Pentaqonun rəhbəri: “İsrailin özünümüdafiə hüququ sarsılmazdır”
Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin özünümüdafiə hüququnu təsdiqləyib və bildirib ki, ABŞ-ın bu məsələdə mövqeyi sarsılmaz olaraq qalır. AYNA xəbər verir ki, bu barədə Ostinin ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir.
Pentaqon rəhbəri qeyd edib ki, nazir İsraildəki hadisələri diqqətlə izləyir və ölkəyə yardım vəd edir.
“Yaxın gələcəkdə ABŞ Müdafiə Nazirliyi İsraili özünümüdafiə və vətəndaşların zorakılıq və terrorizmdən qorunması üçün lazım olan hər şeyi təmin etmək üçün tədbirlər görəcək”.
Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində 1864 nəfərin yaralandığını bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Raket hücumlarına cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başladığını açıqlayıb.