Hansı öldürücüdür: beyinlərə yeridilən qorxu, yoxsa mutasiya etmiş virus?

Aktual

22.12.2020 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Professor: “İnsan inkişaf dövründə 200-220 dəfə oxşar simptomlara malik mikrob, göbələk, virus infeksiyasına tutula bilər”

 

İngiltərədə koronavirusun mutasiya etməsi xəbəri dünyada az qala panikaya səbəb olub. Mütəxəssislər virusun bu növünün daha yoluxdurucu olduğu qənaətindədir və sürətlə yayıldığını deyirlər. Lakin xəstəliyin ağır keçməsi, öldürücülük qabiliyyətinin nə dərəcədə olması barədə hələ dəqiq məlumatlar yoxdur. Bununla bağlı araşdırmaların davam etdiyi deyilir.

 

Belə olduğu halda insanlarda virusa yoluxma qorxusu artdığı kimi, sınaqdan çıxarılmış və artıq istifadəsinə başlanmış vaksinlərin virus üzərində təsirinin olub-olmayacağı ilə bağlı narahatedici sual yaranır. Qeyd edək ki, mutasiya etmiş koronavirus barədə hələlik mütəxəssis fikrindən çox suallar var. Ancaq bir sıra mütəxəssislər, virus mutasiya etsə də, vaksinin təsirli olacağını bildirirlər.

 

Belə ki, Avropa Molekulyar Biologiya Laboratoriyasının baş direktor müavini Evan Birney “The Guardian” qəzetinə bununla bağlı açıqlamasında, COVID-19 üçün hazırlanan peyvəndlərdə virusun fərqli növləri üzərində sınaqdan keçirilən testlər edildiyini söyləyib. Onun sözlərinə görə, peyvəndlərin virusa qarşı təsirli olacağını deməyə dair kifayət qədər əllərində əsasları var, lakin bu istiqamətdə araşdırmalar davam etdirilir.

 

Eyni zamanda, Britaniyanın səhiyyə naziri Matt Hankok da mövcud peyvəndlərin virusun yeni növündə işə yaramayacağına dair hər hansı dəlil olmadığını və peyvəndlərin planlaşdırıldığı kimi vurulacağını deyib. Mütəxəssislərin fikrincə, peyvənd orqanizmdə koronavirusa qarşı ümumi immunitet yaratdığına görə, hansısa dəyişikliyin buna təsiri gözlənilmir. Onlar bildirirlər ki, laboratoriyalarda araşdırmalar davam etdirilir, peyvəndin həm əvvəlcədən virusa yoluxmuş, həm də yoluxmamış insanlarda təsirini araşdırmalardan sonra biləcəyik.

 

Qeyd edək ki, İngiltərədə “Pfizer”/”BioNTech” peyvəndinin istifadəsi təsdiqlənib və 130 mindən çox insan peyvənd edilib.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev AYNA-ya deyib ki, insanlığı nə COVID-19, nə də virus mutasiyaları və digər xəstəliklər öldürəcək: “Onları düşünülərək beyinlərə yeridilən qorxulu fikirlər, ruhi sarsıntı, psixoloji gərginlik, “dəli vəziyyətinə gətirilmək” məhv edəcək. Mən COVID-19-un mutasiya variantları haqqında dəfələrlə yazmışam. Düzdür, COVID-19 otuz minə yaxın ardıcıl sıralanan nukleotiddən təşkil olunmuş, ən uzun RNT zəncirinə malik virusdur. Buna görə də reproduksiya halında onun çox “tip müxtəlifliyi” meydana çıxa bilər. Bunlara da məlum səbəbdən və rahat olsun deyə mutasiyalar (mutantlar) deyilir”.

Musa Qəniyev — Vikipediya

“Məsələn, spontan mutasiya, bələdləşmə mutasiyası, uyğunlaşma mutasiyası, virus RNT-nin letal mutasiyası və s. Əslində, virusun letallıq əmsalı xələfində böyük olan serotipinin əmələ gəlməsi (buna virusun “özünüqoruma yaşam induksiyası” deyilir) halı həqiqətdə mutasiya adlandırılmalıdır. Axı, bu latın termininin - mutasiya sözünün mənası “genomun mütəq dəyişikliyi”, yəni hüceyrə və ya orqanizmin öz xələfindən müəyyən, bazal gen ardıcıllığını alması deməkdir”, - mütəxəssis bildirib.

 

Qəniyevin sözlərinə görə, ən aqressiv virusun bu şəkildə dəyişilməsi, yəni əsil mutasiyası üçün 8-10 il və daha artıq müddət lazımdı: “Odur ki, COVID-19-un insanlarda vahimə və qorxu yaratmaq məqsədilə (ya bilərəkdən, ya da bilməyərəkdən - fərq etməz) söylənilən B1.1.7 SARS-CoV-2, nə bilim, “qatil” və s. adlandırılan forması yeni mutant virus deyil, yalnız əvvəldə söylədiyim “tip müxtəlifliyindən”biridir”.

 

Professor virus barədə səslənən qorxulu fikirlərdən uzaq olmağın daha faydalı olacağını qeyd edib: “İnsan orqanizmi və elmin əlifbasını bilməyən bir əcnəbi aliminin nəyinsə xatirinə yazdığı bu cəfəng fikirləri, ümumiyyətlə, oxumayın. Bilirsiz, bizim millətin gen spesifikliyi var. Biz heç bir vaxt özümüzünkünün dediyi ən ağıllı sözə inanmır, dini, əqidəsi, mənşəyi və məramının nə olduğunun fərqinə varmadan hansısa bir əcnəbi (o mütəxəssis olmasa belə) söylədiklərini əlimizdə bayraq edirik”.

 

“İstəyirəm ki, biləsiz, postnatal inkişaf dövründə (anadan olandan, bu dünyadan gedənə qədər) insan 200-220 dəfə (ildə 2-3-4 dəfə) oxşar simptomlara malik mikrob, göbələk, virus infeksiyasına tutula və buna görə də boğazı, başı, əzələləri ağrıya, temperaturu ola bilər. Bu, insanın koronavirusa yoluxması deyil, koronavirus yalnız bu infeksiyalardan biridir. Odur ki, gərginlik və stressdən uzaq olun, hər deyilən və yazılanlara inanmayın. İnsanın ömrü koronavirussuz belə, onsuz da çox uzun deyil, ən yaxşı halda, inkişafın cəmi 4 mislidir. Odur ki, böyük Allahın sizə bəxş etdiyi bu ömür payını mənalı yaşayın. COVID-19-u düşünüb bəd xəyallara qapılmamaq şərtilə”, - müsahibimiz vurğulayıb.

Müəllif: Aləmdə Nəsib