"Çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub"
“Ermənistanın yeni Konstitusiyasının mətnində Müstəqillik Bəyannaməsindən bəhs edilməməlidir”. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bu ay dərc olunması planlaşdırılan Ermənistan Konstitusiyasının yeni mətnindən Müstəqillik Bəyannaməsinin çıxarılmasına dair mövqeyinin dəyişməz qalıb-qalmadığı sualına cavab olaraq deyib.
"Mən artıq bu məsələyə toxunmuşam və mövqeyimi dəyişməyə ehtiyac görmürəm. Bəli, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsindən bəhs edilməməlidir. Və niyə belə olduğunu izah edim: çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqinə tabe ola bilmərik", - deyə Paşinyan qeyd edib.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan əvvəllər Ermənistanın yeni Konstitusiyasının mətninin 2026-cı ilin mart ayında dərc olunacağını bildirmişdi.