“Onların yoluxmama ehtimalı 70, reanimasiyaya düşməmə ehtimalı isə 99 faizdir” - <font color=red> DEPUTAT</font>

Cəmiyyət

29.07.2021 - 13:05

Həkimlər Klinikalar SEO Xidməti

Müşfiq Məmmədli: “Əhalinin 80%-i iki doza peyvənd qəbul etdikdən sonra pandemiya təhlükəsinin aktual olmadığını deyə bilərik”

 

Sentyabr ayının 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün 18 yaşdan yuxarı şəxslərdən COVID-19 pasportu tələb ediləcək. Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilir.

 

Qərardan bir neçə gün keçməsinə baxmayaraq, COVID-19 pasportu üçün peyvənd olunmaq istəyənlərin sayında artım müşahidə edilməsini həkimlər də təsdiqləyirlər. Bu da təbii ki, peyvəndləmə məntəqələrində sıxlığın, növbələrin daha da artacağı barədə ehtimal yaradır.

 

Eyni zamanda, sentyabr ayının 1-nə təxminən bir ay vaxt qalıb. Bu zaman dilimində peyvənd üçün müaricət edənlərin hansısa çatışmazlıqlarla qarşılaşacağı da qərardan sonra səsləndirilən ehtimallardandır. “Sinovac” peyvəndinin effektivliyinə inamsızlıq, üçüncü dozanın tövsiyə edilməsi və s. kimi narahatlıqlar da öz yerində.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli AYNA-ya açıqlamasında deyib ki, səhiyyə sistemimiz həm işçi, həm də infrastruktur baxımından peyvəndləmə prosesində kifayət qədər imkanlara iqtidarındadır: “Səhiyyə sistemimiz bunun öhdəsindən gələ bilər. Bunu əlimdə olan səhih məlumatlar, gözümlə gördüyüm faktlar əsasında deyirəm. Kifayət qədər infrastruktur qurulub. Bəli, son günlər vaksin olunanların sayında artım müşahidə edilir. Səhiyyə sistemimiz bunun iki-üç qatını da çatdırmaq iqtidarındadır”.

 

Deputat hesab edir ki, vaksinasiya prosesində daha çevik davranmalıyıq: “Vaksinasiyanın qısa müddət ərzində həyata keçirilməsi risklərin qarşısını alır. Çünki müəyyən bir müddətdən sonra antitellərin miqdarı azalır. Buna görə də qısa müddət ərzində daha çox sayda insanın vaksin olunmasına nail olmalıyıq ki, riskləri aradan qaldıra bilək”.

 

“Sinovac” peyvəndinin effektivliyinin aşağı olması ilə bağlı ictimaiyyəti narahat edən məqama isə müsahibimiz belə münasibət bildirib: “Bizim əlimizdə faza çalışmaları ilə bağlı məlumat var. İki dozada “Sinovac” peyvəndi qəbul etmiş şəxsdə 70% immunitet formalaşır. Yəni üçüncü faza çalışmaları onu göstərir ki, virusdan qoruma həddi 70%-75% həddində olur. Yoluxarkən isə kliniki əlamətlərin müşahidə edilməməsi 90%-dən yuxarıdır. Reanimasiyaya düşməmə ehtimalı isə 99%-dir. Bunlar beynəlxalq araşdırmalar nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi faktlardır. Ümumiyyətlə, dünyada qəbul edilmiş COVID-19 peyvəndlərinin qoruyuculuğu kifayət qədərdir”.

 

Vaksinasiyada üçüncü doza ilə bağlı məqama qaldıqda, Məmmədlinin fikrincə, bu barədə növbəti mərhələdə – ikinci dozada qənaətbəxş nəticə əldə edildikdən sonra geniş müzakirələr aparmaq lazımdır: “Bizim hələ qarşıda görəcəyimiz iş çoxdur. Bu qısa müddət ərzində iki doza peyvənd qəbul etmiş insanlarımızın sayını 80% həddinə çatdırmalıyıq. Bu da altı milyon insan deməkdir. Yalnız bu halda pandemiya təhlükəsinin aktual olmadığını deyə bilərik”.

 

“Ona görə bu hədəfə nail olmadan növbəti hədəflərin müzakirəsini düzgün hesab etmirəm. İkinci doza ilə bağlı hədəfimizə nail olduqdan sonra üçüncü doza barədə tövsiyələri müzakirə etməyimiz daha doğru olar. Üçüncü dozanın vurulması hələ tövsiyə xarakterlidir. Bu barədə qətiləşmiş qərar yoxdur. Hələlik sadəcə altı aydan sonra üçüncü dozanın qəbul edilməsi tövsiyə olunur. Ona görə biz konkret hədəflərimizi həyata keçirməliyik. Yalnız bundan sonra möhkəmləndirici doza barədə danışmaq olar”, - deyə deputat fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş