“İstədiyimiz qədər sürətlə irəliləmirik, amma yenə də hər gün irəliləyirik, ərazilərimizi tədricən nəzarətimiz altına alırıq”
“Rusiya Ukrayna infrastrukturuna hücumları gücləndirəcək. Onların etdiklərini nəzərə alsaq, biz müvafiq cavab verməliyik. Bu, bizim növbəti vəzifəmizdir. Biz bunu edirik və düşmənin infrastrukturuna zərbələrimizi artıracağıq".
AYNA.AZ “İnterfaks”a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "xüsusi hərbi əməliyyat" iştirakçıları ilə görüşdə deyib.
Putin bildirib ki, ilin əvvəlindən bəri Rusiya neft emalı zavodlarına, limanlarına və yanacaq-enerji infrastrukturuna 80 dəfədən çox zərbə endirən Ukrayna Silahlı Qüvvələrinin zərbələri Rusiya iqtisadiyyatına zərər verir: “Amma biz tez bir zamanda bərpa olunuruq. Onlar bizə heç bir ciddi problem yarada bilməyəcəklər".
“Rusiya hazırda NATO-nun təmsil etdiyi kollektiv Qərblə üz-üzədir. Lakin onlar nə cəmiyyəti bölməkdə, nə də iqtisadi ziyan vurmaqda uğur qazana biləcəklər", - deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları "xüsusi hərbi əməliyyat" zonasında irəliləməyə davam edir: "Yaxşı işlər görürük. İstədiyimiz qədər sürətlə irəliləmirik, amma yenə də hər gün irəliləyirik, ərazilərimizi tədricən nəzarətimiz altına alırıq. Biz məqsədimizə nail olacağıq. Heç kimin buna şübhəsi olmasın".
Putin həmçinin müharibənin başlanğıcından bəri Rusiya ordusunun səlahiyyətli sayını beşinci dəfə artırıb. İmzalanan fərmana əsasən, ordunun ümumi sayı 2.399.130 nəfər olaraq müəyyən edilib ki, onlardan 1,51 milyonu hərbçidir. Rəsmi hüquqi məlumat saytında dərc olunan sənəddə həmçinin bildirilir ki, hökumətə federal büdcədən Müdafiə Nazirliyinə lazımi büdcə ayırmaları etmək tapşırılıb.
Putin əvvəllər mart ayında Rusiya ordusunun səlahiyyətli sayını 2.391.770 nəfərə çatdırmışdı ki, onlardan 1,5 milyonu hərbçidir. 2024-cü ilin sentyabrında Putin silahlı qüvvələrin sayını 1,5 milyon hərbçi də daxil olmaqla 2.389.130 nəfərə çatdırıb. Bundan əvvəl, 2023-cü ilin dekabr ayında bu rəqəm 2.209.130 nəfərə (1.320.000 hərbi qulluqçu), 2022-ci ilin avqust ayında isə müharibənin başlamasından altı ay sonra 1.150.628 hərbi qulluqçu da daxil olmaqla 2.039.758 nəfərə çatdırılmışdı.
Müharibədən əvvəl Rusiyada 2017-ci ildə qüvvədə olan bir fərmanla Rusiya Silahlı Qüvvələrinin səlahiyyətli sayı 1.013.628 hərbi qulluqçu da daxil olmaqla 1.902.758 nəfər müəyyən edilmişdi.