İbrahim Kərbəlayev: "Vəziyyətdən şikayətçi olan şəxslər fərdi qaydada “Azəriqaz"a müraciət edə bilərlər"
Xəbər verdiyimiz kimi, "Azəriqaz" İstehsalat Birliyinin (İB) bir qrup işçisi sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirliyə müraciət edərək qarşılaşdıqları problemi həll etməkdə yardımçı olmasını xahiş ediblər.
"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı və Astara Xidmət Sahələrində xidməti müqavilə ilə çalışan işçilərin problemi ondan ibarətdir ki, onlar ayda üç dəfə Lənkərana gedərək davamiyyət jurnalına qol çəkməyə məcbur edilirlər. Eyni zamanda, həftədə üç dəfə öz rayonlarının Xidmət Sahəsinə gedərək oradakı davamiyyət jurnalına qol çəkirlər.
İşçilər ayda üç dəfə Lənkərana gedib-gəlməyə etiraz edirlər. Təklif edirlər ki, intizamın yoxlanılması üçün Lənkərandan bir nəfər Masallı və Astaraya göndərilsin.
AYNA problemə aydınlıq gətirmək üçün “Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb.
İ.Kərbəlayev bildirib ki, Regional Qaz İstismar İdarəsinin Xidmət Sahələrinə xidməti müqavilə ilə işə götürülən şəxslər əvvəlcədən regiona gəlib-gedəcəkləri barədə məlumatlandırılır və ondan sonra işə götürülürlər: “Həmin şəxslər işə götürülürəkən onların yaşayış yerinin regiona yaxın olub-olmaması araşdırılır. Yaşayış yeri regiona uzaq olan şəxslər işə götürülmür”.
Qurumun sözçüsü onu da qeyd edib ki, vəziyyətdən şikayətçi olan şəxslər ancaq fərdi qaydada “Azəriqaz" İB-yə müraciət edə bilərlər: “Şikayət edən şəxs hansı xidmət sahəsində çalışırsa, həmin xidmət sahəsi üzrə regional xidmət idarələrinə yazılı surətdə ərizə ilə müraciət edə bilərlər. Bundan sonra müraciətinə baxılaraq müvafiq tədbir görülə bilər”.
“Ancaq bu, yüzlərlə, minlərlə adama şamil olunmur. Hər hansı bir şəxsin çalışdığı sahə ona məsafə baxımından uzaq düşürsə, hər hansı çətinlik yaranırsa, ancaq həmin şəxs müraciət edə bilər. Və ancaq həmin şəxsin müraciətinə baxıla bilər” – deyə Kərbəlayev vurğulayıb.