Öz aralarında dalaşanların Bakı ilə İrəvanı barışdırmaq cəhdi

Siyasət

28.02.2024 - 13:35

Politoloq: “İndiki şəraitdə sülh sazişinin imzalanması mümkün görünmür”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında bu gün və sabah Berlində görüş keçiriləcək. Erməni mediasının yaydığı məlumata görə, nazirlər danışıqlarda sülh sazişi ətrafında müzakirələr aparacaqlar. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib ki, nazirlərin görüşü barədə razılaşma fevralın ortalarında Almaniya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə əldə olunub.

Azərbaycan XİN-dən görüşlə bağlı məlumat təsdiqlənib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə 28-29 fevral tarixlərində Berlində nazirlərin görüşəcəyini bildirib.

Yəni ki, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək. Analitiklər XİN rəhbərlərinin Berlində bir araya gəlməsini Qərb platformasında danışıqların bərpası kimi qiymətləndirirlər. Ekspertlər hesab edirlər ki, Avropa məkanında sülh müzakirəsinin aparılması müsbət xarakterizə oluna bilər.

Azad Demokratlar Partiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər nazirlərin Berlin görüşü ilə bağlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, liderlərin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü və vasitəçiliyi ilə görüşündə əldə olunan razılaşmaya əsasən, belə bir danışıqların olması gözlənilən idi:

- Liderlərin Münhendəki görüşündən sonra verilən açıqlamalardan aydın olurdu ki, həm XİN başçılarının görüşü, həm də delimitasiya üzrə komissiya üzvlərinin təmasları razılaşdırılıb. Nazirlərin Berlində görüşü yeni formatdır. Hesab edirəm ki, belə görüşlərin intensivləşməsi ümumi prosesin xeyirinədir. Nazirlərin görüşündə hansısa razılaşmanın olmasını, sənədin imzalanmasını gözləmək çətindir. Çünki bu, geopolitik münaqişədir və geopolitik sabitlik yaranmayanadək, qlobal münasibətlər aydınlaşmayanadək sülh sazişinin imzalanması mümkün görünmür. Hələlik saziş imzalanması üçün əlverişli şərait yetişməyib. Əgər hansısa sənəd, sülh sazişinin çərçivə sənədinin imzalanması nəzərdə tutulurdusa, bunun üçün ən uyğun yer Brüssel və ya Vaşinqton ola bilərdi.

- Niyə Berlin yox?

- Bu gün təşəbbüs uğrunda mübarizə gedir. Hazırda Rusiya və Fransa prosesdən kənarda qoyulub - biri Azərbaycanın, digəri Ermənistanın imtinası ilə. Vaşinqton və Brüssel bu mənada önə çıxır. Məsələ burasındadır ki, Brüssel Avropa Birliyinin simvolik təmsilçisidir. Fransanın kənara qoyulması fonunda Almaniyanın təşəbbüskar, vasitəçi olaraq önə çıxarılması onu göstərir ki, prosesdə yeni bir intiriqa ocağı yaranır. Bu intiriqa Berlində ilk təmasdan çərçivə anlaşmasını imzalamağa imkan vermir. Baxmayaraq ki, cərçivə sazişi prinsipcə hazırdır.

- Əgər belə bir sənəd hazırdırsa, o zaman bunun imzalanmasına mane olan nədir, yaxud hansı tərəfdir?

- Əvvəldə dediyim kimi, geopolitik şərait hələlik sabit deyil. Bu, əsas əngəllərdən biridir. Yenə deyirəm, gələcək sülh müqaviləsinin əsas prinsiplərini özündə əks etdirən çərçivə sazişi hazırdır. Əsas prinsiplərdə tərəflər, yəni Azərbaycan və Ermənistan razılaşıb. Əgər söhbət daha detallı yekun sülh sazişindən gedirsə, bu, daha detallı sənəd tələb edir. Bu sənəd isə hələlik razılaşdırılmayıb. Çərçivə anlaşması odur ki, orada razılaşmanın əsas prinsipləri müəyyənləşir. Daha detallı razılaşma isə çərçivə sənədindəki prinsiplərin açılmasını özündə əks etdirir. Bakı və İrəvandan verilən açıqlamaları təhlil etdikdə görürük ki, ilkin prinsipial razılaşma mövcuddur. Amma yekun sülhü əhatə edən sənədə ehtiyac var ki, bunun imzalanması indiki şəraitdə mümkün görünmür. Bu, məncə, vaxt aparacaq. Beynəlxalq birlik sülh sazişinin sürətlənməsini istəyirsə, geopolitik planda bu, onlara regional inkişaf üçün lazımdırsa, çərçivə sazişini imzalanamaq asandır.

- Dediniz ki, Almaniyada görüş intiriqa yaradır. Bu intiriqanın səbəbi nədir?

- Məlumdur ki, Almaniya və Fransa Avropanın Birliyinin iki aparıcı, eyni zamanda, rəqabətdə olan dövlətidir. İkincisi, Avropa Birliyi və NATO-dakı Avropa ölkələri arasında liderlik uğrunda mübarizə gedir. Avropa yeni geosiyasi kontekstdə liderliyi öz üzərinə götürmək iddiasındadır. Bu rəqabət, mübarizə intiriqanın yaranmasına əsas səbəbdir. Biz istəyirik ki, bütün maraqlı tərəflərin iştirakı ilə sülh imzalansın, amma indiki geopolitik vəziyyətdə bu, mümkün deyil. Hazırda qlobal güclər müharibə şəraitindədir. Belə olan halda necə bir yerə yığışıb Azərbaycan-Ermənistan sülh sazişinə dəstək verə bilərlər? Ona görə də düşünürəm ki, yaranan intiriqalar, qlobal güclərin bir-birinə münasibəti prosesi ləngidir.

- Rusiyanın burada mövqeyini necə qiymətləndirmək olar?

- Moskva Qərb platformasında danışıqlara, hansısa razılaşmalara qarşıdır. Rusiya danışıqların 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanat əsasında aparılmasında, hansısa razılaşma olarsa da, bunun Rusiyanın vasitəçiliyi ilə əldə olunmasında maraqlıdır. Moskva bu istəyini gizlətmir, bütün səviyyələrdə Rusiya tərəfindən bu, bəyan edilib. Rusiyanın niyyəti budur ki, proses nəzarətindən çıxmasın, vasitəçi də, təminatçı da özü olsun. Lakin Rusiyanın nəzarətçiliyi və təminatçılığı Azərbaycanın milli maraqlarına cavab vermir. Ermənistan da birmənalı olaraq Rusiyanın vasitəçiliyinə qarşıdır. Moskva isə onun maraqlarına uyğun olmayan addımların qarşısını almaq üçün hər vasitəyə əl atır, atacaq.

Müəllif: Anar Bayramoğlu