Parisdə Olimpiya Oyunları ərəfəsində ən böyük gecəqondu dağılıb

Dünya

18.04.2024 - 10:59

300-dən çox gecəqondu sakini əşyaları ilə birlikdə Orlean və Bordoya aparılıb

Fransada keçiriləcək Olimpiya Oyunları ərəfəsində polis Parisi evsizlərdən və qeyri-qanuni miqrantlardan təmizləməyə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, hüquq-mühafizə orqanları sakinləri Parisin şimal kənarındakı ölkənin ən böyük gecəqondu məhəlləsindən qovub.

Bir vaxtlar avtobus şirkətinin ofisi olan tərk edilmiş binada 450-yə yaxın insan yaşayırdı. Onların demək olar ki, hamısı Fransanın yerli sakinləri deyil. Onların bəziləri qeyri-qanuni mühacirlər, digərləri isə qaçqın statusu və ya başqa bir yaşayış icazəsi olan qanuni rezidentlər olub.  Onların bir çoxu işlə təmin olunsa da, ev tapa bilmirdi. Gecəqonduda yaşayanlar arasında 50-yə yaxın qadın və 20 uşaq olub, ən azı 10 uşaq rayon məktəbində oxuyurdu.

“Le Monde”nin məlumatına görə, binaya avtobuslar gətirilib. Polisin nəzarəti altında 300-dən çox gecəqondu sakini əşyaları ilə birlikdə Fransanın mərkəzindəki Orlean və ölkənin cənub-qərbindəki Bordoya aparılıb. Bu şəhərlərdə məcburi köçkünlərə hansı sosial yardımların veriləcəyi dəqiqləşdirilməyib.

Bir neçə ildir gecəqondu sakinlərinə qulluq edən tibb işçisi Paul Alauzi sakinlərin köçürülməsini "Olimpiyadadan əvvəl sosial təmizləmə" adlandırıb.

Alauzinin sözlərinə görə, gecəqondu sakinlərinin əksəriyyəti Sudan, Efiopiya və Eritreyadandır. Üstəlik, onların yarıdan çoxu Fransada qanuni yaşayır, çoxu işləyir. Bununla belə, həkimin sözlərinə görə, miqrantlar gündəlik irqçiliklə üzləşirlər: ev sahibləri çox vaxt bütün sənədləri olsa belə, onlara mənzil kirayə verməkdən imtina edirlər və insanlar tərk edilmiş binalarda yaşamalı olurlar.

Müəllif: Ayna.az