“Trampın Ukrayna münaqişəsinə son qoymaq planı Macarıstanın baxışları ilə üst-üstə düşür”
ABŞ-ın keçmiş Prezidenti, payızda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olacağı ehtimalı böyük olan Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq planı var. AYNA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “M1” telekanalına müsahibəsində bildirib.
Martın 8-də Floridadakı malikanəsində Trampla görüşən Macarıstan hökumətinin başçısı, deyib ki, Trampın müharibəni bitirmək üçün kifayət qədər ətraflı planları var: “Lakin bu planların mahiyyəti haqqında danışmaq səlahiyyətim yoxdur”.
Orban təfərrüatlara varmadan qeyd edib ki, Trampın Ukrayna münaqişəsinə son qoymaq planı Macarıstanın baxışları ilə üst-üstə düşür.
“Bundan əlavə, hamı bilir ki, Tramp ABŞ Prezidenti olanda Ukraynada və Yaxın Şərqdə, ümumiyyətlə dünyada heç bir silahlı münaqişə olmayıb. Ona görə də onun bu vəzifəyə qayıtması halında nə olacağını dəqiq bilirik. Biz onun keçmiş prezidentlik fəaliyyətini bilirik, onun necə bir insan olduğunu bilirik”, - Orban vurğulayıb.