Bayrama az qaldı, bəziləri qurban kəsməyə tələsir, bəziləri isə "alverə"

Cəmiyyət

09.08.2019 - 18:15

Qurban bayramının əsas şərtlərindən biri də bayram gününün səhəri bayram namazına getmək və ondan sonra gəlib qurbanları kəsməkdir

 

İslam dininin ən geniş yayılmış ayinlərindən biri də qurban kəsməkdir. İldə bir dəfə bütün müsəlman ölkələrində “İsmayıl qurbanı” kəsilir və bu gün bayram kimi qeyd olunur. Qurban bayramı İslam aləminin ən müqəddəs bayramlardan biri hesab olunur. Müsəlmanlar hər il bu bayramı həvəslə gözləyir, ciddi hazırlıq işləri görürlər.

 

Digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramına hazırlaqlar tam sürətlə davam edir. Ancaq hər il Qurban bayramı ərəfəsində insanları qurbanlıq qoyunların hansı şəraitdə kəsilməsi, bəzi ziyarətgahlarda və yerlərdə kəsilən qurbanların din xadimləri, dilənçilər və işbazlar tərəfindən satılması və s. məsələlər insanları narahat edir.

 

Həmçinin bəzi suallar meydana gəlir. Məsələn, Azərbaycanda Qurban bayramı İslam dininin qaydalarına uyğun şəkildə qeyd olunurmu? Bayram ərəfəsində kəsilən qurbanların çəkiləri, yaşları nəzərdə tutulmalıdırmı? Qurban ətinin satılması caizdirmi?

 

Əksər insanlar üçün qaranlıq qalan bu məsələlərə ekspertlərlə AYNA tutmağa çalışdıq.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) sorğumuza cavab olaraq bildirdilər ki, qurban kəsilən heyvan sağlam və kök almalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlıq üçün məqbul sayılmır. Qurban kəsilən heyvan qoyun, keçi, öküz-inək və dəvə olmalıdı, həm də müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inəyin 2, dəvənin isə 5 ili tamam olmalıdır.

 

QMİ-dən onu da əlavə etdilər ki, qurban ətinin satılması haramdır: “Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. 7-dək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə adət halına çevrilib. Yaxşı olar ki, bölgü aparılan zaman şəriklər bir-birinə halallıq versinlər”.

 

“Şərikli kəsilən qurbanlar da fərdi kəsilən qurbanlar kimi üç hissəyə bölünməlidir. Bir hissəsi qurban sahibinin özünə, bir hissəsi fəqir və kasıb ailələrə, bir hissəsi isə qohum-əqrəbalara paylanmalıdır”, - deyə QMİ-dən qeyd olundu.

 

İlahiyyatçı Əkrəm Həsənovun qənaətincə, müəyyən istisnaları çıxmaq şərtilə, Azərbaycanda Qurban bayramının yüksək şəkildə qeyd olunduğu demək olar: “Amma bayram ərəfəsində heyvanların qiymətində süni bahalaşma, israfçılıq kimi hallar İslam qanunları tərəfindən qəti şəkildə rədd olunur. İslam dininə əsasən, qurban ətinin başı, ayağı, dərisi və digər bədən üzvüləri atılmamalı və istifadə olunmalıdır. Ancaq biz bəzi yerlərdə qurbanlıq heyvanların bəzi bədən üzvülərinin zibilliklərə atıldığının şahidi oluruq. Bu, kəsim yerlərində sanitariya qaydalarına riayət olunmamasının göstəricisidir”.

 

İlahiyyatçının bildirdiyinə görə, Qurban bayramının əsas şərtlərindən biri də bayram gününün səhəri bayram namazına getmək və ondan sonra gəlib qurbanları kəsməkdir: “Amma bizdə bu ənənəyə riayət olunmur. İnsanlar məscid əvəzinə qəbiristanlıqlara üz tuturlar. Bu da şəriət tərəfindən qəbul olunmaz haldır. Bunun üçün KİV-lərdə və TV-lərdə bu mövzulara toxunmalı və savadlı ilahiyyatçılara müraciət etmək lazımdır”.

 

Ə.Həsənov vurğulayıb ki, QMİ bu problemə qarşı heç bir tədbir görülmür: “Qafqaz Müsəlmanlar İdarəsi ziyarətgahlar adlanan “şəxsi obyekt”lərində belə, sanitariya qaydalarına əməl olunmur. Bu məsələlərdə fəaliyyətləri kifayət qədər zəifdir”.

 

Ə.Həsənov qurban ətlərinin satılmasına da münasibət bildirib. Onun sözlərinə görə, qurban ətlərinin satılması şəriət qaydalarına, tamamilə ziddir: “İmkan varsa, xırdabuynuzlu heyvan almalı, imkan yoxdursa, iribuynuzlu heyvanlara 7 nəfərlə birlikdə şərik olmaq lazımdır. Çünki qurban adı ilə ət almaq və satmaq İslam qaydalarına əsasən qəbulolunmazdır və bu, qurban əti sayılmır”.

Müəllif: Mərahim Nəsib