"Şübhə etmək hüququ varsa, onda bizim də haqqımız var"
Məlum olduğu kimi oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin İrəvanda növbəti sammiti keçiriləcək. O da məlumdur ki, Vladimir Putinin sammitdə iştirakı gözlənilir. Ermənistan KİV-i sammit öncəsi yaranmış vəziyyətdən xüsusi narahatlığını və narazılığını etiraf etməkdən çəkinmir. Məsələ burasındadır ki, Rusiya prezidenti səfər çərçivəsində həbsxanada dostu Robert Koçaryana baş çəkmək niyyətində olduğunu bildirib. Ermənistan mediası yazır: ”Əgər Putinin şərti yerinə yetirilməyəcəksə, sammit Moskvaya keçirilə bilər. Və ümumiyyətlə, Koçaryanın məsələsini həll etmək üçün Rusiya Ermənistana 10 gün vaxt verib”. KİV Baş naziri qınaq hədəfinə çevirərək “Nikol Paşinyan nədənsə sübut etmək istəyir ki, “biz tarixən Rusiyanı regiona Avropa dəyərlərini tətbiq edən güc hesab etmişik”.
Bu barədə AYNA moderator-a istinadən xəbər verir.
Cəmi iki gün əvvəl “Nuvel de Armeni”-nin müxbirinin suallarına cavab verən zaman Nikol Paşinyanın bu fikri Ermənistanda birmənalı qarşılanmamış, “məxməri inqilaba” kölgə kimi dəyərləndirilmişdi. Qeyd edək ki, həmin müsahibədə Rusiya ilə münasibətlərə toxunanda “bərabərhüquqlu müttəfiqlər” ifadəsini tez-tez işlətsə də Paşinyan kifayət dərəcədə “ağası” üçün qəbul olunmayan fikirlər söyləmişdi. Onun dediklərinə görə Rusiya həmişə ermənilərə şübhə ilə yanaşsa da, keçmiş hakimiyyət Rusiyadan şübhəliliyini dilə gətirməyib, amma indi münasibətlərə başqa müstəvidə yanaşmağın vacibliyini baş nazir qeyd edib və əlavə edib ki: ”Rusiya Azərbaycana silah satanda bu şübhəli hərəkət kimi dəyərləndirilməlidir, biz suveren tərəfdaşlarıq və şübhə etmək hüququ varsa, onda bizim də haqqımız var. Düşünürəm ki, ümumilikdə münasibətlərimiz bu əsasda qurulmalı və inkişaf etdirilməlidir. Hər kəsin ləyaqətinə hörmət əsasında münasibətlər qurmalıyıq. Və kimsə üçün ortaqlıq öhdəliklərimizi yetərincə yerinə yetirmədiyimiz görünürsə, bu bizə də bunu etməyə imkan verir”.
Əslində müstəqil dövlətin başçısına uyğun olan cavabdır. Amma, Ermənistanın reallıqda Rusiyadan necə asılı olduğu illərdir, əsrlərdir ki, ortadadır. Bu şübhəliliyin bədəlini isə tarixən Azərbaycan ödəyib, baxmayaraq ki, erməni mediası Rusiyanı Qarabağ, Naxçıvan, hətta qondarma soyqırımın da səbəbkarı kimi təqdim etməklə Ermənistanın maraqlarının əleyhinə getdiyini deməkdən çəkinmir. Rusiya FederasiyasıTəhlükəsizlik şurasının katibi Patruşevin İrəvan səfərindən az sonra bu söz-söhbət daha da aktuallaşıb.
Regionda gedən proseslərdə yeni çalarlar yaranır və bu yalnız Koçaryanın həbsi ilə bağlı deyil. Koçaryana münasibət Rusiyaya etimad məsələsidir. Sabah Rusiyanı, onun başçısını özünə (ölkəsinə yox) arxa bilən başqaları da bu vəziyyətdən sonadək arxayın olmayıb, əks istiqamətlərə üz tuta bilərlər. Bu situasiyadan Azərbaycan necə yararlana bilər? Yaranmış yeni situasiya Qarabağ probleminin həlli istiqamətində maraqlarımıza uyğun siyasi çeviklik, fəal diplomatik gedişləri zəruri edir.