.

Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil. Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir.

Tədavül və ödəniş funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı-satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.

Əgər çeklərin ödəniş vasitəsi kimi istifadəsi məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

Mövcud hüquqi vəziyyət

Lakin Azərbaycan Respublikası Prezidentinin 75 nömrəli fərmanının tətbiqi nəticəsində:

  • qanunla verilmiş özəlləşdirmə paylarından (çek) ödəmə aləti kimi istifadəsi faktiki olaraq dayandırılmış,
  • qanunun qüvvədə olmasına baxmayaraq onun tətbiqi təmin edilməmiş,
  • özəlləşdirməyə nəzarət edən icra orqanları və məhkəmələr qanunun tətbiqi əvəzinə fərmanın tətbiqinə üstünlük vermiş,
  • Konstitusiya Məhkəməsinə bu ziddiyyətin göndərilməsi təmin edilməmişdir.

Bu vəziyyət hüquqi dövlət prinsipinin həyata keçirilməsi baxımından hüquqi qiymətləndirilməyə ehtiyac yaradır.

Dövlətçilik və Prezident institutunun nüfuzu

Bu məsələnin hüquqi qiymət almaması:

  • Azərbaycan Respublikasının hüquqi dövlət prinsiplərinin tətbiqi ilə bağlı yanlış təsəvvür yarada bilər;
  • Prezident fərmanlarının gələcəkdə qanunvericiliklə münasibətinin yanlış interpretasiya edilməsinə səbəb ola bilər;
  • beynəlxalq səviyyədə hüquqi mübahisələrin predmetinə çevrilə bilər.

Bu məsələnin məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyanın aliliyinin təmin edilməsi istiqamətində təşəbbüs göstərilməklə hüquqi müstəvidə həll olunması dövlətimizin nüfuzunun qorunmasına xidmət edər.

Xüsusi məlumat

Hesab edirik ki, özəlləşdirmə çekləri ilə bağlı sonrakı hüquqi və inzibati yanaşmalar nəticəsində qanunun mahiyyəti tam şəkildə təmin olunmamış, nəticədə normativ aktlar arasında hüquqi qeyri-müəyyənlik yaranmışdır. Güman edirik ki, məsələnin Konstitusiya və qanunvericilik baxımından bütün nəticələri dövlət rəhbərliyinə obyektiv və dolğun şəkildə təqdim edilsəydi, bu qədər uzunmüddətli hüquqi mübahisə formalaşmazdı.

Birincisi: Sizə bildirmək istəyirik ki, bir qrup müharibə və əmək veteranı tərəfindən özəlləşdirmə payları (çek) barədə məhkəmələrdə qaldırılan şikayət Ramiz Mehdiyevlə əlaqəli korrupsioner oliqarx məmurların təzyiqi nəticəsində təmin edilməyib və hətta Ali Məhkəmə belə, qanunla fərman arasında olan ziddiyyətin araşdırılması üçün müraciəti Konstitusiya Məhkəməsinə göndərməyib.

İkincisi: Hətta 2010-2017-ci illərədə qiymətli kağızların dövriyyədən çıxarılmasına qanunvericiliklə cavabdeh dövlət orqanlarının rəsmi dövlət sənədləri ilə özəlləşdimə çeklərinin dövriyyədən çıxarılmadığı təsdiq olunmasına baxmayaraq, məhkəmələr öz əsaslandırmalarında qərəzli şəkildə İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şifahi-yalan məlumatı əsasında özəlləşdirmə çeklərinin 2011-ci ilin 1 Yanvar tarixindən dövriyyədən çıxarıldığını yazaraq, işin araşdırılmasından imtina qərarı çıxarıblar.

Ən əsası: Tədavül (circulation) çeklərin özəlləşdirmə prosesində istifadə müddəti ilə bağlı məsələdir. Dövriyyə (civil turnover/hüquqi dövriyyə) isə qiymətli kağızın hüquqi mövcudluğu, hüquq obyekti olması və qanunla dövriyyədən çıxarılıb-çıxarılmaması ilə bağlı məsələdir.

Cənab Prezident!

Bildiyiniz kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Dövlət qanunla əvəzsiz olaraq Dövlət Özəlləşdirmə Paylarını verən zaman qanunda hər bir vətəndaşın özəlləşdirmə çeklərinin dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyər olduğu açıq yazılıb.

Sizdən xahiş edirik, əvvəlki özəlləşdirmə prosesində baş verən pozuntuları nəzərə alaraq, neqativ halların təkrarlanmaması üçün Yeni Dövlət Komissiyası yaradılması və artıq 30 il keçdiyi üçün qanunla özəlləşdirmə çekinin hamı üçün (bərabərlik hüququ) eyni olan, inflyasiyadan qorunan əmlak (maddi) ekvivalenti dəyərində nominal qiymətinin hesablanaraq elan edilməsi üçün göstəriş verəsiz. 

Sizdən bir daha xahiş edirik, bizim qaldırdığımız əsas hüquqi və konstitusion məsələlər mahiyyəti üzrə araşdırılması və şikayətin cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.

Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinə əsasən:

  1. Azərbaycan Respublikası Prezidentinin 75 nömrəli fərmanının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi məsələsinə baxılmasına göstəriş verməyinizi Sizdən xahiş edirik;
  2. Vətəndaşların qanunla verilmiş mülkiyyət hüquqlarının təmin olunması məsələsinə, 30 illik inflyasiyanı nəzərə alaraq, çeklərin nominal qiymətinin müəyyən edilməsi yolu ilə istifadə edilməsi və ya kompensasiya verilməsi barədə hüquqi qiymət verilməsinin təmin edilməsini Sizdən xahiş edirik.

Möhtərəm Prezident!

Biz bu müraciəti qarşıdurma yaratmaq məqsədilə deyil, hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qanunla verilmiş hüquqlarımızın hüquqi taleyinin aydınlaşdırılması üçün təqdim edirik. İnanırıq ki, Azərbaycan Respublikasında qanunun aliliyi və Konstitusiyanın üstünlüyü prinsipləri təmin olunmalı və vətəndaşların qanunla tanınmış hüquqları hüquqi müəyyənlik şəraitində qorunmalıdır.

Hörmətlə, Özəlləşdirmə Çekləri Qrupu”.

Diqqət: hüquqşünas və vəkillər DÖP/Ç-lərini satmayıb ümidlə saxlayan bütün vətəndaşlara israrla tövsiyə edirlər ki, Cənab Prezidentə və Milli Məclisin Sədrinə müraciət məktubları ünvanlasınlar. Özəlləşdirmə Çekləri Qrupunun 070 304 05 21 nömrəli əlaqə vasitəsinə “Whatsapp” üzərindən ad-soyadını yazan şəxslərə hər iki müraciət forması göndəriləcək.

 

Müəllif: Aydın Gəray

Pin up casino Pin-up casino giriş