Əli Hüseynli: “Daxili işlər orqanlarının rəhbərliyi qısa zamanda polis əməkdaşı ilə bağlı tədbir gördü”
“Azərbaycan vətəndaşları bütövlükdə - cəmiyyətimiz, vətəndaşlarımız qəbul olunmuş qanunlara və karantin rejiminə, həqiqətən də, ciddi riayət edir. Hazırda isə cəmiyyət bir epizodu müzakirə edir”. AYNA xəbər verir ki, bu sözləri “Yeni” TV-nin efirində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Yasamalda polislə sakinlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.
O qeyd edib ki, epizodik hallar hər zaman, bütün dövlətlərdə ola bilər. Birinci vitse-spikerin fikrincə, Azərbaycan vətəndaşlarının qanuna hörmət kimi yüksək mənəvi keyfiyyətləri var.
Ə.Hüseynli söyləyib ki, Bakının Yasamal rayonundakı hadisələr barədə dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir: “Daxili işlər orqanları qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarının icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir”.
Parlament sədrinin birinci müavini Yasamalda polisin vətəndaşı təhqir etməsini də şərh edib. Onun fikrincə, bu zaman polis nümayəndəsinin etik davranış qaydalarından kənar hərəkətləri müşahidə edilib.
“Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin etik davranış qaydasını pozduğunu gördük. Məsələ araşdırıldı, məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyırlar. Daxili işlər orqanlarının rəhbərliyi qısa zaman çərçivəsində etik davranış qaydalarını pozan polis əməkdaşı ilə bağlı tədbir gördü”, Hüseynli bildirib.