Paytaxt rəhbərliyindən söz oyunu – <font color=red> Əsl problem kənarda qalıb</font>

Cəmiyyət

10.08.2020 - 21:19

BŞİH çimərliklərin “işğalı” məsələsinin üstündən keçməyə çalışır

 

Çimərliklərdəki məhdudiyyətlər ona gətirib çıxardı ki, vətəndaşlar dəniz sahilinə yalnız sahilin pullu hissəsində yer tapa bilirlər. Artıq günorta saatlarından pulsuz və aşağı büdcəli çimərliklər camaat tərəfindən tam tutulur, ziyarətçi limiti tükəndiyi halda, qalanlarının oraya getməsinə icazə verilmir. Bu halda vətəndaşın qarşısında belə bir seçim dayanır: ya otellər və istirahət mərkəzləri tərəfindən işğal olunan çimərlikdə istirahət etmək üçün orta gəlirli ailəyə olduqca baha olan bir məbləğ ödəmək, ya da həmin gün dənizdə çimmək fikrindən imtina edərək, geri qayıtmaq.

 

Əlçatan çimərliklər qarşısında izdiham yaranır. İnsanlar hazırkı durumdan çox narazıdırlar və bunu sosial şəbəkələrdə qəzəblə bildirirlər. Vətəndaşlara Bakı və Sumqayıt çimərliklərindəki vəziyyət, habelə tutumu və ünvanları ilə real vaxtda tanış olmağa kömək edən https://www.cimerlik.az/ saytı tərəfindən qərəzsiz şəkildə tərtib edilir. Çimərliklərin dolub-dolmamasını indikatorlar vasitəsi ilə öyrənmək olar. Dörd rəng var: solğun yaşıl çimərliyin 0-25% yükləndiyi deməkdir ki, bu da vətəndaşın orada mütləq yer tapa biləcəyini gösətrir, parlaq yaşıl vətəndaşlara çimərlik sahəsinin 25-50% dolu olduğunu, narıncı göstərici sahilin 50-75% dolu olduğunu, qırmızı rəng isə ərazinin 75-100% tutulduğunu göstərir.  Bu, çox güman ki, “sizə o çimərlikdə yer olmayacaq” deməkdir.

 

Maraqlıdır ki, hamının arzuladığı yaşıl indikator bir qayda olaraq, bahalı istirahət mərkəzlərinin və otellərin sahilini rəngləyir. Bu, başadüşüləndir, çünki əhalinin əksəriyyəti üçün bu obyektlərdə istirahət əlçatmazdır. Mövcud qanunvericiliyə baxmayaraq, sahibkarlar yalnız öz dənizkənarı əmlaklarını hasarlamırlar – saytda yerləşən peykdən çəkilən xəritədə vətəndaşların sahil boyu hərəkətinə mane olan daş hasarları görə bilərsiniz. Belə olmasaydı, çimərliklər vətəndaşlarımızın əksəriyyəti üçün əlçatan olar və sanitar məsafə ilə bağlı problemlərin qarşısını almaq olardı.

 

Xatırladaq ki, hələ 13 yanvar 2003-cü ildə Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyev Xəzər sahillərindən istifadənin tənzimlənməsi ilə bağlı fərman imzalamışdı. Sənəddə deyilir ki, vətəndaşların çimərliklərdə istirahət hüququnu təmin etmək üçün dənizdən 130 metrlik bir zolaq daxilində, fiziki və hüquqi şəxslərə icarəyə verilmiş və istifadə olunan bütün ərazilər inzibati və ya məhkəmə yolu ilə geri qaytarılmalıdır. Ancaq tezliklə yuxarıdakılara əyan oldu ki, bu məsələdən əziyyət çəkən elə özləri olacaq. Buna görə 5 ildən sonra parlament 130 metrlik zonanın 20-50 metrə endirilməsi barədə qərar qəbul etdi. Torpaq Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Torpaq islahatı haqqında” qanuna müvafiq dəyişikliklər edildi. Bundan sonra qanun artıq sahillərin dövlət məqsədləri üçün istifadəsinə icazə verdi.

 

Bundan əlavə, icra hakimiyətlərinə dənizdən 20-50 metr aralıda torpaq sahəsini icarəyə vermək və ya hasarlamağa icazə verilirdi, amma bir şərtlə ki, bu addım vətəndaşların sahilboyu hərəkət etməsinə maneçilik törətməsin. Bu qanuna necə əməl olunduğunu görmək üçün Abşeron çimərliklərinə girmək kifayətdir. Bu gün dənizboyu on kilometrlə məsafə ələ keçirilərək, 8-10 metrlik divarlarla hasarlanıb. Bu bölgələrin arxasında çoxlu milyonlarla dollarlıq villalar, istirahət mərkəzləri və restoranlar yerləşir ki, bunun da nəticəsində çimərliklərin hamı üçün əlçatan hissəsində iynə atsan, yerə düşməz.

Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı əmr imzalandı

Baş verənlərin fonunda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nə edir? Qurumun idarə rəisi Elmin İmanovun AYNA-ya dediyinə görə rayon icra nümayəndələri ilə birlikdə Bakı çimərliklərinin yoxlanılmasında iştirak edib. O, insanların dənizə giriş hüququnu bərpa etmək, hündür hasarları ləğv etmək əvəzinə, bildirib ki, monitorinqin nəticələrinə əsasən, çimərliklərə ayrılan giriş limitinə yenidən baxıla bilər.

 

İmanovun sözlərinə görə, təmizlik çimərliklərdə ən aktual məsələlərdən biri olaraq qalır: “Bunun üçün İcra Hakimiyyətinə tabe olan qurumlar gücləndirilmiş rejimdə işləyir. Ziyarətçilərin sayını tənzimləmək üçün cimerlik.az veb saytı yaradılıb. İstirahət edənlər ən az adam olan çimərliyi seçmək üçün dənizə getməzdən əvvəl bu portala baxsınlar”.

 

Axı, çimərliklərə getmək üçün müəyyən olunan yeni qaydaların əsas məqsədi istirahət edənlər arasında sosial məsafəni saxlamaq, koronavirusun yayılma təhlükəsini minimuma endirməkdir. BŞİH rəsmisi qeyd edib ki, çimərliklər iki gündür dolub-daşır və bu da müəyyən narahatçılıq doğurur.

 

“Vətəndaşlardan hazırkı vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinmələri və daha az adam olan çimərliklərə üstünlük vermələri xahiş olunur”, - deyən İmanov, çimərliklərin nəyə görə dolub-daşmasına və yer qıtlığının əsl səbəbinin nə olmasına isə izahat verməyib...

Müəllif: Tanya Samsonova