Parlamentdə rüsumların artırılmasına sərt reaksiya: “Camaat bunu ödəyə biləcəkmi?”

Cəmiyyət

24.11.2021 - 19:15

Deputat: “Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Cəmiyyətin çox ciddi hissəsinin əsəbləri ilə oynayırıq”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Dünən və bu gün keçirilən iclasların gündəliyinə ümumilikdə 24 məsələ daxildir. Onlardan 3-ü (2022-ci il dövlət büdcəsi haqqında, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihələri) noyabrın 23-də keçirilən iclasda müzakirə edilərək ikinci oxunuşda qəbul edilib. Digər 21 məsələyə isə bu gün baxılıb.

İclasda Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu müzakirəyə çıxarılıb. Belə ki, 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi təklif edilib. Məsələ səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Komitə sədri: “Yaxın gələcəkdə yəqin ki, ehtiyac meyarı olmayacaq”

Toplantıda “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.

Müzakirə zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, yaxın gələcəkdə yəqin ki, ehtiyac meyarı olmayacaq: “Bu məsələ gələcək hədəflərdən biridir. Ünvanlı sosial yardımı təyin etmək üçün yaşayış minimumundan istifadə edəcəyik".

Müzakirələrdən sonra təklif səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Siyavuş Novruzov: “Vergi güzəştləri bütün Qarabağ veteranlarına şamil olunmalıdır”

İclasda Vergi Məcəlləsinə dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə görə, Vətən müharibəsi şəhidləri ilə yanaşı, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilir. Eyni zamanda, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.

Dəyişiklik layihəsinin parlamentdə birinci oxunuşda qəbul olunan varinatına əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergisindən azad edilməsi təklif olunurdu. Amma banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmirdi.

Deputat Siyavuş Novruzov müzakirə zamanı bildirib ki, yeni qanun layihəsində İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərin nəzərdə tutulur:

“Birinci Qarabağ müharibəsinin şəhid ailələri də bu məsələni soruşur. Bu məsələyə aydınlıq gətirilməsi vacibdir. Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələri, əlilləri, qazilərinə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Deputat: “Dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanır, əksinə, bəzən əlavə xərclərin altında qalır”

Parlamentdə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklifinə də baxılıb. Dəyişikliklə qanunda "vəkil qurumu" anlayışı dəqiqləşdirilir. Belə ki, vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılıb, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.

"Bu gün Vergi məsəlləsi kontekstində məsələyə baxırıqsa deməliyəm ki, vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur", - deyərək çıxışına başlayan deputat Bəhruz Məhərrəmov bildirib ki, bu mənada digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkilə də təmin olunmalıdır: "Eyni zamanda, vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. “Əmək Pensiyaları Haqqında” qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da, vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük”.

“Başqa bir məqam, dövlət hesabına hüquqi yardıma ayrılan vəsaiti gündəmə gətirmək istəyirəm. Əvvəl dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğ 2 manat idi. Cənab Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı və hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 6 manat çatdırdı. Bir daha deyim ki, dövlət başçımız artımla bağlı konkret rəqəm ifadə etməmişdi, iradə çox konseptual idi və mahiyyəti ondan ibarət idi ki, artım ağlabatan olsun”, - deyə millət vəkili söyləyib.

B.Məhərrəmov vurğulayıb ki, artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanır, əksinə, bəzən əlavə xərclərin altında qalır: “Bu mənada hökumətdən xahiş edirəm, cənab Prezidentin iradə ifadəsini rəhbər tutaraq ödənişsiz hüquqi yardıma görə dövlət hesabına ödənilən məbləğə bir də baxsın. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə, dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Mən demirəm vəkil vergi verməsin, amma heç olmasa dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır".

“Vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox bizim üçün yeni perspektivlər deməkdir: "Çünki, güclü vəkillik insan hüquq və azadlıqların səmərəli təmini deməkdir, güclü ədalət mühakiməsi deməkdir. Güclü müstəqil vəkillik və müstəqil məhkəmə isə iqtisadi inkişaf, investisiyaların cəlbi üçün həlledici amillərdən biridir. Bu mənada mən hökumət üzvlərindən xahiş edirəm, bu problemə diqqət yetirilsin. Mən eyni zamanda, Mediasiya institu ilə bağlı da analoji mövqeni dilə gətirmək istəyirəm. Bu təsisat hələ yeni formalaşır, bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. İndi bir müddət öncə Vəkillər Kollegiyası təsiata müəyyən yardım etdi, hesab edirəm ki, hökumət yaxın 1 yaxud iki il ərzində Mediasiya strukturlarına yardımda biulunub təsiatı gücləndiməlidir. Habelə, mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib problemlərdəndir".

Sabir Rüstəmxanlı: “Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir”

İclasda daha sonra “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər ikinci oxunuşda müzakirə olunub. Dəyişiklik təklifinə əsasən, Azərbaycanda yığılan dövlət rüsumları rüsumu toplayan orqanın büdcəsinə deyil, birbaşa dövlət büdcəsinə yönəldiləcək.

Qeyd edək ki, dəyişikliyə əsasən, bundan sonra bütün dövlət rüsumları vahid qaydada qanunla tənzimlənəcək. Bundan əvvəl isə dövlət rüsumları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi. Qanuna dəyişiklikdə bir sıra dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi, bir sıra yeni rüsumların tətbiq edilməsi təklif edilir.

Rüsumlarla bağlı danışan deputat Sabir Rüstəmxanlı sərt tənqidi fikirlər səsləndirib. Millət vəkili rüsumların 50-60 faiz artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyini vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağıı araşdırmaq lazım olduğunu söyləyib: “Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay unutsan, ödəməsən cərimə şişib 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır. Cəmiyyətin çox ciddi hissəsinin əsəbləri ilə oynayırıq. Sanki bir məsuliyyət yoxdur. Bunu qarşılığında kimsə dilə gəlməlidir”.

Komitə sədri: “Hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə S.Rüstəmxanlıya cavabında deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: “Bəzi rüsumlarda 20 faiz, bəzilərində 30-50 faiz artım var. Elələri var ki, tez-tez rast gəlinməyən rüsumlardır. Təbii ki, istənilən artım əhalinin cibinə təsir edir. Amma buna paralel olaraq, hökumət maaş və pensiyaların artımı ilə bağlı da qərarlar qəbul edir. Ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür. Bütün dünyada cərimə o qədər sərt olur ki, insanlar bundan çəkinib qayda pozmasınlar. Dəbbə pulunun çox olmaması üçün bizim çalışmamız olacaq. Dəbbə pulunun çox olması ilə bağlı fikrə qatılıram”.

Qanuna dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib. İclasda gündəlikdə olan digər məsələlər də müzakirə olunub.

Müəllif: Anar Bayramoğlu