Paşinyan müxalifəti ittiham edir: “Hakimiyyətə qanla gəlmək istəyirlər”

Dünya

27.11.2020 - 15:19

“Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik”

 

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa etdiyi televiziya müraciətində müxalifətin ölkədə xaos yaratmaq və müharibəni Ermənistanın içərisinə istiqamətləndirdiyini deyib.

 

AYNA erməni mediasına istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, Ermənistan müxalifəti hər zaman olduğu kimi qanla hakimiyyətə qayıtmaq istəyir: “Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Bunu biz hakimiyyətdə möhkəm qalmağımız üçün deyil, erməni xalqının bunu istəmədiyi üçün edəcəyik. Müxalifət qüvvələri bu gün hakimiyyətə qarşı dezinformasiya yayır. Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər”.

 

Qeyd edək ki, Ermənistanda 17 müxalifət partiyası Baş nazir Nikol Paşinyan tərəfindən Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanata etiraz edərək İrəvanda mitinqlər keçirirlər. Müxalifət Baş nazirin istefasını, xilasetmə komitəsinin yaradılmasını və üçtərəfli bəyanatın bəzi müddəalarının dəyişikliyini tələb edir.

Müəllif: Ayna.az